"Biz hamımız "Qarabağ"ın Çempionlar Liqasında "Rakov" səddini keçərək yoluna uğurla davam etməsini, hətta qrup mərhələsinə düşməsini arzulayırdıq. Alınmadı, məyus olduq".
Bu sözləri Qol.az saytına açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid "Qarabağ"ın ötən gün Bakıda Polşa "Rakov"u ilə heç-heçə edərək (1:1, ilk oyun - 2:3) Çempionlar Liqası ilə vidalaşmasından sonra sosial mediadakı müzakirələrə münasibət bildirərkən deyib.
O, sosial şəbəkələrdə "Qarabağ" rəhbərliyinə, baş məşqçi Qurban Qurbanova və futbolçulara qarşı səslənən fikirlərlə bağlı deyib:
"Məyusluq hamıda var. Amma həm bu dəfə, həm də əvvəlki matçlarda sosial mediada pis bir tendesiyanın daha da genişləndiyinin şahidi oluram. Əlbəttə, sosial media istifadəçilərinin bəzilərinin emosiyalarını başa düşürəm. Bəzilərinin sosial mediada məsuliyyət hisslərinin olmadığı anlaşılandır. Lakin hər halda bir ədalət prinsipi, vicdan, haqqı nahaqqa verməmək məsələsi də var. Bu baxımdan sosial mediada "Qarabağ", Qurban Qurbanov ilə bağlı bəzi fikirlər ikrah doğurur. Hətta bəzən görürsən ki, media rəhbərləri, daha məsuliyyətli olmalı adamlar da "Qarabağ"ın rəhbərliyi, Qurban Qurbanov, onun futbolçuları ilə bağlı həddən artıq emosional, bəzən də təhqirə yol verəcək ifadələr işlədirlər. Bu, insanlarda əlavə məyusluq yaradır".
R.Məcid Ağdam təmsilçisinin həm Azərbaycan futboluna, həm də ölkə siyasətinə böyük töhfələr verdiyini xatırladıb: "Qarabağ" komandası Azərbaycan futboluna çox böyük töhfələr verib. Əvvəla Qurban Qurbanov Azərbaycanda düz, təmiz, halal adamlardan biri, peşəkar insandır.
O, 15 ildir ki, addım-addım, öz təvazökar, təmkinli və peşəkar idarəetməsi ilə "Qarabağ"ı bu səviyyəyə gətirib çıxarıb. "Qarabağ"ın Azərbaycan futboluna böyük töhfələri var. Bu, göz qabağındadır. Bunu görməmək Allahsızlıq, ədalətsizlikdir. "Qarabağ" Azərbaycan futboluna böyük stimul verib. "Qarabağ"adək biz stadiona gedib, məyus qayıdırdıq. Qələbənin dadını bizə "Qarabağ" aşılayıb. Azərbaycan futbol azarkeşlərinin kütləvi şəkildə stadionlara cəlb olunması "Qarabağ"ın hesabına olub. Bu gün mən çox sevinclə "Sabah"ın, "Neftçi"nin oyununa baxıram, orada "Qarabağ" idarəetməsinin, "Qarabağ" şövqünün təzahürlərini görürəm. Məhz "Qarabağ"ın addım-addım, uzun illər qazandığı bu uğurlar həm də Azərbaycan futbolunun gələcəyinə inam yaradıb. Bundan başqa, "Qarabağ"ın son 15-20 ildəki uğurlarının şübhəsiz ki, siyasi tərəfi də var. Torpaqlarımız işğal altında olarkən Ağdam komandasının Çempionlar Liqasının qrup mərhələsində Londonun, Madridin, Romanın komandaları ilə bir qrupda oynaması istər-istəməz insan beyninə "Ağdam haradır?", "Ağdam hansı şəhərdir?", Ağdamın işğal olunması barədə şüuraltı informasiyalar ötürürdü. Bu, Azərbaycan siyasətinə töhfə olan addımlar idi. Bunu başqa bir təbliğatla etmək çətin məsələ idi".
R.Məcid bildirib ki, Azərbaycan futbolu adına böyük uğurlar qazanmış klubun rəhbərliyinə, baş məşqçisinə və futbolçusuna qarşı bu cür iddiaların, ifadələrin səsləndirilməsi məsuliyyətsizlikdən xəbər verir: "Vaxtilə legioner futbolçulardan biri demişdi ki, mən "Qarabağ"da özümü vətənimdəki kimi hiss edirəm. Bir klubda Vətən yaratmaq, xarici futbolçunu da gətirib öz mühitində futbolun, "Qarabağ"ın nə olduğunu aşılamaq böyük keyfiyyətlərdən xəbər verir. Bütün bunları unudub, bir anda hansısa emosionallıqla "Qarabağ"ın rəhbərliyinə, Qurban Qurbanova və futbolçulara qarşı qara yaxmaq, hətta təhqirə çatacaq səviyyədə fikir bildirmək məsuliyyətsizliyin, Allahsızlığın zirvəsidir.
Bu mənada çox arzulayardım ki, sosial şəbəkə istifadəçiləri soyuqqanlı olsunlar, ani hisslərini və hirslərini o dəqiqə statusa çevirib yazmasınlar, ədalətli olsunlar. Ədalət Qurban Qurbanovun özünün xarakterində var. Son oyunda da gördük ki, az-az hallarda öz emosiyalarını büruzə verən Qurban Qurbanov "Rakov"un futbolçularının yalandan vaxtı uzatmaq üçün özlərini yerə atmasına, xəsarət aldıqlarını göstərməklərinə görə hakimlərə irad tuturdu. Belə qələbə, "Rakov"un udduğu kimi əldə edilən qalibiyyət "Qarabağ"ın, Qurban Qurbanovun xarakterinə ziddir. Bu mənada "Qarabağ" nə əldə edibsə, məhz peşəkarlığın, inamın, ədalətin, haqlılığın sayəsində qazanıb".
R.Məcid "Qarabağ"ın yenidən böyük uğurlar qazanacağını və azarkeşləri sevindirəcəyini deyib: "Bu da dünyanın sonu deyil. "Qarabağ" avqustun 10-da yenə oynayacaq. Yenə biz həyəcanla "Qarabağ"ın oyunlarına baxacağıq. İndi heyətdə müəyyən boşluq hiss olunur. Bunu hamıdan çox əlbəttə ki, Qurban Qurbanov görür. Qurban Qurbanov sosial şəbəkə istifadəçilərindən, ona ağıl verənlərdən qat-qat artıq bilir çatışmazlığı. İnanırıq ki, komandanın formalaşması, yeniləşməsi dövrü də rahat keçəcək və "Qarabağ" həmişə olduğu kimi bizi sevindirəcək. Mən Qurban Qurbanova, "Qarabağ" rəhbərliyinə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Yolunuz açıq olsun. Əsl futbol azarkeşləri sizinlədir, sizi dəstəkləyir və sizə uğurlar arzulayır".
Qeyd edək ki, "Qarabağ" yoluna Avropa Liqasında davam edəcək. Komanda 3-cü təsnifat mərhələsində Finlandiya HİK-i ilə üz-üzə gələcək. Ağdam təmsilçisi ilk oyununu evdə keçirəcək.