‘‘Space’ rəhbərinin silahlı cangüdəni mənim evimə gəlmişdi' – Qalmaqallı aparıcıdan şok müsahibə

‘‘Space’ rəhbərinin silahlı cangüdəni mənim evimə gəlmişdi
MEDİA
13:48 27.04.2016
3930

AZXEBER.COM aparıcı İdris Cəfərovun “Qafqazinfo”ya verdiyi müsahibəni təqdim edir:

-Artıq bir müddətdir ki, Ukraynada yaşayırsız. Orada nə işlə məşğulsuz?

- İki ildən çoxdur ki, Ukraynada yaşayıram. Burada “All events” adlı özümün yaratdığım şirkətim var. Bir müddət əvvəl isə başqa bir agentlikdə çalışırdım. İndi isə tədbir təşkilatçılığı ilə məşğulam. Rusiya, Ukrayna,ABŞvə Avropa ulduzlarının konsertini təşkil edirik. Modjo, Aleksandra Safonova və başqa ulduzlar bizim vasitəmizlə Bakıda konsert veriblər. Bundan başqa, müxtəlif şoular, Bakıda mağaza və butiklərin açılışının təşkili, ssenari yazılması və.s kimi işləri üzərimizə götürürük. Bu ayın 29-u Kiyevdə Çingiz Mustafayevin konserti baş tutacaq. Sözügedən konsertin təşkilatçısı da bizik. İlhamə Qasımovanın Ukraynadakı mahnı layihəsini də bizim studiya həyata keçirib.

- Siz Vaqif Mustafayevə qarşı vaxtilə müəyyən ittihamlar səsləndirdiz. Televiziya rəhbəri ittihamlara hər hansı bir formada sizə cavab verdi? Sizinlə əlaqə saxladı?

-Mən bunu ittiham hesab etmirəm. Televiziya mənim ayrılmaz bir hissəm idi. 13 il bu sahə üzrə işləmişəm, 10-dan çox layihəm olub. Artıq sıxıntılar mənim televiziyadan uzaqlaşmağıma gətirib çıxardı. Space TV-dən çıxdıqdan sonra bir neçə verilişim yarımçıq qaldı. Mən video vasitəsilə kanaldan getmə səbəbimi açıqladım. İctimaiyyət bildi ki, İdris bu səbəblərə görə televiziyadan gedib. Buradan ittiham etmək, nəsə demək fikrim yox idi. Sadəcə olaraq rəhbərə xəbərdarlıq edildi. Şirkətin sahibi müəyyən qərarlar qəbul etdi. Televiziya daxili bir çox dəyişikliklər oldu. O, mənə hər hansı bir cavab verməli deyildi. Müsahibə almırdım ki, sual verib, cavab alam. Sadəcə olaraq hər kəsin bildiyi məsələdən danışdım. Bunun ardından dəyişikliklər oldu. Yəqin ki, sizin də məlumatınız oldu. “Səhər” verilişinin aparıcısın qaytarılması və.s kimi misallar çəkə bilərəm. Keçmişdə olan bir şey idi, oldu və keçdi. 7-8 il Vaqif Mustafayevlə çalışmışıq, bir çox layihələrdə iştirak etmişik. Buna Neft Fondunun rəsmi filmlərini misal çəkə bilərəm. Vaqif müəllimlə dostluğumuz, işdən əvvəl münasibətimiz olub.

-Ukraynada siyasi sığınacaq aldığınız iddia olunur...

- Mən Polşaya gedəndə də belə ifadələrdən istifadə edirdilər. Deyirdilər ki, İdris Polşaya gedib, siyasi sığınacaq almaq istəyir. O vaxtı da qeyd etdim ki, bu siyasi məsələ deyil, şirkətdaxili olan bir münaqişədir. Bu hadisə ictimai insan olduğuma görə mediada rezenans doğurdu. Bəlkə də yüzlərlə şirkətdə bu cür mübahisələr olur. Siyasi məsələ deyil, Azərbaycanla bağlı heç bir problemim yoxdur. Hadisələrlə əlaqədar yaşayış mühitimi dəyişdim. Ukraynada siyasi sığınacaq almağım insanda gülüş doğurur. Bu ölkənin bəlkə də 1 milyondan çox vətəndaşı Avropa ölkələrindən sığınacaq istəyir. Burada öz işimi görürəm, sığınacağa ehtiyac yoxdu. Həmişəki kimi, Azərbaycan vətəndaşıyam.

-Qeyd etmişdiz ki, sizin iş təcrübəniz haqda olan məlumatlar (staj) əmək kitabçasına yazılmasa yeni faktlar söyləcəksiz. Məsələ nə yerdə qaldı?

-Məhkəmə müstəvisində bu məsələ həll olundu. 2006-cı ilin aprel ayından 2013-cü ilin oktyabr ayına kimi olan stajım əmək kitabçasına yazıldı, mənə verildi. Sadəcə olaraq əvvəlki rəhbərliyin dövründəki stajım əmək kitabçasına yazılmadı. Belə izah olundu ki, əvvəlki rəhbərlik lazımı sənədləri təqdim etməyib. Məsələni öz üzərlərinə götürmədilər, əvvəlki rəhbərliyi günahkar çıxardılar. Halbuki, o dövrə aid videolarım, əməkdaşlığıma dair vəsiqəm də var idi.

-Demişdiz ki, sizə hədə-qorxular çox olur. Belə hal hələ də davam edir?

- Mən ölkədən getməmişdən qabaq ölkədən çıxmaq istədiyimi bildirmişdim. Onlar isə buna icazə vermirdilər. Qəti qərara gəldikdən sonra işdən çıxmağım barədə sərt fikrimi söylədim. Həmin dövrdə demişdim ki, Vaqif Mustafayevin silahlı cangüdəni mənim evimə gəlmişdi. Məni axtarırdılar, dostlar, qohumlardan soruşurdular. Mən isə ölkəni tərk etmişdim. O vaxtlar təhlükə daha böyük idi. Vaqif müəllim keçmiş MTN rəhbəri Eldar Mahmudovun atası barədə film çəkmişdi. O, “Təhlükəsizliyimizin tarixi” filmində Mahmudovu tərifləmiş, əvəzsiz xidmətlərinin olduğundan bəhs etmişdi. Bir sözlə, yaxın münasibətləri var idi. Vaqif müəllim “Kurtlar Vadisi”nin qəhrəmanı kimi hiss edərək “plonkalı” maşın sürürdü, cangüdənlə gəzirdi. Bir az o abhavada idi (gülür). Təbii ki, bunların hamısı Eldar Mahmudovun himayədarlığına görə idi. Mən də real olaraq özüm üçün təhlükə hiss edirdim. Bu səbəbdənDaxili İşlər Nazirliyinə, Baş Prokurorluğa təhlükəsizliyim ilə bağlı məktub ünvanlamışdım. Ciddi olaraq təhlükəsizliyimdən narahat idim. Bu gün isə Azərbaycandan kənar yaşayıram. İşimlə məşğulam. Ancaq qarşı tərəfin başında, fikrində nələrin qaldığını bilmirəm. Bu gün vəziyyət elə deyil, güclü arxası da yoxdur ki, özbaşınalıq baş versin. MTN rəhbərinin vəzifəsindən getməsindən sonra özümü rahat hiss edirəm. Xatırladım ki, o dövrdə saytlardan materialları çıxarmağa başladılar. Həm MTN-dən, həm də MTRŞ rəhbəri, hörmət etdiyim insan Əflatun Amaşov zənglər etməyə başlamışdılar. İstəmirdilər ki, məsələ bu qədər şişirdilsin. Digər orqanlar isə zəng vurub hədə-qorxu gəlirdilər. Keçmişdə olan hadisələrdi. Utanmıram, çəkinmirəm, peşman da deyiləm. Sözünü deyərək yaşamaq başqa bir şeydir.

- Adətən, öz fikirlərinizi videogörüntü şəklində paylaşırısız. Səbəbi nədir?

-Çatdırmaq istədiyim fikirlərin tam, dolğun və əlavəsiz olmağını istəyirəm. Bu zaman media orqanları hər hansı bir müdaxilə edə bilmir, öz maraqlarına uyğunlaşdırmağa çalışmırlar. İkinci səbəb isə bir çox materiallar saytlardan çıxarıldı. Özünü bitərəf və azad hesab edən media orqanları yazıları sildi. Ən azından “Youtube” mənim üçün azad, rahat fikrimi bildirmək nöqtəsidi.

-Nə vaxta qədər orda yaşayacaqsız, haçansa başqa ölkəyə köçmək və ya Bakıya qayıtmaq fikriniz var?

-Bakıya qayıtmaq üçün bir səbəb olmalıdır. Arada televiziyaları açıram, geriyə getdiyinin şahidi oluram. Ukrayna mediasında kifayət qədər tanışlarım var. Burdakılara baxanda biz , elə bil ki, 15 il geri qalmışıq. Ukrayna iqtisadi vəziyyətinə görə Azərbaycandan geridədir. Düşünmürəm ki, TV-lərə az miqdarda maliyyə ayrılır. Ancaq Ukraynada bu sahə üzrə inkişaf hədsizdir. MənABŞ-ın CNN kanalında olanda başa düşdüm ki, bizim işlədiyimiz televiziya televiziya deyil. Ümumiyyətlə, bizim televiziyada çox geriləmə var. Qısası, Bakıya gəlib-gedəcəyəm. Amma başqa ölkədə yaşayandan sonra ora gəlmək çətin olur. Bəlkə də, böyük layihələr olsa, (festival, böyük konsert və.s) gələrəm. Yaxın gələcəkdə Azərbaycanda yaşamaq barədə düşünmürəm.

- TV və radio üçün darıxmırsız?

-Çox darıxıram, təbii ki, darıxmamaq mümkün deyil. Ən çox da radio üçün darıxıram. Radioya sonradan gəldim. 2000-ci ildən televiziyada çalışırdım, hardasa 2010-cu ildə radioda fəaliyyətə başladım. Televiziyanın baxımsızlığı hər şeyi pis vəziyyətə gətirmişdi, radio isə daha yaxşı idi. Əslində, bu yaşda TV və radio ciddi qazanc gətirmir. Maaşlar gülməlidir. Qeyd edim ki, Ukraynaya gələndə bir neçə kanaldan prodüserlik üzrə iş təklifləri aldım. Azərbaycana gəlib 1000 manat maaşla televiziyada çalışmaq nə dərəcədə doğrudur? Real danışmaq lazımdır. Hobbi olaraq aparıcı kimi işləmək olar. Düşünürəm ki, qəzeti internet üstələyən kimi, TV-ləri də “Youtube” üstələyir. İnternet media televiziyanı udmaq üzrədir. Hər şeyin öz vaxtı olub, qaytarmaq isə qeyri-mümkündür.

- Biz sizi uzun müddətdən sonra “Qolos Ukrayna” yarışmasında gördük. Çingiz Mustafayevə dəstək olanlardan biri idiz. Çingizlə dostsuz? Yarışmaya qatılmağı siz ona təklif etmişdiz?

-Çingizlə Azərbaycanda şəxsi tanışlığımız var idi. Dəfələrlə verilişlərimdə qonaq olub. Ona Ukraynaya gəldikdən sonra bir azərbaycanlı olaraq, bir neçə il burada yaşayan şəxs kimi dəstək oldum. Sabah başqa müğənni gəlsə, yenə dəstək olmaya hazıram. İşbirliyindən sonra çox yaxşı dost olduq. Rokvellerin gözəl bir sözü var: “Dostluq üzərində qurulan işdənsə, iş üzərində qurulan dostluq daha möhkəm olur”. İndi də Ukraynanın məşhur klublarından birində Çingizin konsertini təşkil edirik. Çingiz “Qolos” layihəsində mənim fikrimcə, yaxşı çıxış etdi. Növbəti illərdə bu layihəyə Azərbaycanın istedadlı gəncləri gəlsələr, daha yaxşı olar. Çingizin yarışmaya qatılmağını mən təklif etmədim. Bu, onun öz istəyi idi. Artıq iki çıxışı “Youtube”a yüklənib, yarım milyondan çox insan izləyib.

OXŞAR XƏBƏRLƏR