‘Tanınmaq istəyi ilə jurnalistikaya gəlmək, ‘idiot’luqdan başqa bir şey deyil’

‘Tanınmaq istəyi ilə jurnalistikaya gəlmək, ‘idiot’luqdan başqa bir şey deyil’
00:23 03.06.2014
1659

 Müsahibimiz azxeber.com internet portalının baş direktoru Әfsələddin Ağalarovdur - Əfsələddin, Azərbaycan mətbuatının gənc və peşəkar jurnalistlərindən biri sayılırsan. Demək olar ki, tez-tez müxtəlif müəllif yazılarınla, özəl xəbərlərinlə mətbuatda görünürsən. Jurnalistikaya gəlişini necə xatırlayırsan? - Hələ məktəbdə oxuduğum illərdən jurnalist olmağı arzu edirdim. Bunun üçün xüsusi bir səbəb yox idi. Sadəcə, özümə uyğun, olduğum kimi təqdim edə biləcəyim yeganə peşə kimi Jurnalistikanı görürdüm. Və bu istəyimi reallaşdırmağa ilk dəfə 2008-ci ildə Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinə daxil olmaqla başladım. - Mətbuat nümayəndələrinin çoxu universitetlərdə jurnalistika təhsilinin aşağı səviyyədə olmasından şikayət edirlər. Səncə, fakültə jurnalist yetişdirə bilirmi? - Jurnalistika fakültəsinin müasir jurnalistikanın tələblərinə cavab vermədiyini bu fakültədə çalışan müəllimlər də, dekanlar da, hətta universitet rəhbərləri də yaxşı bilirlər. Fikrimcə, jurnalist doğulmaq lazımdır. Yəni istedadın olmalıdır. İstedad da Yaradanın insan beyninə yerləşdirdiyi xüsusi “cip” kimidir. O “cip” hamıda eyni cür olmur. - Bəs, səncə, jurnalist necə olmalıdır? - Əgər, xəbərin qoxusunu hiss etməyə başlayırsansa, qısa vaxt içində informasiya çoxluğundan əllərinlə başını tutursansa, o zaman artıq jurnalistsən. - Bəs jurnalistika fakültəsində bunlar sizə deyilməyib? - Fakültədə oxuduğum zamanlarda, bir gün əlində “Yeni Müsavat” qəzeti olan bir gənci universitetin binasından içəri buraxmadılar. Həmin vaxt mən də universitetin təhlükəsizlik xidmətinin əməkdaşları ilə həmin şəxs arasında baş verən mübahisəni müşahidə edirdim. Sən demə, bu gənci əlindəki qəzetə görə içəri buraxmayıblarmış. Kor-peşman qapıdan geri qayıdan həmin oğlanın dalınca düşdüm və ondan müsahibə götürdüm. Axşam gedib həmin xəbəri saytda yazdım. Səhərisi gün fakültəyə gələndə dekanımız Yalçın Əlizadə məni dəhlizdə görüb yanına çağırdı. Əsəbi tərzdə dedi: “Adam su içdiyi qaba tüpürməz”. Mən də cavabsız qalmadım: “Özümün olmayan qabdan su içmirəm”,- deyib dərsə girdim. Yəni, mən “fakültənin qabına tüpürən tələbə” olmuşam. Bunu isə heç yerdə öyrətmirlər (gülür). - Universitet rəhbərliyi ilə aranda tez-tez belə hadisələr baş verirdi? - Elə universitet dövrümün ilk vaxtlarından dekanla ulduzumuz heç vaxt barışmadı. Bir də ki, mən yaxşı tələbə deyildim. Yəni onların “yaxşı” dedikləri kriteriyaya cavab vermirdim. - Bəs onlar yaxşı tələbə kimə deyirdilər? - Onlar üçün “yaxşı tələbə” – müəllimi görən kimi özünü itirib ayağa qalxan və kostyumunun üç düyməsindən ikisini bir göz qırpımında düymələyən tələbələr idi. Yəni onların “yaxşı” kriteriyasına cavab verən tələbələr sözəbaxan və ipə-sapa yatan tələbələr olmalıdır. - Səncə, “yaxşı tələbə” olmaq yaxşı jurnalist olmaq üçün yetərlidirmi? - Fakültənin ən yaxşı oxuyan tələbəsi olmaq yaxşı jurnalist olmaq mənasına gəlmir. O “yaxşı oxuyan”lar arasında elələri var ki, adi bir informasiyanı xəbər standartına sala bilmirlər. Amma dindirsən, sənə Cümhuriyyət dövrü mətbuatından, Sovet dövrü mətbuatından ağızdolusu danışarlar. Bir sözlə, fakültənin ən ağıllı tələbəsi, keçmişi ən yaxşı bilən tələbədir. Həmin informasiyalar isə yalnız müəyyən intellektual müzakirələrdə işə yaraya bilər. Jurnalistika “cəngəlliyi”ndə isə o bildiklərin səni iki gündən artıq redaksiyalarda saxlaya bilməz. - O zaman bu fakültənin məzunu olmağına peşmansan? - Xeyr, mən bu fakültənin məzunu olduğum üçün özümü hər zaman xoşbəxt hiss etmişəm. Bu gün də o fakültəyə getdiyim zaman, “nə yaxşı ki” sözünü ürəklə işlədirəm. Mənim dediklərim isə həqiqətlərdir. Hər gözəlin bir eybi var. Bu da fakültənin bir eybidir. Gərək eyiblərimizi deyək ki, gözəlliyin ömrü də uzun olsun. - Bəs, “Azxeber.com” saytını necə yaratdınız. Bu saytın yaranma prosesindən bir az bəhs edərdin... - “Azxeber”in ideyası 2010-cu il aprel ayının 12-də Novxanıya- qutab yeməyə gedərkən 117 saylı avtobusda qrup yoldaşım Hacıbəy Heydərli ilə etdiyimiz müzakirə zamanı ortaya çıxdı. Elə yerindəcə, domen satışı ilə məşğul olan bir nəfərə zəng vurduq. Səhərisi gün Mərkəzi Univermağın qarşısında həmin şəxslə görüşüb, əvvəlcədən danışdığımız 30 manatı ona verdik və domeni öz adımıza keçirdik. - Artıq 4 ildir ki, mən səni “Azxeber”lə tanıyıram. Səncə, bu layihə sənin istədiyin yerdədi? - Mən “Azxeber”ə yuxusuz gecələrimi qurban vermişəm. Bu gün də qurban verirəm. Canımda can olsa, sabah da, birisi gün də qurban verəcəm. Çünki “Azxeber” mənim özümü sübutə yetirdiyim ilk işimdir. Yadımdadır, bu layihəyə başlayarkən, ətrafımda olan yaxın dostlarımın çoxu mənə gülür, layihə haqqında fikirlərimi lağa qoyurdular. Zaman elə bir tərzdə bizim xeyrimizə işlədi ki, məni lağa qoyan həmin o dostlarım bir-bir, müxtəlif problemlərinə görə, məndən xahişlər etməyə başladılar. Allahın izni ilə mənə sarı uzanan heç bir əli geri qaytarmamışam. Onların da istəklərini yerinə yetirib necə utandıqlarını görmüşəm. Bax bu, “Azxeber”in mənim istədiyim səviyyədə olduğunun sübutudur. - Bəs necə oldu ki, “azxeber.com” bu qədər uğur qazana bildi? - Necə olduğu mənim də yadımda deyil. Biz gözümüzü yumub suyun dərinliklərinə qədər enməyə başladıq. Hər dəfəsində daha da dərinliyə gedirdik. Bir gün Zeynal Məmmədli tədbirlərin birində Hacıbəylə məni gördü, gülümsəyərək dedi: “Bərbərliyi öz başınızda öyrəndiniz”… Bu sözdən sonra doğru yolda olduğumuzu gördüm. Təmənnasız və heç bir gəlirimiz olmadan bu işin yaxasını əlimizdən buraxmadıq. Maraqlıdır ki, zamanla saytın populyarlığı artıqca, bizim gəlirlərimiz azalırdı. - Saytdan heç bir gəlir əldə edə bilmirdiniz? - Demək olar ki, 2 il heç bir gəlir əldə edə bilmədik. Əldə etdiyimiz də “hosting” xərcinə gedirdi. Hətta zaman olub ki, müsahibədən çıxmışam və cibimdə 20 qəpik belə olmayıb ki, avtobusa minib evə gedim. Evə qədər piyada gəlmişəm. Zamanla sayt öz-özünü dolandırmağa başladı. “Səndən hərəkət, məndən bərəkət” deyiminin həqiqi mənasını belə anlarda dərk eləmişəm. - Daha çox gənc jurnalistlər televiziyalara üstünlük verirlər. Daha çox məşhur olmaq və tanınmaq, gənc jurnalistlərdə belə bir istək yaradır. Bəs sən nəyə görə, internet mediaya üstünlük verdin və burada da qaldın? - Həyatımda bir dəfə də olsun, məşhur olmağı düşünməmişəm. Tanınmaq istəyinə görə jurnalistikaya gəlmək, mənim fikrimcə, “idiot”luqdan başqa bir şey deyil. Jurnalist, tanınmaq istəyi ilə alışıb-yanırsa, o zaman onun bir qəpiklik jurnalistlik istedadı ola bilməz. Bir göz qırpımında ikinci mərtəbəyə qalxan, elə o anda da ağzıüstə yerə yapışacaq. Yarımçıq olan insanların istəkləri və iddiları da elə olduqları qədər olmalıdır. - Televiziyada çalışan gənc jurnalistlər istedadsızdırlarmı? - Mənim televiziyada çalışan kifayət qədər dostlarım var. Onlara da demişəm bu sözü. Jurnalist mikrofon tutana qədər əlinə qələm almayıbsa, o, mikrafonu uzun müddət əlində saxlaya bilməz. Bilirsiniz niyə? Çünki Jurnalistikanın ən çətin tərəfi qələmə ala bilməkdir. Sən oxucuya yazı ilə hadisəni göstərməli, dinlətməli və onu ən azı iki saata yaxın özün haqqında düşünməyə vadar etməlisən. Bəli, mən də bilirəm ki, televiziyanın işi daha çətindir. Daha doğrusu, məsuliyyətli və əziyyətlidir. Amma yazı yazan jurnalistin əziyyəti daha ağırdır. Televiziya tamaşaçılara hadisəni göstərir, onun imkanları daha çoxdur. - Amma televiziyada istedadlı gənclərimiz də az deyil... - Doğrudur. Mən müsahibənin başlanğıcında da dedim. Allah bütün insanların beyninə bir-birinə bənzəməyən xüsusi “cip” yerləşdirib. Həmin televiziyalarda, sözün əsl mənasında, uğur qazanan gənc jurnalistlər də də məhz o “cip”ə görədir. Həmin “cip”in sayəsində onlar öz istedadlarını sona qədər göstərə bilirlər və nəticədə, uğur qazanırlar. Bu, hamıya şamil olunmur. Qəzetdə və ya internet mediada çalışan bir jurnalist televiziyada çox böyük uğurlar qazanır və rəhbər vəzifədə çalışır. Kolbasa-çörək, “Coca-cola” ilə qarınlarını doyuzduran redaksiyalardan hər zaman uğurlu adamlar çıxır. Amma televiziyada çalışan jurnalist internet mediaya gəlsə, tez özünü itirəcək. Onlara yalnız səhərlər, planlaşdırmada, süjet üçün hazır mövzular verilib. - Gələcəkdə televiziyada çalışmaq istəməszən? - Hansısa bir müəllif verilişi olsa, çalışaram. Amma televiziyaya müxbir kimi getmərəm. Çünki televiziyada çalışan müxbirlərin hər birinə fərqli çərçivələr verilir. Onların yeganə oxşar cəhəti, həmin çərçivədən kənara çıxa bilməmələridir. Ona görə, orada jurnalist kimi yetişə bilməzsən. İnternet media isə böyük bir məktəbdir. Bu məktəbin ən yaxşı tələbəsi gündəmi müəyyən edir, ictimai rəyi dəyişir və bütün diqqəti bir xəbərlə öz üzərinə çəkə bilir. Bunu kim edirsə, bu cəngəlliyin kralına, aslanına çevrilir. Televiziyada isə kral olmaq, demək olar ki, mümkün deyil. - Azərbaycan mətbuatının gələcəyini necə görürsən? - Mətbuatımız inkişaf edir. Düzdür, reklam bazarımız zəifdir, yenə də inkişafı görməmək doğru olmaz. Məncə, Azərbaycan mətbuatı, həm də çaşqınlıq içərisindədir. Hər gün yaranan irili-xırdalı mətbuat orqanları arasında bənzərlik yaranır. Sanki hamısı bir ananın bətnindən çıxıb. Düşünürəm ki, gələcək 5 ildə bu qədər mətbuat orqanı qalmayacaq. Xəbərə baxış bucağı dəyişəcək və yeni xəbər standartları meydana gələcək. Çünki bizim oxucularımız xəbəri çox tez “həzm edirlər”. Ənənəvi standartlar istifadə edilmiş bez parçasına bənzəyir. Yəqin ki, buna görə, xəbər standartlarında köklü dəyişiklik olacaq.

Elnur/Aktual.az

OXŞAR XƏBƏRLƏR