"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert

"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
SOSİAL
13:38 13.03.2026
182
Milli Məclisdə "Media haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunan qanun layihəsinə əsasən, mediada şəxsin razılığı olmadan onun görüntü və ya səsindən istifadə edilərək süni intellekt və xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, eləcə də pornoqrafik və ya seksual məzmunlu foto, video və audio materialların yayılması qadağan ediləcək.  

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov AZXEBER.COM-a deyib ki, süni intellekt texnologiyalarından istifadə etməklə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur: 

"Süni intellekt texnologiyalarından istifadə etməklə şəxslərin seksual və ya pornoqrafik məzmunlu saxta görüntülərinin yaradılması artıq texnoloji imkan deyil, fərdin toxunulmazlığına qarşı törədilən rəqəmsal terrordur. Bu cinayətə görə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasının tətbiqi dövlətin rəqəmsal mühitdə fərdin ləyaqətini qorumaq üçün "sıfır tolerantlıq" nümayiş etdirdiyini təsdiqləyir. İnzibati cərimələr yalnız etik çərçivə çəkdiyi halda, belə kəskin cinayət sanksiyaları insanların həyatını qaraltmağa hesablanmış "deepfake" özbaşnalıqlarına qarşı ən real və çəkindirici hüquqi sipərdir”.

Ekspert qeyd edib ki, saxta kontentlərin mənbəyini tapmaq üçün rəqəmsal ekspertiza imkanlarımız da olmalıdır:

"Qanunvericiliyin bu dərəcədə sərtləşməsi rəqəmsal mühitdə ədalətin bərpası üçün həlledici addım olsa da, onun praktiki icrası güclü texnoloji hazırlıq tələb edir. Sərhədsiz və anonim internet məkanında xarici platformalar vasitəsilə yayılan saxta kontentlərin mənbəyini tapmaq üçün qanunun gücü ilə yanaşı, yüksək səviyyəli rəqəmsal ekspertiza imkanlarımız da olmalıdır. Hesab edirəm ki, nəzərdə tutulan ağır cəzaların kağız üzərində qalmaması üçün hüquqi mexanizmlər mütləq süni intellekt əsaslı manipulyasiyaları aşkar edən milli proqram təminatları və müasir forenzika (məhkəmə ekspertizası) vasitələri ilə sinxron şəkildə inkişaf etdirilməlidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR