Təbiəti qədər bəxti gözəl olmayan Zəngəzur

Təbiəti qədər bəxti gözəl olmayan Zəngəzur
SİYASƏT
11:10 20.05.2021
1204
Tarixə nəzər salanda görürük ki, Azərbaycan ərazilərində bir çox ölkələrin gözü olub. Füsunkar təbiəti, ərazi relyefi tarix boyu bu torpaqların başına bəlalar gətirib. 

Düşmən nəzərlərindən uzaq qalmayan, öz anası Azərbaycandan ayrı düşən torpaqlardan biri də Zəngəzur torpaqları olub. O Zəngəzur ki, Zəngəzur dağ silsiləsi ilə Qarabağ yaylası arasında yerləşərək öz qoynunda Bazarçayı bəsləyir.  Bütün Zəngəzur mahalı boyu uzanan bu dağ silsiləsi Tərtər və Arpaçay çaylarının yuxarı axınlarından Araz çayınadək gedib çıxır.

Təəssüf ki, Zəngəzurun bəxti təbiəti qədər gözəl olmayıb. 

Zəngəzur bölgəsi, Rusiya İmperiyası dövründə 1868-1917-ci illər arasında Yelizavetpol Quberniyasının bir hissəsi idi.

1918-ci ildə Naxçıvan və Qarabağ bölgələrində olduğu kimi yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan Demokratik Respublikası arasında sərhəd mübahisələri yaşandı.

Bolşevik Qırmızı Ordusu 28 aprel 1920-ci ildə Bakını fəth etdikdən sonra Nəriman Nərimanov tərəfindən 1 dekabr 1920-ci ildə Naxçıvan və Qarabağ bölgələri ilə yanaşı Sovet Ermənistanına bağlı olduğu elan edildi. Lakin bu qərar çox keçmədən ləğv edildi. Bunun bir sui-qəsd olması və ya Qırmızı Ordunu Ermənistana aparması üçün edilən təzyiqlərin bir nəticəsi olması məlum deyil.

Sonrakı aylarda Naxçıvan azərbaycanlıların və Zəngəzur ermənilərinin nəzarətinə keçdi və bu bölgələrin uzunmüddətli demoqrafik homogenləşməsinin başlanğıcı idi.

Daha sonra Zəngəzurun Qafan, Gorus, Qarakilsə və Mehri bölgələri Sovetlərin qərarı ilə Ermənistan Sovet Sosialist Respublikasına birləşdirildi.

XX əsrin əvvəllərindən etibarən Zəngəzuru ələ keçirmək üçün hərəkətə keçən ermənilər buna nail ola bildilər. Strateji əhəmiyyətli Zəngəzur bölgəsi Azərbaycanın cənub-qərbini və Ermənistanın cənub-şərqini İran sərhədində əhatə edir. Rus qoşunlarının işğalından sonra köhnə türk-müsəlman torpaqları olan Zəngəzur bölgəsi əhalisinin etnik tərkibində dəyişikliyə məruz qaldı. Rusiya ilə İran arasında Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin imzalanmasından sonra ermənilərin Zəngəzur bölgəsinə kütləvi köç prosesi başladı. İrandan Türkmənçay müqaviləsi ilə məskunlaşan 8249 erməni ailəsindən 1300 nəfəri Qarabağda və Zəngəzurda məskunlaşdı, nəticədə bölgədəki demoqrafik vəziyyət ciddi dəyişikliklərə uğradı.

Ermənilər iyirminci əsrin əvvəllərində Zəngəzuru ələ keçirmələrinə kömək edən dövlətlər sayəsində işğala son verdilər. Zəngəzurun Azərbaycandan Ermənistana ayrılması nəticəsində Azərbaycanın əsas hissəsi Naxçıvandan ayrıldı və böyük türk dünyası coğrafi olaraq dağıldı.

Hazırki dövrdə Azərbaycan Respublikası Zəngəzur ərazisini öz torpaqları kimi qəbul edir, amma Ermənistana qarşı ərazi iddiasında deyil. Prezident İlham Əliyev öz çıxışında məsələyə bu cür yanaşmışdır:

"Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik".

Azərbaycan xalqının bir yumruq altında birləşdiyi Vətən müharibəsinin yaratdığı  ən mühüm nəticələrdən biri  bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. 

Prezident İlham Əliyev bəyan edib ki, üçtərəfli Bəyanatda, xüsusilə bu məsələnin əks olunması bizim böyük siyasi qələbəmizdir.  Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir. İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Lakin onları məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq. Beləliklə də Ermənistanın Azərbaycanın siyasi iradəsini qəbul etməkdən başqa yolu qalmayacaq.

Bütün Azərbaycan xalqı ümid edir ki, yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan öz tarixi torpaqlarına qovuşacaq. Necə ki, 30 ilə yaxın həsrətdən sonra Ali Baş Komandanın qətiyyətli mübarizəsi, Azərbaycan xalqının əzmkar iradəsi və güclü Azərbaycan Ordusunun Zəfəri nəticəsində Azərbaycan Qarabağına - yaşıl bağına qovuşdu.

Aydın Nuri
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR