Moskva "Spartak”ının futbolçusu Kvinsi Promes beynəlxalq axtarışa verilib.
Bu barədə Amsterdam Prokurorluğunun mətbuat katibi Franklin Uottimena bildirib.
"Məhkum olunmuş futbolçu beynəlxalq axtarışa verilib. Prokurorluq onu Hollandiyaya gətirməyə çalışıb və bunun üçün tədbirlər görüb. Lakin bu, hələ ki, onun ekstradisiyasına gətirib çıxarmayıb”, - deyə Uottimena əlavə edib.
O, həmçinin qeyd edib ki, Hollandiya məlum məsələdə digər ölkələrdən asılı olduğundan buna təsir edə bilmir.
Fevralın 14-də Amsterdam Məhkəməsi Promesi kokain qaçaqmalçılığına görə 6 il həbs cəzasına məhkum edib. İş üzrə məhkəmə iclası yanvarın 24-də baş tutub, prokurorluq Promesin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Hazırda hücumçu BƏƏ-də "qırmızı-ağlar"ın təlim-məşq toplanışındadır. Promes 2021-ci ilin fevralından "Spartak"da oynayır. Bu mövsüm hollandiyalı Rusiya çempionatında 17 oyun keçirib.