TƏBİB və Səhiyyə Nazirliyi birləşdiriləcək? - Səhiyyə sistemində yeniliklər gözlənilir

TƏBİB və Səhiyyə Nazirliyi birləşdiriləcək? - Səhiyyə sistemində yeniliklər gözlənilir
ÖZƏL
16:04 18.02.2026
683
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun vəzifəsindən azad edilməsindən sonra səhiyyə sistemində mümkün struktur dəyişiklikləri yenidən gündəmə gəlib. Onun səlahiyyətləri müvəqqəti olaraq qurum sədrinin müavini Anar İsrafilova həvalə olunub. Bu qərar səhiyyə sahəsində gözlənilən geniş islahatların başlanğıcı kimi qiymətləndirir, hətta Səhiyyə Nazirliyi ilə TƏBİB-in birləşdirilməsi ehtimalı da müzakirə olunur.

Tibb elmləri doktoru, professor Adil Qeybulla AZXEBER.COM-a açıqlamasında deyib ki, TƏBİB və Səhiyyə Nazirliyinin birləşməsi daha yaxşı olardı:

"Struktur dəyişiklikləri Prezidentin birbaşa səlahiyyətinə daxildir. Lakin TƏBİB və Səhiyyə Nazirliyinin vahid struktur çərçivəsində fəaliyyət göstərməsi ümumi icra mexanizminin formalaşmasına səbəb ola bilər. Bu isə səhiyyə sistemində idarəetmənin daha effektiv təşkilinə xidmət edər. Çünki Səhiyyə Nazirliyinin peşəkar baş mütəxəssisləri mövcuddur və Nazirlik bu sahədə koordinasiya funksiyasını həyata keçirmək imkanına malikdir”. 
 


Professor qeyd edib ki, səhiyyə sahəsində şəffaflıq qorunmalıdır:

"Bütün xəstəxanaların və tibb subyektlərinin Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərməsi idarəetmədə vahidliyin təmin olunmasına kömək edə bilər. İcbari Tibbi Sığorta sistemində müəyyən nöqsanlar olsa da, bu istiqamətdə mühüm işlər görülüb. Mövcud problemlər mərhələli şəkildə aradan qaldırılmalı və ayrılan vəsaitlər hesabına daha effektiv və dayanıqlı səhiyyə sistemi formalaşdırılmalıdır. Eyni zamanda, səhiyyə sahəsində şəffaflığın qorunması əsas prioritetlərdən biri olaraq qalmalıdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR