Sünnət toyunda kütləvi zəhərlənmə

SOSİAL
21:41 26.08.2019
2579

Ağdaşda keçirilən sünnət toyunda kütləvi zəhərlənmə olub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən sorğusuna cavab olaraq bildirilib ki, hadisə avqustun 24-də qeydə alınıb.

Belə ki, həmin gün axşam saatlarında Ağdaş Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə "Qida zəhərlənməsi” diaqnozu ilə bir nəfər körpə, 6 nəfər azyaşlı uşaq və 3 nəfər böyük olmaqla, ümumilikdə 10 nəfər şəxs daxil olub. Məlum olub ki, onların hamısı Cardam kəndində təşkil olunmuş sünnət toyunda iştirak ediblər.

Zəhərlənən şəxslərə müvafiq tibbi xidmət göstərilib, 2 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilərək evə buraxılıb. Digər 8 nəfərin vəziyyətini nəzarətdə saxlamaq məqsədi ilə gecəni xəstəxanada keçirmələri məqsədəuyğun hesab edilib. 25 avqust, 2019-cu il tarixində onlar sağalma ilə evə buraxılıblar.

Faktla bağlı Rayon Prokurorluğuna və Rayon Polis İdarəsinə məlumat təqdim olunub.

OXŞAR XƏBƏRLƏR