“Süni intellekt və rəqəmsallaşmanın birgə aparılması təhsilə böyük töhfə verəcək”

“Süni intellekt və rəqəmsallaşmanın birgə aparılması təhsilə böyük töhfə verəcək”
SOSİAL
15:34 03.07.2026
429
Son illərdə təhsildə rəqəmsallaşma sürətlə genişlənərək tədris prosesinin ayrılmaz hissəsinə çevrilib. 

Elektron dərsliklər, onlayn platformalar, virtual siniflər və rəqəmsal qiymətləndirmə sistemləri həm müəllimlərin, həm də şagirdlərin təhsil imkanlarını artırıb. Bu prosesin növbəti mərhələsi isə süni intellekt texnologiyalarının təhsil sisteminə inteqrasiyasıdır. 

Bu istiqamətdə növbəti mühüm addım Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müzakirə olunan yeni hədəflər oldu. 

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən iclasda dövlət idarəçiliyində rəqəmsallaşmanın genişləndirilməsi, təhsildə süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizliyin gücləndirilməsi və dövlət xidmətlərinin vahid platformada birləşdirilməsi əsas prioritetlər kimi müəyyənləşdirildi. 

İclasın müzakirəsi zamanı növbəti mərhələdə süni intellekt əsasında fərdiləşdirilmiş öyrənmə, müəllimlərin inzibati yükünün azaldılması və şagird nailiyyətlərinin məlumatlara əsaslanan təhlili nəzərdə tutulub. Məqsəd texnologiyanı yalnız idarəetmədə deyil, birbaşa tədris prosesində tətbiq edərək təhsilin keyfiyyətini yüksəltməkdir.
 
Təhsil eksperti Məzahir Məmmədli AZXEBER.COM-a açıqlamasında bildirib ki, inkişaf istiqamətində atdığımız bütün addımlar rəqəmsallaşdırılmalıdır:

"Rəqəmsallaşmanın müsbət tərəflərini zaman keçdikcə daha aydın şəkildə müşahidə edəcəyik. Əgər müasir dünya ilə ayaqlaşmaq istəyiriksə, təhsilimiz, elmimiz və ümumilikdə inkişaf istiqamətində atdığımız bütün addımlar müasir tələblərə uyğun şəkildə tənzimlənməli və rəqəmsallaşdırılmalıdır. Əks halda, özümüzü dünyadakı inkişaf proseslərindən təcrid etmiş olarıq”.

O qeyd edib ki, süni intellektin təhsildə tətbiqi zamanı milli dəyərlərimizi mütləq nəzərə almalıyıq:

"UNESCO rəhbərliyi səviyyəsində də belə bir yanaşma var ki, süni intellektin təhsildə tətbiqi zamanı mütləq insan amili və insan faktoru qorunmalıdır. Azərbaycanda süni intellektin təhsildə tətbiqi ilə bağlı danışarkən onun ədəbiyyat, tarix, coğrafiya və milli mentalitetimiz kimi sahələrdə hansı faydalar verəcəyini nəzərdən keçirməliyik. Süni intellektin təhsil sistemində tətbiqindən danışarkən milli mentalitetimizi, dəyərlərimizi, tariximizi, coğrafiyamızı və ədəbiyyatımızı mütləq nəzərə almalıyıq”.

Təhsil eksperti vurğulayıb ki, süni intellekt və rəqəmsallaşmanın birgə aparılması təhsilə böyük töhfə verəcək:

"Süni intellektin tətbiqi ilə rəqəmsallaşma paralel şəkildə həyata keçirilsə, mühüm nəticələr və uğurlar əldə etmək mümkün olacaq. Süni intellekt və rəqəmsallaşmanın birgə aparılması təhsilə böyük töhfə verəcək. Təbii ki, bütün bunlar milli dəyərlərimizin və mentalitetimizin qorunması şərti ilə baş verməlidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR