Tariflərin optimallaşdırılması sosial gərginliyi, xüsusilə, yoxsulluğun səviyyəsini artırmayacaq.
Bunu AZXEBER.COM-a Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Vüsal Qasımlı bildirib.O, 2007-ci ilin yanvarında Tarif Şurası tərəfindən bəzi tənzimlənən qiymətlərin qaldırılmasından sonra yoxsulluq səviyyəsinin aşağı düşməsinin qeydə alındığını bildirib. O qeyd edib ki, yoxsulluq səviyyəsi 2007-ci ildə 15,8 faiz idisə, 2008-də bu göstərici 13,2 faizə düşdü və sonrakı illərdə pozitiv dinamika saxlanılıb. Bu göstərici 2009-cu ildə 10,9 faiz, 2010-cu ildə 9,1 faiz, 2011-ci ildə 7,6 faiz və 2012-ci ildə 6 faiz təşkil edib.“Beləliklə, Azərbaycan iqtidarı tənzimlənən qiymətlərin artırılması nəticəsində əhalinin aztəminatlı təbəqəsinə dəyə biləcək ziyanı minimuma endirdi, əksinə tariflərin bahalaşmasından əldə olunan gəlirləri əhalinin aşağı təbəqəsinin xeyrinə yenidən böldü. Çünki 2007-2012-ci illər ərzində orta pensiya 62,9 manatdan 152 manata, ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 78 mindən 134 minə, orta əmək haqqı isə 216 manatdan 398 manata çatıb”.V.Qasımlı bildirib ki, bəzi tənzimlənən qiymətlərin artırılması barədə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli qərarından keçən 7 il müddətində (2007-2013-cü illər) istehlak qiymətləri indeksi 72 faiz bahalaşdığı halda dövlət tərəfindən tənzimlənən qiymətlər bəzi istisnalarla sabit qalıb.“Beləliklə, qiymət disproporsiyası resursların rasional bölgüsünə rəvac verib və iqtisadiyyatın səmərəli fəaliyyətinə problem yaradıb”.Onun sözlərinə görə, Azərbaycanda benzinin qiyməti hətta MDB məkanı ölkələri ilə müqayisədə aşağı idi.“Məsələn, Azərbaycanda orta əmək haqqı ilə təxminən 720 litr Aİ-95 benzin almaq olduğu halda, Qazaxıstanda cəmi 650 litr (Belarusda bundan da az) Aİ-95 benzin istehlak etmək mümkün idi. Beləliklə, əmək haqqı perspektivindən yanaşanda da benzin Azərbaycanda MDB-nin lider ölkələri (onların karbohidrogen ehtiyatları ilə zəngin olmasından asılı olmayaraq) ilə müqayisədə ucuz idi”.