“Sosial şəbəkələrin verdiyi üstünlüklərdən istifadə edərək başqalarını təhqir etmək…” - Qulu Məhərrəmli

“Sosial şəbəkələrin verdiyi üstünlüklərdən istifadə edərək başqalarını təhqir etmək…” - Qulu Məhərrəmli
SOSİAL
22:54 24.11.2025
175
Xəbər verdiyimiz kimi, sosial şəbəkədə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışların edilməsinə görə cərimə və cəzalar müəyyən edilir.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin "Xırda xuliqanlıq" maddəsinə yeni hissələr əlavə olunması təklif edilir. 

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunub.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli AZXEBER.COM-a açıqlamasında deyib ki, sosial şəbəkələr açıq informasiya, fikir mübadiləsi və ünsiyyət platformasıdır:

"Burada insanlar müəyyən məlumatları paylaşır, öyrənir və bir-biri ilə fikir mübadiləsi aparırlar. Bütün bunlar insanların virtual ünsiyyəti üçün böyük imkanlar yaradır. Amma əlbəttə ki, bu platformaların verdiyi üstünlüklərdən istifadə edərək başqalarını təhqir etmək, ləyəqətsiz statuslar paylaşmaq, kimisə alçaltmaq və ziyanlı siyasi çağrışlar etmək yol verilən davranışlar deyil”.

Professor bildirib ki, insanlar etik qaydalar çərçivəsində fikirlərini ifadə etməlidir:

"İnsanlar etik qaydalar çərçivəsində fikirlərini ifadə etməli və fikir mübadiləsi aparmalıdır. Bu çox normal bir prosesdir. Lakin etik qaydalara uyğun olmayan, cinayət məsuliyyəti yaradan, söyüş və təhqir kimi hərəkətlərə yol verildikdə müvafiq tədbirlər görülməlidir”.

Ekspert deyib ki, hər kəs öz məsuliyyətini bilməli, dediyi sözün çəkisini dərk etməlidir:

"Qorxulu olan odur ki, bəzi hallarda qanunun gücündən istifadə edilərək fikir pluralizminə və ümumi fikirə əks olan fikirləri bildirən insanlara qarşı kampaniyalar aparılır. Bu doğru deyil. Hər kəs öz məsuliyyətini bilməli, dediyi sözün çəkisini dərk etməlidir. Azad söz həm də məsuliyyət tələb edir. Doğrunu söyləmək, yalan məlumat yaymamaq vacibdir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR