Suriyada təhlükəsizlik qüvvələri paytaxt Dəməşqin Tədəmun və Həcər əl-Əsvəd rayonlarına raket zərbəsi endirib. Buna səbəb kimi isə, sözgüdən bölgələrdə bölücü qüvvələrin fəallaşması göstərilir. Məlumata görə, hava zərbələri zamanı onlarla yaşayış məntəqəsi dağıntılara məruz qalıb. Bölgədə gedən döyüşlər zamanı isə azı 20 nəfərin öldürüldüyü bildirilir. Suriya İnsan Haqları Müşahidəçi Qrupu hökumət qüvvələrinin paytaxtın Bəb Sriceh bölgəsində keçirdiyi xüsusi əməliyyatları zamanı bir neçə nəfərin həbs edildiyini xəbər verib.Məlumata görə, üsyançılar son bir neçə həftədir ki, suriyalı əsgərlərlə yanaşı, ölkənin Şimal bölgəsində kürd silahlılara qarşı da mübarizə aparmağa başlayıblar. Türkiyənin Şanlıurfa şəhəri ilə sərhəd olan Rəs əl-Eyn şəhərində gedən döyüşlər zamanı isə Türkiyə tərəfə atılan mərmi yerli sakinlərdən birinə dəyərək onu yaralayıb.