Subbakalavrların ali təhsil müəssisələrinə qəbul qaydalarında dəyişiklik ediləcəyi ilə bağlı iddialar gündəmə gəlib. Sosial şəbəkələrdə və müxtəlif platformalarda yayılan məlumatlarda subbakalavrların universitetlərə qəbulunun dayandırılacağı bildirilir.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Elçin Əfəndiyev bildirib ki, hazırda subbakalavrların universitetlərə qəbulunun dayandırılması məsələsi rəsmi şəkildə müzakirə edilmir:
"Hazırda subbakalavrların universitetlərə qəbulunun dayandırılması məsələsi rəsmi şəkildə müzakirə edilmir. Lakin gələcəkdə belə bir dəyişikliyin gündəmə gəlməsi istisna deyil. Çünki bəzi ali təhsil müəssisələri subbakalavrların akademik göstəricilərinin qənaətbəxş olmadığını bildirirlər. Hətta bəzi universitetlər subbakalavrların qəbulunda maraqlı olmadıqlarını ifadə edir və bu səbəbdən onların müəyyən ixtisas seçimlərində iştirakına imkan vermirlər”.
Təhsil eksperti qeyd edib ki, bəzi ali təhsil müəssisələri yalnız öz tabeliyində fəaliyyət göstərən kolleclərin məzunlarını qəbul edirlər:
"Bununla yanaşı, bəzi ali təhsil müəssisələri yalnız öz tabeliyində fəaliyyət göstərən kolleclərin məzunlarını qəbul edirlər. Bu isə digər subbakalavrların seçim imkanlarını məhdudlaşdırır və onların ali təhsil almaq şansını azaldır. Bu baxımdan, abituriyentlərin imkan daxilində birbaşa ali təhsil müəssisələrinə qəbul olmağa çalışmaları daha məqsədəuyğun hesab edilir. "Əvvəl kollecdə oxuyaram, sonra universitetə qəbul olaram” düşüncəsi məqsədəuyğun deyil”.
Şahanə Ziyad










































