Şuşa - Xankəndi yolundan Xankəndi Konqres Mərkəzinə gedən yol!

Şuşa - Xankəndi yolundan Xankəndi Konqres Mərkəzinə gedən yol!
SOSİAL
15:26 22.10.2025
101
Hacıbəy Heydərli

Cəmi 3 il öncə QHT-lərin Şuşa–Xankəndi yolundakı ekoloji aksiyası Azərbaycanın haqq səsini dünyaya çatdırırdı, biz o zaman Xankəndiyə Şuşadan baxırdıq. Bu gün isə həmin səs artıq azad Xankəndidən gəlir.

3 il öncə QHT-lərin tələbi çox sadə idi: Onlar Azərbaycanın əzəli və əbədi torpaqlarında ekoloji terrora yox deyirdilər. Bu gün isə Xankəndidə "Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Əməkdaşlıq Forumu keçirilir.

3 il öncə rus sülhməramlılarının gözü önündəki həmin səs təkcə bir ekoloji çağırış deyildi, o azadlığın, milli iradənin, torpaq həsrətinin, suverenliyin, vətəndaş-dövlət birliyinin səsi idi.

3 il öncəki aksiyada iştirak edən hər bir QHT təmsilçisi bilirdi ki, bu yol bir gün Xankəndiyə qədər gedəcək.

Bu gün isə o yolun sonuna çatıldı — Azərbaycanın vətəndaş cəmiyyəti artıq Xankəndidədir. Xankəndiyə gələrkən isə ekoloji aksiyanın davamı da unudulmadı, QHT nümayəndələri ağacəkmə aksiyasında iştirak etdi.

Xankəndidəki "Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu isə təkcə bir tədbir deyildi, bu vətəndaş cəmiyyətinin qələbə yürüşü, milli həmrəyliyin və birliyin canlı təcəssümü idi.

3 il öncə soyuq qış günündə Şuşa yolunda toplanan yüzlərlə QHT nümayəndələri dünən Xankəndidə Konqres Mərkəzində idilər.

QHT-lər artıq daha təmkinli, daha sakit və daha qürurlu idilər. Bu isə o deməkdir ki, Azərbaycan vətəndaş cəmiyyəti artıq daha yetkindir, məsuliyyətlidir və dövlətin strateji tərəfdaşı səviyyəsinə yüksəlməyi bacarıb.

Forumun ab-havası, fikir mübadiləsinin səmimiliyi, səslənən mesajların konkretliyi göstərdi ki, bu gün vətəndaş cəmiyyəti yalnız müşahidəçi yox, prosesin fəal iştirakçısıdır.

Forumun "Şəhidə məktub” ilə başlayıb, "Zəngəzur havası” ilə bitməsi də mənim üçün çox simvolik idi.

Bu günə qədər bütün addımlarını zərgər dəqiqliyə həyata keçirən vətəndaş cəmiyyəti üçün bu mesaj sadəcə tədbirin bədii proqramı deyildi — bu, Azərbaycanın suverenlik yürüşünün simvolu, keçmişə dəyər və gələcəyə inam idi.

"Şəhidə məktub” zalda səslənəndə hər kəs bir anlıq özünü tarix və vətən dərdləri ilə üz-üzə tapdı, şəhidlərin ruhunu, onların qəhrəmanlıq yolunu hiss etdi. Hər söz, hər not sanki bir mesaj idi: keçmişi unutmadan, gələcəyə inamla irəliləyin.

Sonra səslənən "Zəngəzur havası” bütün zalı əhatə etdi — 300-ə yaxın QHT nümayəndəsi əl-ələ verib, bu havaya rəqs etdi. Bu, sadəcə musiqi deyildi; bu QHT-lərə növbəti mesaj idi, Zəngəzura da əl-ələ verib, yumşaq gücümüzlə gedəcəyik.
OXŞAR XƏBƏRLƏR