Sosial şəbəkələrdə cinayətkarlara haqq qazandıranlar niyə artır? - Azay Quliyevdən açıqlama

Sosial şəbəkələrdə cinayətkarlara haqq qazandıranlar niyə artır? - Azay Quliyevdən açıqlama
SOSİAL
15:02 17.10.2025
162
Xəbər verdiyimiz kimi, dünən Monteneqrodan geri dönən Sabuhi Hacızadə adlı şəxs həyat yoldaşı Mətanət Hacızadəni qətlə yetirib. Hadisədən sonra 32 yaşlı Səbuhinin meyiti kənd ərazisində ağacda asılı halda tapılıb. Hadisə cəmiyyətdə böyük təəssüf və qəzəb doğurub.

Deputat Azay Quliyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, heç bir hal insanın həyatına son qoymaq üçün əsas ola bilməz:

"Heç bir hal insanın həyatına son qoymaq üçün əsas ola bilməz. Bu baxımdan qanunlar tətbiq olunur və həmin şəxslər qanun qarşısında ən ağır cəzanı alır. Bu məsələnin həm də sosial və ictimai tərəfi var. Ailə və məişət zorakılığı zəminində kifayət qədər belə hallar olub. Burada sual yaranır ki, indiyə qədər kimsə müvafiq orqanlara məlumat veriblərmi? Mən inanmıram ki, belə davranışlar barədə müvafiq qurumlara məlumat çatdırılıb. Məsələn, aidiyyəti orqanlar bu məsələyə vaxtında müdaxilə etsəydi, problem bu həddə çatmazdı. Bəzi insanlar zorakılığı əhəmiyyətsiz hesab edir, aidiyyəti üzrə hərəkət etmirlər və bunun nəticələri geniş yayılır”.

Parlamentari deyib ki, sosial şəbəkələrdə belə cinayət törədən şəxslər normal təqdim olunur:

"Hazırda sosial şəbəkələrdə və onlayn platformalarda zorakılığı törədən şəxslər, bəzən yanlış olaraq qəhrəmanlaşdırılır. Bu, təhsili və dünyagörüşü zəif olan insanlar üçün mənfi nümunə yaradır. Ona görə də, bu cür halları sosial şəbəkələrdə normallaşdıran məzmunlara qarşı sərt addımlar atılmalıdır”.

Deputat qeyd edib ki, uşaqların hüquqlarının pozulması, xüsusilə onlayn hüquqların pozulması məsələsi də çox aktualdır:

"Bizim qanunvericilikdə bu məsələyə baxılması üçün Milli Məclisdə işıqlandırmağı düşünürəm. Sosial platformalarda uşaqların psixologiyasına zərər verən məzmun paylaşılır, bu isə onların aqressivliyini artırır və mənfi təsir göstərir. Valideyn filtri və digər qoruyucu mexanizmlər burada çox vacibdir”.

A.Quliyev əlavə edib ki, sosial tərəfdən, ailə zorakılıq hallarının qarşısının alınması cəmiyyət üçün çox önəmlidir:

"Yanaşmalar dəyişməli, insanlar bu məsələyə fərqli baxmalıdır. Qanunvericilik baxımından zorakılıq hallarında dərhal müdaxilə olunmalı, məcburi tədbirlər tətbiq edilməli və potensial cinayət törədə biləcək şəxslər ailədən uzaqlaşdırılmalıdır. Bu məsələdə diqqətli olmaq, həm qanunvericilik, həm də sosial müdafiə baxımından zəruridir. Hər kəs məsuliyyətini dərk etməli və zorakılığın qarşısının alınmasına dəstək verməlidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR