Partlayış Həma şəhərinin girişində nəzarət-buraxılış məntəqəsinə törədilib.
Suriyanın mərkəzi hissəsində, Həma şəhərində güclü partlayış baş verib. Mikroavtobusa yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində, ilkin məlumatlara görə, azı 30 nəfər ölüb. Suriya dövlət televiziyasının məlumatına görə, partlayış nəticəsində xeyli sayda yaralı da var, lakin onların sayı hələlik məlum deyil. "SANA" rəsmi informasiya agentliyinin məlumatına görə, üsyançılar bir tondan çox partlayıcı maddənin olduğu mikroavtobusu Həma şəhərinin girişinə, nəzarət-buraxılış məntəqəsinə gətirərək, partladıblar. Yaxınlıqda yanacaq-doldurma məntəqəsinin olması və yanğının başlaması da insan itkisinin sayını artırıb. Buraxılış məntəqəsində hərəkətsiz dayanan xeyli nəqliyyat vasitəsinə ziyan dəyib. Terror aktı qurbanlarının hamısının mülki şəxslər olduğu bildirilir. "Suriya İnsan Haqları Müşahidəçiləri" qrupunun məlumatına görə, terror aktına görə məsuliyyəti "Əl-Qaidə" ilə əlaqəli "Əl-Nusra Cəbhəsi" adlanan qruplaşma öz üzərinə götürüb. (anspress)