Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyəyə nə qazandıracaq?

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyəyə nə qazandıracaq?
SİYASƏT
17:39 17.02.2022
1057
Son illər Azərbaycanda regionların iqtisadi inkişafı, əhalinin rifahının yaxşılaşdırılması üçün ciddi addımlar atılır. Bu məsələ daim dövlət başçısının diqqətində olur. Elə bu səbəbdəndir ki, artıq Azərbaycanın paytaxtı Bakı ilə yanaşı bölgələr də inkişaf edər, digər iri şəhərlərlə paytaxt arasında fərq minimuma endirilir. 2020-ci ildə Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə inkişafı prosesinin miqyası da genişləndi. Azad edilən torpaqlarda yenidənqurma və bərpa işləri sürətləndirildi. Azərbaycanın müharibədə layiqli qələbəsi, işğal altında olan torpaqların azad edilməsi ölkəmizin regionda və dünya miqyasında etimadının daha da artmasına səbəb oldu, dünya dövlətləri Azərbaycanla ortaq layihələrin sayını artırmağa başladı. 

Bildiyimiz kimi, Azərbaycanın tarixi şəhəri olan işğaldan azad edilmiş Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Bundan başqa Prezident İlham Əliyev Azərbaycanda 2022-ci ilin "Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı. 15 iyun 2021-ci il tarixində isə Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi imzalandı. Bu ilin Fevralın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin rəsmi şəkildə dərc edilərək qüvvəyə minməsi ilə bağlı qərarı imzaladı. Fevralın 12-də isə Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzaladı. Bu bəyannamə ilə Azərbaycan regionda daha bir uğura imza atdı və Türkiyə ilə qardaşlıq zəncirini qırılmaz etdi. 

Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun tarixində Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı bildirdi ki, Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır:

"Bu gün həyatımızda əlamətdar gündür, tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşa torpağında salamlayırıq. Mən fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqı adından əziz qardaşımı Şuşada, Qarabağda salamlamaq istəyirəm.
Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında - Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır.

Mən mətbuat konfranslarında, öz çıxışlarımda dəfələrlə demişəm ki, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”.

Prezident onu da qeyd etdi ki, Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq:

"Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin önəmi Türkiyə, Azərbaycan və Avropa üçün göstərilir və hər bir məsələ çox böyük önəm daşıyır. Mən onların arasında iki məsələni xüsusilə qeyd etmək istərdim. Birincisi, müdafiə sahəsində əməkdaşlıq, iş birliyi məsələsi. Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq”.
 


Şuşa Bəyannaməsinin əhəmiyyəti haqda danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov AZXEBER.COM-a qeyd edib ki, qardaş ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər:

"Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladığı ölkələr üçün tarixi əhəmiyyət daşıyacaq Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi hər iki dövlət tərəfindən ratifkasiya olundu və artıq tam hüquqi qüvvəyə malikdir. Ermənistanın da buna reaksiyası çox yubanmadı. İrəvanda bu əməkdaşlıqdan məmnun olmadığını dilə gətirənlər heç də az deyil. Baxmayaraq ki, Ermənistanda hər iki ölkə ilə sülh anlaşmasının imzalanmasından da danışılır.

Bəyannamə hər iki ölkənin strateji münasibətlərinin daha dərinləşməsi baxımından vacibdir. Bu uzun müddətli dövrdə tərəflərin iqtisadi və siyasi əlaqələrinin inkişafında zəmin yaradacaq. Sənədin iqtisadi tərəflərinə gəldikdə, bəyannamənin ən spesifik cəhətlərindən biri də milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılmasıdır. Bu ölkələrin iqtisadi və ticarət diversifikasiyası ilə bağlı bir-birilərinə qarşılıqlı dəstək olacağı anlamına gəlir. 

Qardaş ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər. Şuşa Bəyannaməsində nəzərdə tutulan tədbirlər bu hədəfə nail olmaq yeni imkanlar yaradacaq.
 
Qeyd edək ki, 2020-ci ildə 4 milyard 160 milyon dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bütövlükdə, pandemiyayadək son illər Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 33 faiz 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyar 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb.

Sənəddə Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylərin əlaqələndilmiş şəkildə davam etdirilməsi də nəzərdə tutulur. Ötən il Türkiyə Azərbaycandan 8.5 milyard kubmetrdən artıq qaz idxal edib. Bu isə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın artıq güclənməsindən xəbər verir”.

Deputat qeyd edib ki, Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasıdır:

"Vacib istiqamətlərdən biri də məhz intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqidir. Zəngəzur dəhlizi 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı ölkəmizin starteji əhəmiyyətini də artıracaq. 

Bütövlükdə, Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşılığı gücləndirməklə iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaradacaq”.
 


Milli Məclisin deputatı Fazil Mustafa isə AZXEBER.COM-a açıqlamasında Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun tarixinin müttəfiqlik günü, yaxud da qardaşlıq günü elan edilməsini təklif edib:
 
"Bu günlərdə Azərbaycan tarixinin ən yadda qalan və cəsarətli addımlarından biri atıldı. Türk dünyasının yaxınlaşması baxımından ən vacib tarixi hadisə kimi də qiymətləndirilməlidir. Bu tarixi sənədin altında Azərbaycan Prezidenti və Türkiyə Prezidentinin imzasının olması onu göstərir ki, tarixin bu dövründə belə bir cəsur qərarların verilməsi xalqların, dövlətlərin gələcəyi üçün çox vacib əhəmiyyət daşıyan addımlardır. Ona görə də, mən təklif edirəm ki, Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun gününü Azərbaycan və Türkiyənin ortaq bayramı olaraq müttəfiqlik günü, yaxud da qardaşlıq günü elan olunsun. Bu, olduqca vacibdir. Çünki bizim birgə bayramımız yoxdur və bu böyük bir tarixi hadisəni sadəcə sıradan bir tarix rəqəmi kimi qiymətləndirməməliyik”.

Görünən odur ki, bu cür əməkdaşlıqlar Azərbaycanın beynəlxaq nüfuzunu daha da artırır, ölkəmizi regionda güclü bir dövlətə çevirir. Post-müharibə, post-pandemiya dövrü olmasına baxmayaraq, Azərbaycan dövləti öz bölgələrinin inkişafını, eyni zamanda beynəlxalq əlaqələri sürətlə davam etdirir.
 
Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi" mövzusu üzrə dərc edilib. 
 

OXŞAR XƏBƏRLƏR