"Efirdən uzaqlaşmağıma özüm qərar vermişəm"
Canlı yayımda "Mən belə işləyə bilmərəm" deyərək tamaşaçılarla sağollaşan Space TV-nin “Hər səhər” proqramının aparıcısı Əkbər Əlizadə işdən çıxarılması xəbərlərinə aydınlıq gətirdi. Tanınmış aktyor, əməkdar artist ANS PRESS-ə açıqlamasında telekanaldan getmək qərarını özü verdiyini bildirdi: "Mən ümumiyyətlə bu barədə danışmaq istəmirdim. Dünəndən bəri gələn zənglərə cavab vermirdim. Amma işdən qovulduğum yazıldığı üçün danışmaq məcburiyyətində qaldım. Space TV-nin "Səhər" departamentinin rəhbəri Kəmalə Xəlilova mədəniyyət və incəsənətdən bixəbər olduğu üçün mənim fəaliyyətimə əngəl törədirdi. 5 iyul cümə günü canlı veriliş zamanı onunla sərt və kəskin mübahisəmiz düşdü. Mübahisəmizdən sonra verilişin sonunda heç kimə heç nə demədən tamaşaçılarla sağollaşdım. Efirdən uzaqlaşmağıma özüm qərar vermişəm. Bu mənim addımım idi. Space TV-nin rəhbəri Vaqif Mustafayevdən və telekanaldan heç bir incikliyim yoxdur". Komik rolları ilə sevilən aktyor sonda Kəmalə Xəlilovaya özünəməxsus mesaj göndərməyi də unutmadı. Əkbər gülərək, "Xoşbəxtlik quşu özü gəlib qonmuşdu onun başına. mənim kimi zərin qədrini bilmədi."-dedi. Kəmalə Xəlilovanın telefonu bağlı olduğundan onunla əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı. ANS PRESS-in əldə etdiyi məlumatda isə canlı efir başa çatmadan aparıcıya qovulduğu xəbəri verilib. Verilişin gedişatı zamanı layihənin rəhbəri Kəmalə Xəlilova ilə yaşanan məlum mübahisədən sonra rəhbərlik onun işdən çıxarılması qərarını verib və bu xəbər aparıcıya çatdırılıb. Əkbər Əlizadə canlı yayımda tamaşaçılarla sağollaşdıqda işlətdiyi "Mən belə şəraitdə işləyə bilmərəm" ifadəsinə və K.Xəlilovanın əmrlərinə tabe olmadığına görə telekanalın rəhbərliyi onu yanına çağırtdırıb. Aparıcı buna məhəl qoymayaraq veriliş bitər-bitməz demək olar ki, qaçaraq telekanalın ərazisini tərk edib.