Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Silahlı Qüvvələrin general-mayoru, 3-cü Ordu Korpusunun komandir müavini – Qərargah rəisi Polad Həşimovun şəhid olmasının altıncı ildönümüdür.
AZXEBER.COM xəbər verir ki, 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən döyüşlər zamanı ön xətdə döyüşü idarə edərkən şəhid olan Polad Həşimov müstəqil Azərbaycanın döyüş meydanında şəhid olan ən yüksək rütbəli generallarından biri kimi tarixdə qalıb.
Onun şəhidliyə gedən ömür yolu isə belə olub:
Polad İsrayıl oğlu Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində zəhmətkeş bir ailədə dünyaya göz açıb. Bir yaşı tamam olmamış ailəsi ilə birgə Sumqayıta köçən Poladın uşaqlıq və gənclik illəri bu şəhərdə keçib. O, orta təhsilini Sumqayıtdakı 28, 33 və 34 nömrəli məktəblərdə alıb.
Məktəb illərində hüquqşünas olmaq arzusu ilə yaşayan gənc Poladın taleyini Birinci Qarabağ müharibəsinin başlaması dəyişib. Vətənin çətin günündə hərbçi peşəsini seçən Polad 1992-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olub. Təhsil aldığı illərdən etibarən cəbhə bölgələrində döyüş tapşırıqlarının yerinə yetirilməsində yaxından iştirak edib.
1994-cü ildə Türkiyənin İstanbul şəhərində yerləşən "Tuzla Piyada Məktəbi"ndə hərbi hazırlıq kursunu bitirən P. Həşimov 1995-ci ildə ali hərbi təhsilini başa vuraraq Silahlı Qüvvələr sıralarında xidmətini davam etdirib.
Nümunəvi xidməti ilə seçilən zabit taqım komandirliyindən hərbi hissə komandiri vəzifəsinədək şərəfli bir yol keçib. O, Birinci Qarabağ müharibəsi ilə yanaşı, 2016-cı ilin Aprel döyüşlərində də ön xətdə vuruşaraq strateji yüksəkliklərin azad olunmasında mühüm rol oynayıb.
2014–2016-cı illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasında magistr təhsili alaraq nəzəri biliklərini artıran Polad Həşimova Azərbaycan Prezidentinin 24 iyun 2019-cu il tarixli sərəncamı ilə general-mayor ali hərbi rütbəsi verilib.
Onun şəhid olması xəbərini ictimaiyyətə Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.
Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-major Polad Həşimovun anası Səmayə Həşimova ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P. Həşimova Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib.
P. Həşimovun iki oğlu və bir qızı yadigar qalıb.
Fəridə Əsədzadə











































