Tanınmış həkim Azərbaycanı beynəlxalq konfransda təmsil etdi
AZXEBER.COM xəbər verir ki, 13-16 aprel, 2019-ci il tarixdə Niderlandın Amsterdam şəhərində 29-cu Avropa Klinik Mikrobioloji və İnfeksion Xəstəliklər Konqresi – ECCMİD (European Congress of Clinical Microbiology and İnfectious Diseases) keçirilib.
Bu konqresdə Böyük Britaniya, ABŞ, Niderland, Fransa, Almaniya, Türkiyə, Rusiya, Azərbaycan, İspaniya, İtaliya, Avstriya, İsveçrə, Belçika və b. daxil olmaqla dünyanın 127 ölkəsindən 13494 nəfər aparıcı mütəxəssis iştirak edib. Azərbaycanı isə bu konqresdə Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, yoluxucu xəstəlikər üzrə mütəxəssis Elza Orucova təmsil edib. O, Avropada çox nüfuzlu sayılan Klinik Mikrobioloji və İnfeksion Xəstəliklər Cəmiyyətinin (ESCMİD) tam üzvüdür və yoluxucu xəstəliklər üzrə mütəxəssis kimi bu konqresə dəvətli olunub.
Konqres infeksion xəstəliklər və klinik-mikrobiologiya üzrə cari ilin ən böyük tədbirlərindən sayılır. ECCMİD Proqram komitəsi tərəfindən klinik-mikrobiologiya və infeksion xəstəliklərin diaqnozu və müalicəsinin bütün sahələrini əhatə edən 5000 elmi iş nəşr edilməklə təhsil seminarları, ekspert sessiyarı, mühazirələr, elmi simpoziumlar, şifahi və poster sessiyalar daha təkmil formada hazırlanmışdır. Konqres ərzində son diaqnostik təchizatların və farmaseptik məhsulların möhtəşəm sərgisi keçirilib.
Konqresin mövzusu klinik-mikrobiologiya və infeksion xəstəliklərin müasir problemlərinə, xüsusən, Avropada çoxdan "unudulan” və hazırda yenidən qayıdan qızılca, virus hepatitləri, qrip və digər respirator infeksiyalar, hemorragik qızdırmalar, legionelloz, sitomeqalovirus infeksiyasına və s. həsr edildi.
E.Q. Orucova bu mötəbər konqresdə Y. Rodriguez-Banonun Prezidentliyi ilə ESCMİD Baş Məclisi üzvlərinin 2019-cu ilə dair hesabatının keçirildiyi geniş iclasda səsvermə hüququndan istifadə edərək işgüzar müzakirələrə təkliflərin verilməsində iştirak etmiş, iclasın daxili gündəliyinə aid məsələlərdə səsindən istifadə edilib.
O, səfər çərçivəsində bir çox ölkələrin, xüsusən Türkiyə təmsilçisi və sözügedən cəmiyyətin professional işlər üzrə sədri Ö. Ərkönül, həmçinin Rusiya, İspaniya infeksionistləri və b. ilə təkbətək görüşlər keçirmiş və onlara Azərbaycanda infeksion xəstəliklər üzrə əldə olunan son nailiyyətlər barəsində məlumatlar vermiş və gələcəkdə onlarla birgə fəaliyyət istiqamətində təcrübə mübadiləsi aparmağa gözəl imkan yaradan müzakirələr aparılıb.
Beynəlxalq konqresin növbəti 2 ildə Parisdə və Vyanada keçirilməsi nəzərdə tutulub.