Suraxanı İcra Hakimiyyəti sakinləri təhdid edən Röyal Musayevə niyə yiyə durmur?- FOTOLAR

SOSİAL
11:30 02.04.2016
1916
Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsi 5-ci döngədə yaşayan Ağayev Seyfəddin Ağabala oğlunun bu günlərdə azinforum.az-a etdiyi müraciət ciddi rezonansa səbəb oldu. Ölkənin onlarla aparıcı KİV-lərinin də tirajladığı həmin məlumatda şikayətçi qeyd edirdi ki, öz şəxsi həyətində tikdiyi balaca bir daxmaya görə, özünü Suraxanı rayon İcra Hakimiyyətinin işçisi kimi təqdim edən Musayev Röyal Ehtiram oğlu adda birisi idman geyimində onun həyətinə soxularaq ya pul verməyi, ya da tikintini saxlamağı tələb edib.
Ağayev Seyfəddin bildirir ki, kriminal jarqonlarla danışan həmin şəxs bununla kifayətlənməyərək onun Rüfət adlı oğlunu bir neçə gün təhdid altında saxlayıb:
“Oğluma zəng edərək, onu “Xalqlar Dostluğu” bazarının yanına “razborka”ya çağırırdı. Bizdə onun danışıqlarının yazısı var. Həmin materialı Sizə təqdim edirəm, qulaq asın və görün, dövlət qulluqçusu elə danışarmı? Qeyd edim ki, bütün bu “oyunlar” mənim başıma ətrafımda üç mərtəbəli villaların tikildiyi zamanda açılır. Belə çıxır ki, villanın tikitisinə icazə var, daxmanın yox?”
Ölkə.Az azinforum.az -a istinadən xəbər verir ki, kifayət qədər rezonansa səbəb olan məqalə ilə bağlı Suraxanı rayon İcra Hakimiyyəti heç bir münasibət açıqlamayıb. Hətta bizim onlara İnformasiya Portalımızın adından ünvanladığımız elektron sorğuya da cavab verilməyib. Hər halda, Suraxanı rayon İcra Hakimiyyətinin düşdüyü vəziyyəti anlayırıq. Çünki təqdim etdiyimiz ciddi faktların qarşısında danışmağa sözləri qalmayıb. Susmağın da razılıq əlaməti olmasını nəzərə alıb araşdırmamızı davam edirik. Həmin ətrafda icra hakimiyyətin adından “racon” kəsən Musayev Röyalla bağlı apardığımız araşdırma nəticəsində maraqlı məlumatlar əldə etmişik.
Belə ki, bəzi KİV-lərdə dərc edilən və indiyə kimi təkzib edilməyən yazılarda Musayev Röyal Ehtiram oğlunun adı hərbi biletlə bağlı da bir qalmaqalda hallanır. Bu məsələ hazırda bizim araşdırdığımız mövzunun predmeti olmadığı səbəbindən hələlik üzərində dayanmırıq. Suraxanı rayon İcra Hakimiyyətinin nə yiyə durduğu, nə də işçi kimi qəbul etmədiyini açıqladığı Röyalla bağlı əsas ziddiyyətdən biri də ona məxsus Feysbuk səhifəsində özünü Suraxanı rayon İcra Hakimiyyətinin işçisi kimi təqdim etməsidir. Ancaq sözügedən rayona aid internet resursunda İH-nin strukturu barədə göstərilən siyahıda Musayev Röyal adlı adama rast gəlinmir. Şikayətçi və bizim üçün sözügedən personanın deyilən dövlət qurumunda işləyib-işləməməsi onun məsuliyyət dərəcəsinin müəyyən edilməsi baxımından önəmlidir. Mövzuya qayıdacayıq…

OXŞAR XƏBƏRLƏR