"Nigarın sevəcəyi oğlan ilk öncə özünə hörmət qoyan və..."
Gənc Tamaşaçılar Teatrının aktrisası, “Xoca” filminin baş rol ifaçısı Nigar Bahadırqızının AZXEBER.COM portalına verdiyi müsahibəni təqdim edirik.
-Nigar xanım, aktrisa olmağın bir xanım üçün ən böyük çətinlikləri nədir?
- Məncə, aktyor və yaxud aktrisa olmaq üçün ilk öncə istedad və savad lazımdı. Qalan hər şeyi bəxt həll edir.Çətinliyə qaldıqda isə hər bir işdə çətinlik var. Mən həyatda sərbəst insanam. Qarşıma maneələr çıxanda asanlıqla onları aşmışam. Aktrisa üçün məncə heç bir maneə olmamalıdı.
-Sizdə aktrisalığa bu qədər sevgi hardan qaynaqlanır?
- Mən özümü uşaq yaşlarımdan yalnız incəsənət sahəsində görmək istəmişəm. Əslində ailədə incəsənətlə məşğul olan adam olmayıb. Amma məni tez-tez tamaşalara aparırdılar. Bir gün Gənc Tamaşaçılar teatrında tamaşa izləyərkən hiss etdim ki, mən əslində bu dünyaya aidəm. O zaman mənim 12 yaşım var idi və özümü hər zaman səhnədə təsəvvür edirdim. 13 yaşımdan dram dərnəyinə getməyə başladım. Sonra isə universitetin birinci kursundan Gənc Tamaşaçılar Teatrına dəvət aldım. Belə bir söz var ki, niyyətin hara mənzilin ora.
- Sizcə, Azərbaycanda tamaşalara, sənət adamlarına maraq niyə azdı?
- Məncə az deyil. Bizim teatrın daima izləyiciləri var. Gözəl tamaşalar hazırlayırıq və hər zaman yeniliklər edirik .Aktrisalara gəldikdə isə mən özümdən deyə bilərəm ki, hər zaman maraq dairəsindəyəm.
- Teatra maraq az olmasa da, siz hər zaman maraq dairəsindəsiz. Bəs bu qədər maraq dairəsində olan insan nəyə görə pessimistdir?
- Pessimistddir? Mən belə deməzdim. Sadəcə son zamanlar sağlamlığımda bəzi problemlər var idi. Hal-hazırda müalicədəyəm. Stress, əsəb və yorğunluq sağlamlığıma pis təsir edir.
- Nəyə görə belə qənaətə gəldim deyim sizə. “Youtube”da özünüz haqda slayd-şou yerləşdirmisiz və orada fonda Röya Ayxanın bəlkə də ən qəmgin mahnısını vermisiniz.
- Sadəcə o mahnını çox sevirəm. Səhv etmirəmsə həmin mahnı “Aktrisa” filminin soundtrekidir.
-Aktrisadan söz düşmüşkən. Sizcə cəmiyyətdə sənət adamlarına münasibət niyə qənaətbəxş deyil? Məsələn, pis mənada deyirlər ki, "aktrisalıq eləmə", "özünü artisliyə vurma" və s.
- Deyirlər də... Hər deyiləni dərd etməzlər, həm də hər kəsin düşüncəsi özünə görədi.
- Səbəbi nə ola bilər sizcə?
- Yəqin özünü artistliyə vuranlar indi çoxalıb. Özüm də hərdən bəzi adamların həyatdakı artistliyinə mat qalıram. Mən diplomlu aktrisa ola-ola mənə həvəskar nömrəsi gəlirlər.
- Özünüzdən razısız?
- Sizcə elə görünürəm? Ola bilər baxır kiminlə və harada. Bir də ki, məncə insan özü-özündən razı olmasa heç kəs ondan razı olmaz.
- Nigar xanım, bu günə qədər çox rol oynamısıznız. Özünüzü həyatda daha çox hansı rolda görmək istərdiz?
- Bu günə qədər istər filmlərdə, istər teatrda oynadığım bütün rolları sevərək oynamışam. Amma elə bir rolum olmayıb ki, həyatda o roldaki kimi olmaq istəyim. Çünki bu günə kimi xoşbəxt sonluqla bitən rolum olmayıb.
-Bəlkə də məhz buna görədir ki, pessimist mahnılar paylaşırsız. Sizi həyatda nə xoşbəxt edə bilər?
- Əslində mənim həyat haqda düşüncələrim tam fərqlidir. Məncə, xoşbəxt həyat yoxdu. Xoşbəxt günlər, xoşbəxt dəqiqələr və saatlar var. Mənimsə həyatımda yetəri qədər xoşbəxt günlər, xoşbəxt saatlar və dəqiqələr olub. Məni yalnız mən xoşbəxt edə bilərəm.
- Sevgiliniz var?
- Xeyir, yoxdur.
-Həmkarınızla ailə qurarsız, yoxsa siz də bəzilər kimi onlardan uzaq gəzirsiz?
- Ailə qurmaq hələ ki, yaxın 5 ildəki planlarıma daxil deyil. Amma mənim ailə quracağım insan seçilən biri olacaq. Hansı sahədən olmağı isə heç fərq etmir.
-Çoxlu oğlan fanatınız var. Çox böyük ehtimalla onlardan bu günə qədər sevgi təklifi də almısınız. Və bu sual onlar üçün də maraqlı olar. Nigarın sevəcəyi oğlan necə olmalıdı?
- Nigarın sevəcəyi oğlan ilk öncə özünə hörmət qoyan və qarşısındakına hörmətlə yanaşan biri olmalıdır. Bir sözlə, özünə və yalnız özünə güvənən biri olmalıdır.
Hacıbəy HeydərliAZXEBER.COM