Tanınmış fotoqraf Rza Deqatinin Şuşada çəkdiyi uşağın həyat hekayəsi

Tanınmış fotoqraf Rza Deqatinin Şuşada çəkdiyi uşağın həyat hekayəsi
SOSİAL
17:46 07.05.2019
4645
Əfsanə BAYRAMQIZI 

O mənim uşaqlığımın tək şəklidir....

Şuşanın son günləri... Arxada şəhər Mədəniyyət evinin binası görünür. İki məktəbli bir-biri ilə mehriban şəkildə dayanıb onların şəhərinə gəlmiş fotaqrafın obyektivinə gülümsəyir. Müharibənin ağrı-acısına və şəhərin hər gün atəşə məruz qalmasına baxmayaraq, gülümsəmək...Aradan 27 il keçir... Görəsən bu uşaqların taleyi necə oldu? Dünya şöhrətli azərbaycanlı fotoqraf Rza Deqatinin çəkdiyi bu şəkildəki məktəblilərin sonrakı taleyi düşündürdü məni. Sosial şəbəkələrdə uzun axtarışlardan sonra şəkildəki buruq saçlı sarışın oğlanın--Bəhramın Bakıda yaşadığını öyrəndim. Bu axtarışlar zamanı tanıdığım əslən Şuşadan olan və Bəhram kimi uşaqlığının ən qayğısız və xoş xatirələrini orada qoyub gəlmiş Anar Fətəliyev məni Bəhramla görüşdürəcəyinə söz verir. Vədələşdiyimiz vaxtda görüşüb Bəhramla görüşə yollanırıq.

"Şuşa haqqında keçmişdə danışmaq mənim üçün çətindir. Hər gün oradakı evimiz, həyətimiz, keçirdiyimiz günlər yadıma düşür...”--deyib susur. Hiss edirəm ki, sükan arxasında olsa da, kövrəlir. Bu susqunluğun və kövrəkliyi Vətənini, doğulduğu yurdunu, uşaqlığını itirmiş adamlardan yaxşı heç kim başa düşə bilməz--deyə düşünürəm.

Yolumuz Mərdəkanana--Bəhram Xəlilovun yaşadığı qəsəbəyədir. Anar deyir ki, o vaxt məktəbli olsa da, Şuşanın son günləri--erməni silahlılarının şəhərə tez-tez atəş açması, yaşayış binalarını hədəf alması və evlərini necə tərk etmələri yadındadır.

" Şuşada 3 nömrəli məktəb oxuyurdum. Atəş səslərinə hamı kimi biz də öyrəşmişdik. Ermənilər atəş açanda maraqla atılan mərminin hansı binanın yanına düşəcəyinə baxırdıq. Camaat hücum olan kimi binanın zirzəmisinə sığınırdı. Ordan qışqırırdılar ki, "Ay bala, gəlin girin içəri”. Bir dəfə mərmi binamızın yaxınlığına düşdü. Elə

onun zərbindən uşaqlarla hərəmiz bir tərəfə düşdük.” Anarın ailəsi Xocalı soyqırımı baş verdikdən bir qədər sonra müvəqqəti olaraq Şuşanı tərk edib.

Ataları ailələrini daha təhlükəsiz yerə göndərib, özü isə şəhərdə qalıb. Nəhayət, ailə Şuşanın işğalından bir neçə gün sonra atalarından xəbər tuta bilib. "Mayın 10-u olardı. Atamdan hələ də səs-soraq yox idi. Sonra xəbər tutduq ki, atam dayımgilə gəlib. Üstü başı al qanın içində idi. Düzü, onu o vəziyyətdə görəndə əvvəl qorxduq . Elə bildik ki, yaralıdır. Bacılarım bir tərəfdən, mən bir tərəfdən qucaqlamışdıq kişini. Həyəcanlandığımızı görüb sakitləşdirdi hamını. Dedi ki, narahat olmayın, yaralı deyiləm. Həlak olmuş adamların meyidlərini daşıyırdıq...”

Bəhrama Şuşada çəkilmiş şəklini göstərirəm. Deyir ki, bu şəklinə ilk olaraq sosial şəbəkələrdə rast gəlib. Onu şəkildən tanıyanlar şəkli Bəhrama göndəriblər: "Mənim bir neçə barmağım uşaq ikən bir az əzilib. Elə əlimdən tanıyıblar ki, bu mənəm. Nə şəklimiz, nəyimiz var idisə, qaldı Şuşada. Siz deyən elə şəklim də olmayıb, açığı. Varsa, yoxsa, elə uşaqlıq şəklim budur. Çıxartmışam bu şəkli. Şuşadan yadigar qalan əziz şəkil elə budur”.

"National Geographic”, GEO, Time Photo kimi dünyanın nüfuzlu jurnallarında, eləcə də informasiya agentliklərində fotoları dərc edilmiş və nüfuzlu mükafatlara layiq görülmüş Rza Deqati yaradıcılığında Qarabağ müharibəsi mühüm yer tutur. Onun Ağdamda Xocalı soyqırımı zamanı sağ qalmış insanların çəkdiyi ürəkağrıdan fotoları, eləcə də Şuşadan çəkdiyi şəkillər beynəlxalq ictimaiyyətə Azərbaycan həqiqətlərinin çatdırılmasında mühüm rol oynayıb və bu gün də həmin şəkillər dövrün xronikasını əks etdirməsi baxımından aktualdır.

Bəhram Xəlilov1982-ci ilin avqustunda dünyaya göz açıb. Sadə bir ailənin övladı olub. Atası Qubadlının Başarat, anası isə Laçının Minkəndindəndir. Tale elə gətirib ki, sonradan valideynləri Şuşada məskunlaşıb: "Atam II Dünya müharibəsi veteranı olub, biz uşaq ikən rəhmətə gedib. O, Qubadlıda riyaziyyat müəllimi işləyirdi. Atam

müharibədən sonra Şuşada qonaq evində mühafizəçi işləməyə başlayıb. Müharibə veteranı olduğu üçün bizə Şuşadan ikiotaqlı ev vermişdilər. Orada yaşayırdıq. Anam bizi böyütmək üçün çox əziyyət çəkib, fədakarlıq edib.”

Bəhramdan qucaqlayıb şəkil çəkdirdiyi oğlanın kim olduğunu soruşuram, fikrə gedir: " Xatırlamağa çalışıram, ancaq yadıma düşmür. Nəsə bizimlə qonşuluqda olan adam deyildi. Yoxsa yadıma düşərdi. Kimdirsə, bizim kimi o da Vətənini, evini itirmiş şuşalılardandır.”

Anar isə dillənir: "Mən də elə bilirəm ki, o kiçik qardaşındır...”

Bəhram və Anarla söhbət etdikcə, Şuşa təkrarən onların uşaqlıq xəyallarında canlanır. Xəyalən də olsa, evlərinə gedirlər. Anarın uşaqlarla birgə evlərə atılan mərmilərin hərəkəti, insanların təşviş içində olması, hamısı xəyalında fırlanır: "Əslində uşaq olsaq da, Qarabağda baş verən müharibə ab-havasından, hücumlardan və evdəki söhbətlərdən başa düşürdük ki, vəziyyət yaxşı deyil. Dayım oğlu Afiq Kərkicahan döyüşlərində yaralanmışdı. Könüllü getmişdi vətəni müdafiəyə. Şuşa xəstəxanasına gətirmişdilər. Atama yalvardım ki, məni də aparsın. Qaranlıq idi. Binaların işıqlarını camaat yandırmırdı ki, ermənilər görməsin. O qaranlıqda küçəboyu getmək çətin idi. Cibimdə düzəltdiyim fanar var idi. Yandıranda atam tez əlimdən aldı. Qoymadı yanmağa. Əvvəl başa düşmürdüm. Sonra atam izah etdi ki, olmaz...”

1992-ci ilin mayında Bəhramın doqquz yaşı vardı. 3 nömrəli Şuşa internat məktəbində təhsil alırdı. Müharibə gedən ölkədə, odun-alovun içində onların oyuncağı da elə gilizlər idi. Şəhər internat məktəbində yerləşmiş hərbi hissənin əsgərləri onlar üçün elə maraqlı idi ki...” Qardaşımla, başqa uşaqlarla əsgərlərdən patron istəyirdik. Maraqlı idi bizə. Ya da gilizləri yerdən toplayırdıq. Bir dəfə yadımdadır, əsgərlərə nəsə gətirdilər. Biz də uşaqlarla onları daşımağa kömək etdik. Onlar da əvəzində bizə iki-üç konserv və çörək verdilər. Çörək demiş, elə o şəkil də çörək almağa gedəndə çəkilib”—Bəhram deyir.

Fransada yaşayan və Qarabağ müharibəsini işıqlandırmış Rza Deqatinin çəkdiyi o məşhur fotonun necə çəkilməsi gününü yada salır Bəhram: "O vaxt çörək qıt idi, çətinlik idi. Yadımdadır, bazarın yanı tərəfdə bir çörək dükanı var idi. Ora çörək gətirəndə növbələr olurdu. "Zil” maşınının sürücüsü Famil dayı xəbər verdi ki, dükanda çörək var. Həmin uşaq çörək almağa gedirdi, mən də ona qoşuldum. Yolda-- Mədəniyyət evinin qabağında bizi saxlayıb şəklimizi çəkdilər. Ondan sonra da jurnalistlər çox çəkiblər...” Müharibə illlərindən danışdıqca, hər gecə erməni silahlılarının atdığı mərmilərin yaratdığı vahiməli səslərini xatırlayır. Erməni terrorçuları tərəfindən Ağdamdan Şuşaya hərəkət edən mülki vertolyotun 1992-ci il yanvarın 28-də vurulması da onun unuda bilmədiyi məqamlardandır: "Vertolyot vurulanda hamı kimi, biz uşaqlar da maraq və həyəcanla baxırdıq. Sabah nə baş verəcək, bilmirdik…”

Bəhram deyir ki, evlərindən çıxanda əvvəlcə bir qrup camaatla yarıyolacan maşınla gəliblər: "Sonra "Zastava” deyilən yerdən meşə ilə piyada gəldik Turşsu kəndinə. Təhlükəli idi. Ermənilər atırdılar. Zarıslıya gəldik. Zarıslıya çatanda 4 əsgərin meyidini gördük. Bakıdan olan əsgərlər var idi, qolundan yaralanmışdı biri. O əsgərlər adamlara, yaşlılara kömək etdilər ki, arx kimi yer var idi ordan keçsinlər. Sonra ordan çox meyid daşıyıb apardılar. Bərdəyə gəldik.. O vaxt Şuşa Pedoqoji texnikumunda qızlar oxuyurdu, Bərdədən bir tələbə qız qardaşımgildə kirayə qalırdı. Biz Bərdəyə gələnədə təsadüfən o qızın atası bizi görüb, evinə apardı. ”

Daha sonra ailə Bakıya pənah gətirib, bir müddət Xızıda, Altıağacda sanatoriyada məskunlaşdıqdan sonra Bakıya qayıdıblar. Yenidən min-bir çətinliklə, halal zəhmətlə həyatlarını qurublar. Bəhram deyir ki, Şuşada olanda "semiçka” satırdılar. Elə Bakıda da qardaşları ilə birgə elektrik qatarında xırda alverlə məşğul olmağa, ailəni dolandırmağa başlayıblar: "Şəkildə geydiyim yaşıl jileti anam toxuyub. Onu mən uzun müddət Bakıda da geymişəm. Sonra onu kəsdim. "Elektikçka”da semiçka satanda belimə bağlayırdım. Uzun müddət o jileti saxladım...”

Həmsöhbətim daha sonra Rusiyaya iş dalınca gedib. Bir neçə il orada işlədikdən sonra topladığı pulla Bakıda öz güzəranını qurub. Amma illər keçsə də, Şuşadakı acılı-şirinli uşaqlıq illəri, evləri, qonşuları daim yadındadır və hər dəfə uşaqlığının yeganə şəklinə baxdıqca şuşalı günlərini xatırlayır.

Digər həmsöhbətim Anar Fətəliyevin uşaqlıqdan sevimli oyuncağı "15 daş” oyunu isə ona Şuşadan qalmış yeganə təsəlləsi və əmanətidir: " O vaxt "15 daş” oyunu uşaqlığımızın maraqlı oyunlarından idi. Şuşada uşaqlarda görmüşdüm, xahiş etmişdim ki, atam ondan mənə də alsın. Günlərlə ağlamışdım ondan ötrü. Axır atam bütün Şuşadakı dükanları gəzib bir həftə sonra onu tapıb almışdı. Şuşanı tərk edəndə də o mənim cibimdə idi. Uşaqlarım da onu oynadıb. Onlara həmişə Şuşadan danışıram. Onlar xəyallarında Şuşa ilə böyüyürlər..”

PS: Yəqin ki, bu yazıdan sonra 1992-ci ildə tanınmış fotoqraf Rza Deqatinin şəklini çəkdiyi ikinci uşaqdan da xəbər çıxacaq…

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR