Hacıbəy Heydərli
Artıq 12 gündür ki, Azərbaycan QHT nümayəndələri, könüllülər, ictimai fəallar, ekoloqlar Şuşadan keçən Xankəndi - Laçın yolunda Azərbaycanın əzəli və əbədi torpaqlarında həyata keçirilən ekoloji terrora qarşı aksiya keçirir. 44 günlük Vətən müharibəsində olduğu kimi bu aksiyada da Azərbaycan gəncliyi ön cəbhədədir, "dəmir yumruq"dan nəticə çıxarmayanlara "yumşaq güc" göstərilir. Bu aksiya Şuşa torpağındadır, o Şuşa ki, onun uğrunda qəhrəman oğullarımız şəhid oldu, o Şuşa ki, Azərbaycanın döyünən ürəyidir, o Şuşa ki, tarixin ən şanlı günlərinə şahidlik edir və edəcək.
QHT nümayəndələrimiz, gənclərimiz 12 gündür ki, qarlı, şaxtalı, çovğunlu Şuşada ayaq üstədədir, durmadan şüarlar səsləndirir, haqq mübarizəsi aparır. Məşhur marşda deyildiyi kimi yastıqları Vətən daşı, yorğanları qar olub. O
Bu gün dünyanın gündəmi Şuşadır, Laçındır, Xankəndidir. BMT Təhlükəsizlik Şurası iclas keçirir, Avropa, Fransa həmişəki kimi "banlayır".
Ölkəmizin gündəmi isə "Tiktok"da 2-3 gəncimizdir. Onlar AzTV-yə verdiyi müsahibəyə görə informasiya terroruna məruz qalır. Ölkəmizə qarşı informasiya müharibəsi aparan ölkələrin texnoloqları Şəhid ailələri ilə gənclərimizi üz-üzə qoymağı bacarıb.
Bu gün sosial şəbəkələrdə söyülən gənclik aksiyanın ilk saatından Şuşadan keçən Xankəndi - Laçın yolunda "Xudayar təsnifi"ni oxuyan, "Şəhidlər ölməz, Vətən bölünməz", "Ən böyük əsgər, bizim əsgər" şüarını səsləndirən gənclikdir, soyuq çadırlarda gecələyən, səhəri Azərbaycan himni ilə açan gənclikdir. Onlar daha şəhid verməyək deyə, analar gözüyaşlı qalmasın deyə dinc aksiya keçirən gənclikdir.
"Şəhid xəbəri gələndə "Nə vaxt bu bitəcək?", "Müharibə bitdi, yenə şəhid veririk" deyə sosial mediada kampaniyan aparan "nowar"çılar, bu gün şəhid vermirik deyə narahatdırlar. Çünki bu onlara sərf etmir, göyə uçurularkən ayağı sınan göyərçin onların son ümididir. Çünki Şuşadan dünyaya sülh mesajı verilməsi, ekoloji terrora yox deyilməsi, müharibənin olmaması onlara sərf etmir. Çünki bu onların qrantlarının (krantlarının) kəsilməsinə gətirib çıxara bilər.
Əmin ola bilərsiniz ki, bu gün Şuşadan keçən Xankəndi - Laçın yolunda qarlı, soyuq, şaxtalı havada aksiya keçirənlər ölkəmizi daha işıqlı, daha xoşbəxt günlərə çıxaracaqlar, nəinki isti evlərində oturub onları söyənlər.
Bu gün Şuşada olan gənclərlə, QHT fəalları ilə, ekoloqlara qürur duymalıyıq, onlar bu günlərdə tarix yazırlar. Elə bir tarix ki, hər kəsə sülh və barış gətirəcək. Və o tarixdə ayağı sınan göyərçin yox, dünyaya sülh mesajı verən göyərçinlər qalacaq...