"Sosial şəbəkələrdə Ərdoğan əleyhinə anormal, məntiqsiz açıqlamalar görürük" - Deputat

"Sosial şəbəkələrdə Ərdoğan əleyhinə anormal, məntiqsiz açıqlamalar görürük" - Deputat
SİYASƏT
15:30 10.03.2023
295
Türkiyədə Prezident seçkiləri yaxınlaşır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə prezident və parlament seçkiləri üçün ən uyğun tarixin mayın 14-nü hesab etdiyini qeyd edib.

Seçkiöncəsi Türkiyədə Rəcəb Tayyib Ərdoğan əleyhinə müxalifyönlü qüvvələrin tənqidi fikirləri səsləndirilir. Bu cür məsələlər təkcə Türkiyədə deyil, Azərbaycanda bəzi sosial şəbəkə istifadəçilər arasında da müşahidə olunmaqdadır. Belə ki, sosial şəbəkələrdə Ərdoğan əleyhinə tənqidi və qərəzli fikirlərin şahidi oluruq ki, bu da Türkiyə vətəndaşlarının diqqətindən kənarda qalmır.

Bəs bu cür məsələlərdə necə davranmaq lazımdır? Belə qərəzli fikirlər səsləndirənlər kimlərdir?

Milli Məclisin deputatı Ceyhun Məmmədov AZXEBER.COM-a açıqlamasında məsələ ilə bağlı fikirlərini bildirib.

O qeyd edib ki, sosial şəbəkələrdə bu cür yanaşmalar düzgün deyil:

"Bu məsələdə hər birimiz diqqətli olmalıyıq. Biz sosial şəbəkələrdə belə yanaşmaları görürük. Mən hesab edirəm ki, bu yanaşma düzgün deyil. Türkiyədə gedən proseslər bizim üçün önəmlidir və bizdə həssaslıq doğurur. Amma nəzərə almalıyıq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin bu günə gəlib çıxmasında, güclənməsində, möhkəmlənməsində, daha da güclü olmasında müstəsna xidmətləri var, bu, birmənalıdır”. 

Deputat qeyd edib ki, hansısa fərqli düşüncə təhqirə, şəxsiyyətin alçaldılmasına aparıb çıxarmamalıdır:

"Vətən müharibəsi dövründə və bu gün də Türkiyə bizə ən çox yaxın olan dövlətlərdən biridir. Müharibə dövründə də Azərbaycana çox dəstək oldu, Cənab Prezident də öz çıxışlarında da bu məsələ toxundu. Ona görə də, bu münasibəti, bu hörməti, ehtiramı qorumalıyıq. Nəzərə almalıyıq ki, Türkiyə mətbuatı da Azərbaycan mətbuatını ciddi şəkildə izləyir. Bir sıra hallarda belə yanaşmalar Türkiyə tərəfindən də müsbət qarşılanmır. İndi kimsə bəyənməyə bilər, kimsə fərqli düşünə bilər, amma bu, təhqirə, şəxsiyyətin alçaldılmasına, qərəzli yanaşmaya aparıb çıxarmamalıdır. Biz bütün yanaşmalarımızda Azərbaycan-Türkiyə münasibətlərin stratejiliyini, bu münasibətin önəmini, münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini nəzərdə saxlamalıyıq. Bu məsələyə diqqətlə yanaşmalıyıq”.

"Belə məsələlər zamanı yanaşmalarda da, bəyanatlarda da, açıqlamalarda da diqqətli olmalıyıq. Bəzən çox anormal, qərəzli, çox məntiqsiz, çox düşünülməmiş açıqlamaları da görürük, mən hesab edirəm ki, bu, yolverilməz və qəbuledilməzdir. Bunlar ikitərəfli münasibətlərə də xələl gətirən məsələdir”, - deyə deputat əlavə edib.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR