Bunlar "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, yazıçı Çingiz Abdullayev və millət vəkili Rəbiyyət Aslanovadır.
Münsiflər heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid məsələ ilə bağlı AZXEBER.COM portalına müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik.
- Pərviz Cəbrayılın "Yad dildə" romanının Milli Kitab Mükafatına layiq görülməsi, münsiflər arasında narazılıqlara səbəb olub. Sizcə əsər həqiqətən mükafata layiq idimi?
- Sovet dövründə kolxozdan yazan zəif əsərlərə mükafat verirdilər, indi isə hökümətin əleyhinə yazılan primitiv əsəri mükafatlandırırlar. Bu nəticəyə etiraz olaraq Çingiz Abdullayev, mən daha sonra isə Rəbiyyət xanım münsiflər heyətinin sıralarını tərk etdik. Bilirsiniz ki, mən keçən il MKM-ə çox böyük həvəslə qoşulmuşdum və onun təbliğatını çox böyük həvəslə aparırdım. Mən hesab edirdim ki, MKM bədii ədəbiyyatın təbliğatına həsr olunmuş obyektiv bir müsabiqədir. Amma, təəssüflər olsun ki, aradan bir il keçməsinə baxmayaraq müəyyən dairələrin təsiri altına düşmüş Milli Kitab Mükafatı bir qrup münsiflər heyətinin üzvünün oyuncağına çevrildi. Və bunun nəticəsidir ki, hökümətin əleyhinə olan çox zəif və primitiv bir əsəri birinci yerə layiq gördülər. Burada ən əsas məsələ əsərin bədii dəyərinin zəif olmasıdır. Nəzərə almaq lazımdır ki, münsiflərdə olan bəzi insanların maraqları əsərlə uyğun gəldiyi üçün “Yad dildə" romanı bu cür qiymətləndirilib. Hesab edirəm ki, münsiflər heyətinin bir qrup üzvü əvvəldən qruplaşmışdı və məqsədli şəkildə Pərvizin əsərini birinci yerə çıxartmağa çalışırdılar. Bizdə bu nəticəyə uyğun olaraq öz istefamızı verdik.
- Bəs sizin MKM-da ən əsas favoritləriniz kim idi?
- Bu il müsabiqədə elə də güclü, qeyri-adi bir əsər yox idi. Amma, Natiq Rəsulzadənin əsəri peşəkarlıq baxımından ən yaxşı əsər idi. Məqsəd Nurun əsərini də bəyənmişdim. Eləcə də Etimad Başkeçidin əsəri maraqlı idi. Mirmehdi Ağaoğlunun əsəri də həmçinin. Mən ümumiyyətlə elə fərqli qiymətlər yazmamışdım. Təbii ki, 3- 4 münsif birləşib bir əsərə 10 bal yazırsa burada onların maraqlarının ön planda olduğu aydın sezilir. Biz amma nəticələrin bu cür primitiv olacağını gözləmirdik. Sadəcə olaraq burada kimlərinsə siyasi maraqları daha ön plana çəkildi. MKM bu il oyuncağa çevrildi.
- MKM-də birləşib Pərvizi birinci edən insanlara AZXEBER.COM vasitəsilə nə demək istərdiniz?
- Mənim heyfim gəlir öz əziyyətimə, öz inamıma. Çünki mən keçən il çox çalışdım ki, MKM-də müəyyən xidmətlər edək. Bu ilki seçim isə sadəcə MKM-ə balta vurdu. Sadəcə çox təəsüflənirəm.
Hacıbəy HEYDƏRLİ