NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynadakı müharibədə böyük təzyiq altında olduğunu bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, paytaxt Romada olan Stoltenberq İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşüb. Meloni və Stoltenberq görüşdən sonra birgə mətbuata açıqlama veriblər.
Avropanın təhlükəsizliyinin şübhə altına alındığı bir dövr yaşadıqlarını ifadə edən Stoltenberq "Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı amansız təcavüzkar müharibə aparır. Amma biz Ukrayna silahlı qüvvələrinin rus qoşunlarını necə dəf etdiyini, onların torpaqlarını necə azad etdiyini gördük. Bu qazanclar Ukraynanın igid əsgərlərinə məxsusdur”, - deyə bildirib.
İtaliya da daxil olmaqla NATO müttəfiqlərinin göstərdiyi misilsiz dəstəyin döyüş meydanında fərq yaratdığına diqqət çəkən Stoltenberq deyib:
"Ukraynanın tərəqqisi çox vacibdir. Biz Rusiyanın Xersondan çıxarılması barədə bildirişini qeyd etdik. Yaxın günlərdə meydanda vəziyyətin necə inkişaf edəcəyini görməliyik. Rusiya böyük təzyiq altındadır. Əgər onlar Xersonu tərk etsələr, bu, Ukraynanın növbəti qələbəsi olacaq”.
Ayşən