Tbilisi Avropa Parlamentinin Gürcüstanla bağlı yeni qətnaməsinə etiraz edib

Tbilisi Avropa Parlamentinin Gürcüstanla bağlı yeni qətnaməsinə etiraz edib
DÜNYA
20:53 26.11.2026
62
Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Avropa Parlamentinin (AP) ölkə ilə bağlı qəbul etdiyi yeni qətnaməni yanlış məlumatlara əsaslanan və ikitərəfli münasibətlərə zərər vuran sənəd kimi qiymətləndirib.

AZXEBER.COM xəbər verir ki, bu məsələ ölkənin xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili ilə Avropa İttifaqının (Aİ) ölkədəki nümayəndəliyinin rəhbəri Pavel Herçinski arasında keçirilən görüşdə müzakirə olunub.

Gürcüstan XİN-in məlumatına görə, Zurabaşvili AP-də Gürcüstanla bağlı aparılan debatlara və noyabrın 26-da qəbul edilən yeni qətnaməyə etirazını bildirib.

AP-nin "Paata Burçuladzenin işi və "Gürcü Arzusu" hökuməti dövründə siyasi məhbuslar" adlı qətnaməsi 441 lehinə, 47 əleyhinə səslə qəbul edilib, 86 deputat bitərəf qalıb. Sənəddə opera müğənnisi Paata Burçuladzenin, müxalif siyasətçilər İrakli Nadiradze və Paata Mancladzenin, eləcə də parlamentin siyasi məhbus hesab etdiyi digər şəxslərin azadlığa buraxılması tələb olunub. Qətnamədə həmçinin Gürcüstan rəsmilərinə qarşı məqsədli sanksiyaların tətbiqinə dair çağırış yer alıb.

Gürcüstan XİN-in bununla əlaqədar yaydığı bəyanatında Zurabaşvilinin Avropa Komissiyasının nümayəndəsinin açıqlamasına da münasibət bildirdiyi qeyd olunub. Nazir müavini Aİ-nin "özbaşına saxlanılan" hesab etdiyi şəxslərin ad və soyadlarının açıqlanmasını tələb edib.

Bəyanatda vurğulanıb ki, Gürcüstan tərəfi çoxsaylı müraciətlərinə baxmayaraq, indiyədək Aİ-dən həmin şəxslərlə bağlı konkret məlumat almayıb. XİN hesab edir ki, müvafiq hüquqi qiymətləndirmə Gürcüstan məhkəmələrinin qərarları ilə müəyyən olunub və Avropa İttifaqının ittihamları əsassızdır.

Görüşdə Gürcüstan tərəfi ölkənin Avropa İttifaqına üzvlük prosesinə sadiqliyini bir daha bəyan edib və Tbilisi ilə Brüssel arasında açıq dialoqun vacibliyini vurğulayıb.

Qeyd edək ki, Avropa Parlamentinin yeni qətnaməsi Gürcüstanda siyasi məhbuslar, məhkəmə prosesləri və fundamental hüquq və azadlıqlarla bağlı narahatlıqları əhatə edir. Sənəd Avropa Parlamentinin siyasi mövqeyini ifadə edir.
OXŞAR XƏBƏRLƏR