“Şuşa Qlobal Media Forumu Azərbaycanın diplomatik mövqeyini daha da gücləndirdi”

“Şuşa Qlobal Media Forumu Azərbaycanın diplomatik mövqeyini daha da gücləndirdi”
SİYASƏT
15:18 31.07.2025
325
Xəbər verdiyimiz kimi, "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu keçirilib.

Forum çərçivəsində "İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı", "Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi", "Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində" və digər mövzular ətrafında müzakirələr aparılıb.

Şuşa Qlobal Media Forumunda iştirak edən Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı və Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu AZXEBER.COM-a açıqlamasında forumun artıq ənənə halını aldığını və verilən mesajlar ilə beynəlxalq rezonans doğurduğunu bildirib:

"Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə iştirakçılarla görüşündə vurğuladığı kimi, Şuşa Forumunun məqsədi yalnız media sektorunun problemlərindən danışmaq deyil, həm də qlobal səviyyədə açıq, dostluğa əsaslanan dialoqu təşviq etməkdir. Bu format artıq ənənə halını alır və genişlənən coğrafiyası, verilən mesajları ilə beynəlxalq rezonans doğurur".

Vüqar Zifəroğlu qeyd edib ki, bu formun Azərbaycanın yalnız coğrafi deyil, həm də intellektual, diplomatik və mənəvi mövqeyini media vasitəsilə gücləndirib:  

"Şuşa həm mədəni, həm obyektiv olaraq Azərbaycanın azad etdiyi ərazidir. Forumun məhz üç ildir ki, burada təşkil edilməsi ölkənin post-münaqişə bərpasına, sabitliyə və regiona sülh perspektivlərinə sadiqliyini nümayiş etdirir — media vasitəsilə regionun yenidən qurulması prosesi beynəlxalq diqqətə çatdırılır. III Şuşa Qlobal Media Forumu 20–22 iyul 2025-ci il tarixlərində Şuşada təşkil olunmuş və Azərbaycanı informasiya sahəsində regional və qlobal dialoqun lideri kimi təqdim etmiş oldu. Forum süni zəka, dezinformasiya, iqlim kommunikasiya və regionun iqtisadi-diplomatik inteqrasiyası mövzusundakı çağırışlara cavab verdi. Bu tədbir, Azərbaycanın yalnız coğrafi deyil, həm də intellektual, diplomatik və mənəvi mövqeyini media vasitəsilə gücləndirdi və dünyaya aydın mesajlar çatdırdı".

Politoloq Tural İsmayılov da 3-cü Şuşa Qlobal Media Forumunun keçirilməsinin əhəmiyyətindən və dünyaya verdiyi mesajlardan AZXEBER.COM-a danışıb:
 
O qeyd edib ki, Prezidentin Xankəndidə Forum iştirakçıları ilə görüşməsi Azərbaycanın media sahəsində liderliyini göstərdi:


"Prezident İlham Əliyevin Xankəndidə Forum iştirakçıları ilə görüşməsi bir daha Azərbaycanın bu sahədə liderliyini göstərir. Dövlətimizin başçısı çıxışında dezinformasiyaya qarşı dövlətin prinsipial mövqeyini, informasiya təhlükəsizliyinin beynəlxalq gündəmdə ön plana çıxarılmasını xüsusi vurğuladı. Bildirdi ki, müasir dövrdə yanlış narrativlər və dezinformasiya dövlətlərin reputasiyasına, iqtisadi münasibətlərə və ictimai rəyə birbaşa təsir göstərir. Azərbaycanın informasiya siyasəti, xüsusilə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Forumda müxtəlif xarici ölkələrdən gələn media və ekspertlərin iştirakı Azərbaycanın informasiya diplomatiyasında yeni mərhələyə qədəm qoyduğunu göstərdi. İştirakçılar regionda baş verən hadisələrlə bağlı ilk mənbədən obyektiv məlumatlar əldə etdilər".

O bildirib ki, Azərbaycan rəqəmsallaşma və texnoloji inteqrasiya sahəsində də ciddi addımlar atır:
 
"Forum süni intellektin informasiya məkanına təsirini, fakt yoxlama mexanizmlərinin təkmilləşdirilməsini gündəmə gətirdi. Postmünaqişə dövründə Azərbaycan informasiya məkanında səmərəli fəaliyyət göstərir. Media Forumu Qarabağın beynəlxalq informasiya axınında yenidən mərkəzə çevrilməsi meyli kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin Forumdakı çıxışında Azərbaycanın mövqeləri bir daha bəyan etdi".

Müasir beynəlxalq münasibətlərdə informasiya müharibələrinin, təsir məqsədli kampaniyaların önəmli yerə malik olduğunu söyləyən politoloq bildirib:
 
"Azərbaycan bu prosesdə reaktiv və proaktiv strategiyalar həyata keçirir. Forumun Xankəndidə keçirilməsi rəmzi baxımdan dövlətin real suverenlik gücünü aydın şəkildə təsdiqləyir. Xarici media nümayəndələri Azərbaycanın inkişafına və postmünaqişə dövründə quruculuq prosesinə şahidlik edirlər. Bu, ölkənin reputasiyasının beynəlxalq səviyyədə möhkəmləndirilməsinə xidmət göstərir”.

T.İsmayılov vurğulayıb ki, tədbir Azərbaycanın informasiya müstəvisində ictimai cəmiyyətləri bir araya gətirməkdə uğurlu platforma olduğunu nümayiş etdirib:
 
"Forum həmçinin regional media siyasətinin və informasiya təhlükəsizliyinin təminində yeni model kimi çıxış edir. Həmçinin Azərbaycan Prezidentinin çıxışı Forumun nəticəsinin beynəlxalq mediada obyektiv informasiya axınının gücləndirilməsinə təkan verəcək. Rəqəmsal dövrün çağırışlarına uyğun olan bu platforma dünya mətbuatı üçün də yeni imkanlar açır. Beləliklə, Azərbaycan regionda və beynəlxalq aləmdə media və informasiya təhlükəsizliyi strategiyalarının icraçısı kimi çıxış edir. Şuşa Forumu informasiya sahəsində yeni əməkdaşlıq təşəbbüsləri və problemlərin birgə həll yolları barədə ətraflı fikir mübadiləsinə şərait yaratdı. Forum çərçivəsində informasiya axınında yeni yanaşmalar irəli sürüldü.
 
Analitik sonda əlavə edib ki, Azərbaycanın informasiya siyasəti regionun sabitliyinə və inkişafına töhfə verir:

"Azərbaycan beynəlxalq informasiya sistemində öz yerini və rolunu daha aydın şəkildə bəyan edir. Qlobal çağırışlar fonunda Azərbaycanın informasiya siyasəti regionun sabitliyinə və inkişafına töhfə verir. Forum yeni texnologiyaların informasiya təhlükəsizliyi və sosial proseslərə təsirinə dair vacib platforma oldu. Dövlətin informasiya suverenliyi və innovativ yanaşması Azərbaycanın gələcək üçün mövqeyini daha da gücləndirəcək. Forum Azərbaycanın dinamik inkişafı və medianın transformasiyası prosesində yeni müzakirələr və təkliflərlə yadda qaldı”, - deyə T.İsmayılov qeyd edib.
 
Günel Hüseynli
 
Yazı Medianın İnkişafı Agentliyinin "İctimai və dövlət maraqlarının müdafiə edilməsi" mövzusunda dərc edilib.

OXŞAR XƏBƏRLƏR