'Sübhün səfiri' filmini tənqid etdilər - KÖŞƏ

KÖŞƏ
00:27 01.12.2012
3278

Tural Elmioğlu Qoqolun qəribə və maraqlı bir pyesi var: “Komik bir pyesin ilk nümayişindən sonra tamaşaçılar dağılışarkən”. Müəllif dəhlizdə gizlənib izləyicilərin “hələ yeni, bakir, müxtəlif tənqidçilərin rəyləri ilə pozulmamış fikirlərinə, dialoqlarına” qulaq asır.

“Sübhün səfiri” filminin ilk nümayişindən sonra qərara aldım ki, elə ist-isti fikirlərimi qələmə alım, ola bilsin sabah bu fikirlər bir az soyuyar, üstünə “tənqidçi rəyləri” əlavə olunar. İstənilən halda ortada zəhmət var və buna görə yaradıcı heyətə təşəkkür düşür. Lakin...

Lakin filmin müəlliflərinin yaradıcılıq imkanları bundan qat-qat artığına qabil idi. Əvvəla, başa düşmək olmur ki, bu film bədiidir, ya sənədli. Filmdə bədii həldən, Axundzadənin yaradıcı obrazından daha çox informativliyə, xronologiyaya yer verilib. Lakin burada da qüsurlar var. Məsələn, 1832-ci il Gəncə. Bodenştedtlə Vazeh görüşür (halbuki Tiflisdə tanış olublar). Üstəlik Fridrix deyir ki, mən Mirzə Fətəlinin şeirlərini alman dilinə tərcümə edərək “Şərqdə min bir gün” adı altında çap etdirmişəm (1850-ci ildə çap olunub). Əlbəttə, ssenarist Axundzadənin sözləri ilə cavab verə bilər ki, mən tarix yazmıram, bədii əsər yaradıram. Bu zaman sual ortaya çıxır: axı hanı o bədiilik? Xronoloji düzümlə Axundovu bütün o zamanlarda yaşamış Azərbaycan, Osmanlı, rus ədibləri ilə real və ya qeyri-real şəkildə görüşdürməkdirmi bədiilik?! Axundovun dilindən, qələmindən çıxmış, az qala bütün Azərbaycan oxucusu üçün çoxdan məlum olan fikirləri, müxtəlif tarixi faktları bir-birinə calamaqdadırmı bədiilik?

Filmdə həqiqi Axundzadədən yox, ssenaristin Axundzadəsindən söhbət açılır. Kürəkəni Xanbabanın ruslara ironiyası və Axundzadənin sükutu, düşərgədəki tonqal səhnəsində Bestujev-Marlinski ilə gənc Mirzə Fətəlinin dialoqu, Rəşid bəylə fransız yazıçısının Avropa ədəbi fikri barədə söhbətində nədənsə daha çox Anar görünür. Bestujevin hər dəfə çaşıb “tatar, eee... türk” deməyi süni alınır. Həmçinin “rəhmətlik Rıleyev” və ya “rəhmətlik Bestujev” ifadələri də semantik mənada ruslara şamil oluna bilərmi?

Azərbaycana aid müsbət məqamlardan daha çoxunu bir filmə yerləşdirmək cəhdi uğursuz alınıb. Xanəndə Səttarın muğam oxumağı calaq kimi görünür (hələ xaric oxumağını demirik). Rejissor işi də “maraqlıdır”. Hadisələr baş verir televiziya tamaşalarına xas dar məkanda. Elə bil rejissor genişliyə çıxmaqdan qorxur – kabinetə, otağa qapanıb qalır. Hətta təbiətə çıxanda da kameranın obyektivi kiçilir, tərpənməz qalır və sanki divarlarsız, “tavan-döşəməsiz” kabinet görünür.

Filmdə səs rejissorunun əməyi hiss olunmur. Evdə baxası olsaq yəqin ki, on-on beş dəfə səsini artırıb-azaltmalı olarıq. Rejissorun yeganə uğuru aktyor seçimidir. Filmi aktyorlar xilas edə bilib. Elə tamaşaçı da filmə sona kimi baxacaqsa yalnız bu amilə söykənəcək. Baş rolun ifaçısı Rasim Balayev təbii plastikası və səsi ilə obrazı doğruldub. Digər aktyorlar, xüsusən, gənc Mirzə Fətəli də ssenari müəllifinin və rejissorun işini xeyli yüngülləşdiriblər (tənqiddən qurtulmaq mənasında).

Təəssüf ki, gözəl bədii əsərlər və ssenarilər müəllifini, həmçinin maraqlı televiziya tamaşaları rejissorunu bu dəfə alqışlamaq olmazdı. Məncə, tamaşaçıların alqışı aktyorlara idi.

Film Azərbaycan tamaşaçısına heç nə vermir. Axundovu tanımayan əcnəbilərə bəlkə nəsə verə...

OXŞAR XƏBƏRLƏR