Rusiyalı mütəxəssis Valeri Nipomnyaşiy UEFA Çempionlar Liqasının liqa mərhələsində bu gün keçiriləcək "Qarabağ” – "Çelsi” oyunu öncəsi fikirlərini bölüşüb.
AZXEBER.COM xəbər verir ki, təcrübəli çalışdırıcı "Championat” nəşrinə açıqlamasında bildirib ki, "Qarabağ” bu səviyyədə ciddi rəqibdir və meydanda sonadək mübarizə aparır:
"Elə alınıb ki, dostlarım arasında "Qarabağ” azarkeşləri çoxdur, daim soruşurlar: "Bizim "Qarabağ” necədir?”. Mən hələ vaxtilə Birinci Liqada işləyəndə bu klubla qarşılaşmışam, amma o zaman "Qarabağ” Xankəndində idi, indiki kimi Bakıda yox. İndi isə çox fərqli və ciddi komandadır. Heyət baxımından geridə qalsalar da, bütün oyunçuları prosesə cəlb edirlər”.
Nipomnyaşiy hesab edir ki, "Qarabağ” bu oyundan xal ala bilər:
"Futbolda hər şey mümkündür. "Qarabağ” səviyyə fərqinə baxmayaraq, heç-heçə üçün oynaya bilər. Çempionlar Liqasında nəticələr bəzən tam gözlənilməz olur”.
Mütəxəssis əlavə edib ki, qarşılaşmanın nəticəsi həm "Qarabağ”, həm də ümumilikdə Azərbaycan futbolu üçün önəmli olacaq.
Qeyd edək ki, görüş bu gün, Bakıda vaxtı ilə saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Zəfər Hacılı








































