“Stress uzun müddət davam etdikdə...” – Bu problemlərə yol aça bilər

“Stress uzun müddət davam etdikdə...” – Bu problemlərə yol aça bilər
SOSİAL
15:57 19.08.2026
150
İş yerində uzun müddət davam edən stress insanın həm psixoloji, həm də fiziki sağlamlığına mənfi təsir göstərə bilər.

İş yükünün çoxluğu, davamlı gərginlik, vaxt təzyiqi və iş mühitində yaranan problemlər stressin uzun müddət davam etməsinə səbəb olan əsas amillər sırasında yer alır.

Maraqlıdır, iş yerində uzunmüddətli stress insanın sağlamlığında hansı problemlərə yol aça bilər və bunun qarşısını almaq üçün nələrə diqqət edilməlidir?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan psixoloq Aynur İsgəndərova bildirib ki, uzunmüddətli iş stressi insanın sağlamlığına həm psixoloji, həm də fizioloji baxımdan ciddi təsir göstərə bilər:

"Uzun müddət davam edən iş stressi insanın sağlamlığına həm psixoloji, həm də fizioloji səviyyədə əhəmiyyətli təsir göstərə bilər. Burada əsas məsələ stressin özünün mövcudluğu deyil, onun xroniki xarakter alması və insanın bərpa olunmasına kifayət qədər imkan verməməsidir. Qısa müddətli stress müəyyən hallarda insanın diqqətini və fəaliyyətə hazırlığını artıra bilər. Lakin stress uzun müddət davam etdikdə orqanizmin stressə cavab mexanizmləri davamlı şəkildə aktiv vəziyyətdə qala bilər”.
 
 

Psixoloq qeyd edib ki, xroniki iş stressi insanın psixoloji vəziyyətində bir sıra dəyişikliklərə səbəb ola bilər:

"Psixoloji baxımdan xroniki iş stressi ilk növbədə narahatlıq, emosional gərginlik, əsəbilik, diqqətin dağılması, motivasiyanın azalması və emosional tükənmə ilə özünü göstərə bilər. İnsan əvvəlki iş qabiliyyətini saxlamaqda çətinlik çəkə, qərarvermə və problemlərin həlli prosesində daha çox çətinlik yaşaya bilər. Uzunmüddətli stress həmçinin yuxu problemlərini gücləndirə bilər. Yuxunun keyfiyyətinin pisləşməsi isə öz növbəsində yorğunluğu və emosional həssaslığı artıraraq bir növ qapalı dövr yaradır”.

A.İsgəndərova bildirib ki, uzunmüddətli stress fiziki sağlamlığa da təsirsiz ötüşmür:

"Fizioloji baxımdan isə xroniki stress zamanı ürək-damar sistemi, sinir sistemi və hormonal sistem uzun müddət yüksək hazırlıq vəziyyətində qala bilər. Nəticədə ürəkdöyünmə, əzələ gərginliyi, baş ağrıları, həzm sistemi ilə bağlı narahatlıqlar və davamlı yorğunluq kimi simptomlar müşahidə oluna bilər. Uzunmüddətli stressin ürək-damar sağlamlığına və digər xroniki sağlamlıq problemlərinə təsiri də elmi ədəbiyyatda geniş şəkildə araşdırılıb”.

Psixoloq iş yerində uzunmüddətli stressin yaratdığı əsas problemlərdən birinin də peşə tükənmişliyi olduğunu vurğulayıb:

"İş mühiti kontekstində xüsusilə burnout — peşə tükənmişliyi məsələsini qeyd etmək vacibdir. Tükənmişlik sadəcə "işdən yorulmaq” deyil. Uzunmüddətli iş stressi fonunda insanın emosional və fiziki resurslarının tükənməsi, işinə qarşı mənfi və ya laqeyd münasibətin formalaşması və öz peşəkar effektivliyini aşağı qiymətləndirməsi ilə xarakterizə oluna bilər. Bu vəziyyət həm işçinin rifahına, həm də onun iş performansına təsir edir”.

O, psixoloji və fiziki sağlamlığın bir-biri ilə əlaqəli olduğunu da diqqətə çatdırıb:

"Digər mühüm məqam isə psixoloji və fiziki sağlamlığın bir-birindən ayrı düşünülməməsidir. Məsələn, davamlı narahatlıq yuxunu poza bilər, yuxu çatışmazlığı isə diqqət və emosiyaların tənzimlənməsini çətinləşdirə bilər. Bu da işdə məhsuldarlığın azalmasına və əlavə stressin yaranmasına gətirib çıxara bilər”.

A.İsgəndərovanın sözlərinə görə, iş stressinin qarşısının alınması yalnız insanın özünü stresə davamlı etməsi ilə məhdudlaşmamalıdır:

"Stressin təsirini yalnız fərdin psixoloji xüsusiyyətləri ilə izah etmək düzgün olmaz. İş yükünün həddindən artıq olması, iş üzərində nəzarətin azlığı, qeyri-müəyyənlik, iş təhlükəsizliyi ilə bağlı narahatlıq, rəhbərlik və kollektivlə münasibətlər, iş və şəxsi həyat arasında balansın pozulması kimi təşkilati faktorlar da mühüm rol oynayır. Buna görə iş stressinin qarşısının alınması yalnız "insan stressə daha davamlı olmalıdır” yanaşması ilə məhdudlaşmamalıdır; sağlam iş mühitinin yaradılması da vacibdir”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR