Təhsil Nazirliyi ilə "Respublika" qəzetini üz-üzə qoyan qalmaqallı - MƏQALƏ

Təhsil Nazirliyi ilə "Respublika" qəzetini üz-üzə qoyan qalmaqallı - MƏQALƏ
SOSİAL
14:22 27.10.2016
2940
Xəbər vediyimiz kimi, Rəsmi dövlət qəzeti "Respublika”nın bugünkü sayında müəllifi Təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən "Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı yazıdan sonra nazirliklə qəzet arasında qalmaqal yaşanıb.
 
Nazirlik yaydığı rəsmi açıqlamada bu yazının Mikayıl Cabbarova aid olmadığını deyib: Sözügedən qəzetin 27 oktyabr 2016-cı il tarixli nömrəsində müəllifi təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən "Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı yazının əslində nazirə heç bir dəxli yoxdur: "Təhsil Nazirliyinin Mətbuat xidməti bildirir ki, qeyd olunan yazı təhsil naziri Mikayıl Cabbarova aid deyil və onun hazırlanması ilə bağlı "Respublika” qəzetindən Təhsil Nazirliyinə heç bir müraciət olunmayıb”.
 
"Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov Təhsil Nazirliyinin bu mətbuat orqanında çap olunan məqaləylə bağlı bəyanatına cavab verib.
Baş redaktor Teymur Əhmədov deyib ki, bu, rəsmi müraciət əsasında hazırlanan məqalədir: "Bu məqalə bizim sifarişimiz və xahişimizlə nazirliyin aparatında yazılıb, bu barədə özləri xəbərdardırlar. Bizə təqdim olunan məqaləni də çap etmişik. Bəzi araqarışdıranlar var ki, özlərini işgörən kimi təqdim etməyə çalışırlar. Mən bu qəzetin baş redaktoruyam, özbaşına iş görərəmmi heç? Durub kiminsə adından məqalə yazıb çap edərəmmi heç?”. Qəzet rəsmisi məqalədə nazirlə bağlı hər hansı neqativ məqam olmadığını bildirib: "Nazir təhsilin inkişafı ilə, aparılan siyasətlə bağlı öz mülahizələrini danışıb. Əgər dəqiq öyrənmək istəyirsinizsə, cənab nazirin özündən soruşun. Onda əmin olacaqsınız ki, nazirin icazəsi olmadan biz bunu çap etmərik. Əgər məqalə nazirin adından çıxıbsa, deməli 100 faiz Mikayıl Cabbarovun məsələdən xəbəri var”. 
 
AZXEBER.COM məsələnin aktuallığını nəzərə alaraq həmin yazını təqdim edir:
 
İnkaredilməz həqiqətdir ki, müstəqillik xalqın keçdiyi inkişaf yolunda bir zirvədir. Dövlət qurmaq, müstəqil yaşamaq bəşər tarixində heç də bütün xalqlara nəsib olmur. Tarixdə vaxtilə dövləti olan, sonra müxtəlif səbəblərdən varlığına son qoyulan ölkələr də, öz suverenliyini hissə-hissə itirən müstəqil dövlətlər də az olmamışdır. 25 il əvvəl Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi şanlı tariximizə qızıl hərflərlə yazılmış ən qürurverici hadisədir. Müstəqilliyin ilk illərində Azərbaycan çox ciddi sınaqlarla qarşılaşdı. Ölkədə təhsil müəssisələrinin maddi-texniki bazasının dağılması tendensiyası hökm sürürdü, dərsliklərin şagirdlərə pulsuz verilməsi dayandırılmışdı, uşaqların icbari təhsilə cəlb olunması səviyyəsi aşağı düşmüşdü. Ən qabiliyyətli, bilikli, savadlı təhsil işçilərinin, xüsusilə ali məktəb müəllimlərinin müxtəlif peşələrə, xarici ölkələrə axını başlanmışdı. Ermənistanın Azərbaycana təcavüzü, ölkədəki qeyri-sabitlik, bütün sahələrdə olduğu kimi, təhsil sistemini də iflic vəziyyətinə salmış, tədrisi xeyli çətinləşdirmişdi. Dağlıq Qarabağ və ətraf rayonların işğalı nəticəsində 220 körpələr evi, 616 ümumtəhsil məktəbi, 35 məktəbdənkənar təhsil müəssisəsi, 11 peşə məktəbi, 9 orta ixtisas məktəbi, 1 ali məktəb, 3 ali məktəb filialı dağıdılmışdı. Ərazilərimizin işğalı ilə əlaqədar olaraq 1 milyondan çox soydaşımız, o cümlədən 175600 nəfər şagird və tələbə, 19400 təhsil işçisi öz doğma ölkəsində məcburi köçkünə çevrilmişdi. Həmin dövrdə qaçqın və məcburi köçkünlərin əksəriyyətinin təhsil müəssisələrinin tədris və yataqxana korpuslarında məskunlaşması nəticəsində respublikada təhsil sisteminin ahəngi ciddi şəkildə pozulmuşdu. Ölkənin şəhər və rayonlarında 9 ali məktəb, 17 texnikum, 48 texniki peşə və 850-yə qədər ümumtəhsil məktəbinin tədris və yataqxana korpuslarında, 100-dən çox uşaq bağçasında 7500-dən çox qaçqın və məcburi köçkün ailəsi məskunlaşmışdı. Yalnız xalqımızın böyük oğlu, dahi siyasətçi və mahir dövlət xadimi Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra onun titanik səyləri, müdrik siyasəti nəticəsində ölkəmiz vətəndaş müharibəsi, parçalanmaq təhlükəsindən qurtardı. 1994-cü il mayın 12-də atəşkəs elan edildi və ölkədə siyasi sabitliyin bərpası və iqtisadiyyatın dirçəlişi istiqamətində müəyyən addımlar atıldı. Bütün bunlar təhsil sistemində nizam-intizamın bərpasına şərait yaratdı, bu sahədə çalışan insanların sosial müdafiəsini yaxşılaşdırdı və təhsilin inkişafına öz təsirini göstərdi. 1995-ci ildən etibarən ölkədə siyasi sabitlik bərqərar oldu, milli təhsil quruculuğu istiqamətində əhəmiyyətli addımların atılmasına başlandı, Heydər Əliyev müstəqil Azərbaycanda milli təhsil quruculuğunun da memarı oldu. Böyük iqtisadi çətinliklərə baxmayaraq, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində addımlar atıldı, təhsil sahəsində baş alıb gedən tənəzzülün və dağıdıcı proseslərin qarşısı alındı, təcrübəli müəllimlərin təhsil ocaqlarını tərk etməsi kimi mənfi meyilin qarşısı alındı. 1992-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yaradıldı, 1992-1993-cü tədris ilində TQDK tərəfindən ali məktəblərə ilk tələbə qəbulu keçirildi. Müstəqilliyin ilk illərində bu istiqamətdə ciddi çətinliklər olsa da, ümummilli lider Heydər Əliyevin diqqəti və qayğısı nəticəsində bu proses daha da təkmilləşdirildi, qaydalarda əsaslı dəyişikliklər edildi. 1993-1994-cü tədris ilindən ali təhsildə 4 illik bakalavriatura və 2 illik magistratura sisteminə keçildi. 1997-ci ildə bakalavriaturanın ilk buraxılışı oldu, eyni zamanda həmin il ilk dəfə olaraq magistr hazırlığına başlandı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə ölkədə ali təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi istiqamətində əsaslı addımlar atıldı, bir sıra ali təhsil müəssisələri yenidən quruldu və universitet statusu aldı. Müstəqilliyimizin ilk illərində təhsil sistemində yeniliklərdən biri də özəl təhsil müəssisələrinin yaranması oldu. 1998-ci ildə ölkədə artıq dövlət qeydiyyatından keçmiş 17 özəl ali məktəb fəaliyyət göstərirdi. 2001-ci ildə ilk özəl ümumtəhsil məktəbi - Müasir Təhsil Kompleksi fəaliyyətə başladı və bu proses dönməz xarakter aldı. Hazırda ölkəmizdə özəl məktəbəqədər, ümumi və ali təhsil müəssisələrinin geniş şəbəkəsi fəaliyyət göstərir. Müstəqillik illərinin ən mühüm hadisələrindən biri də dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla tələbə qəbulunun aparılması idi. Ali təhsil pilləsində ödənişli təhsil barədə Ulu Öndər tərəfindən 1995-ci ildə imzalanmış tarixi sərəncam bu pillənin sonrakı illərdə intensiv inkişafı üçün real zəmin yaratdı. Həmin illərdə təhsilin bütün pillələrinin normativ-hüquqi bazasının yaradılması, məzmununun yenilənməsi istiqamətində sistemli işlər görüldü. Lakin ölkəmizin təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlərin böyük əksəriyyəti təhsilin yalnız ayrı-ayrı sahələrinin təkmilləşdirilməsinə yönəlmişdi. Müstəqil dövlətimizin müasir tələblərə cavab verən təhsil sisteminin yaranması üçün sistemli islahatlara ehtiyac var idi. Bu ehtiyacı böyük uzaqgörənliklə duyan Heydər Əliyev 1998-ci ildə ölkəmizdə təhsil sistemində islahatlar aparılmasına dair xüsusi sərəncam imzaladı. Çox qısa müddət ərzində "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də ölkə başçısı tərəfindən təsdiq edildi. Proqramda mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatların aparılması nəzərdə tutulurdu.
Böyük öndərin Azərbaycan müəllimlərinin XI qurultayında məktəb tikintisi, təmiri və təchizatına yardım göstərilməsi ilə bağlı çağırışı cəmiyyətdə böyük əks-səda verdi, bununla əlaqədar məktəb tikintisi və təmiri sahəsində böyük işlər başlandı. 1998-2002-ci illərdə müxtəlif xarici təşkilatlar tərəfindən respublikamızın 10 rayonunda 8936 yerlik 28 məktəb binası tikildi, 15 rayonda 29045 yerlik 70 məktəb binası əsaslı təmir olundu. Ümumiyyətlə, həmin illər ərzində 116 yeni məktəb inşa edilmişdi. Bu işlər 2002-ci ildə ölkə Prezidenti Heydər Əliyev tərəfindən təsdiq edilən və 2003-2007-ci illəri əhatə edən Dövlət Proqramından sonra daha sistemli şəkildə aparılmağa başlandı. M üstəqilliyimizin ilk illərində ölkənin maliyyə çətinliyi qarşısında qaldığı, ən mühüm həyati əhəmiyyət kəsb edən sahələri belə maliyyələşdirməyə dövlətin vəsait ayırmağa çətinlik çəkdiyi bir vaxtda ulu öndər Heydər Əliyev təhsilə xüsusi qayğı göstərir, çətinliklərə baxmayaraq, büdcədən təhsilə ayrılan vəsait ildən-ilə artırılırdı. Müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi də Heydər Əliyevin daim diqqət mərkəzində duran məsələlərdən idi. Ölkə başçısı tərəfindən 1993-2003-cü illərdə təhsil işçilərinin əməkhaqqının artırılması ilə əlaqədar 9 dəfə Fərman imzalanmışdı. Hər il ən yüksək bal toplayaraq ölkənin ali məktəblərinə daxil olan gənclər üçün xüsusi Prezident təqaüdünün, eləcə də istedadlı gənclər üçün fəxri təqaüdlərin, Prezident fərmanı ilə "Qızıl kitab”ın təsis olunması bu qayğının bariz nümunəsi idi. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 13 iyun tarixində imzaladığı "Azərbaycan Respublikasında təhsil sisteminin daha da təkmilləşdirilməsi haqqında” fərmanı bu sahədə aparılan islahatları yeni keyfiyyət mərhələsinə qaldırdı. Fərmanın icrası istiqamətində görülən işlər nəticəsində bir çox ali məktəblərə universitet statusu verildi, digər nazirliklərin və dövlət qurumlarının tabeliyində olan təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilməklə təhsil sisteminin vahid mərkəzdən idarə edilməsi imkanı yarandı. Təhsilimizin yaxın dostu və himayəçisi Heydər Əliyevin adı ilə bağlı olan daha bir mühüm tədbirə - ümumtəhsil məktəblərinin şagirdlərinə dərsliklərin pulsuz verilməsinə başlandı. Həmin dövrdə təhsil sahəsində özünü göstərən ən ciddi yeniliklərdən biri də yeni əlifbaya keçilməsi, latın qrafikalı əlifbanın tətbiqinin reallığa çevrilməsi idi. Müasir Azərbaycan dövlətinin banisi, ölkəmizi dünyanın ən inkişaf etmiş, sivil dövlətləri səviyyəsinə çatdırmağı həyatının əsas amalı, qayəsi sayan, özünün böyük dühası, zəngin idarəçilik təcrübəsi, dönməz iradəsi ilə bu məqsədin əldə edilməsinə çalışan ümummilli liderimiz Heydər Əliyevin ideyaları, təməlini qoyduğu nəhəng quruculuq işləri ondan sonra böyük öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla həyata keçirilməyə başlandı. Möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər çağdaş təhsilimizin tarixində yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi, təhsilin elmi əsaslara söykənən dövlət proqramları vasitəsilə idarə olunması dövrü kimi xarakterizə olunur. Bu dövrün əsas xüsusiyyətlərindən biri təhsilə qayğının, onun inkişafına ayrılan xərclərin ildən-ilə artırılmasıdır.
Bu isə təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır. Belə ki, təhsilə ayrılan büdcə 2003-cü illə müqayisədə 7 dəfədən çox artaraq 2016-cı ildə 1,8 milyard manata çatdı. Təhsil xərclərinin ilbəil artması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır. Təsadüfi deyildir ki, möhtərəm Prezidentin vurğuladığı "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik”, "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” kimi konseptual müddəaların əsasında da məhz həmin yanaşma dayanır. Bu mənada "təhsil əsri” elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktuallıq kəsb etməmişdir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə hazırlanıb təsdiq edilmiş dövlət proqramlarının reallaşdırılması nəticəsində infrastrukturun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər istiqamətlərdə əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. Müstəqillik illərində ayrı-ayrı təhsil pillələri və səviyyələrində də ciddi inkişaf meyilləri özünü büruzə verirdi. Məktəbəqədər təhsilin uşaqların intellektual, fiziki və psixoloji inkişafında, onların şəxsiyyətinin formalaşmasında və məktəbə hazırlanmasında xüsusi əhəmiyyətə malik olması tədricən cəmiyyət tərəfindən qəbul edilməyə başlanmışdı. Məktəbəhazırlıq mərhələsinin uşaqların gələcək təhsil nailiyyətlərində müstəsna əhəmiyyət daşıdığı nəzərə alınaraq 2014-cü ildə Bakı şəhərində pilot layihə kimi başlanan məktəbəhazırlıq qruplarının fəaliyyəti cari ildən ümummilli proqrama çevrilmişdir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə cari ildə ölkə üzrə 5 yaşına çatmış 85 min uşaq (həmin yaşda olan bütün uşaqların 55 faizi) məktəbəhazırlığa cəlb edilmişdir. 2020-ci ilədək bu rəqəmin 90 faizə çatdırılması planlaşdırılır ki, bu da dünyanın ən inkişaf etmiş ölkələrinin göstəricilərinə uyğundur. Ümumi təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı. Bu istiqamətdə məktəb tikintisini də əhatə edən proqramlar təsdiq olundu. Belə ki, Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, regionların sosial-iqtisadi inkişaf proqramlarına əsasən ölkədə məktəb tikintisi geniş vüsət aldı. Son illər Azərbaycanda 3 mindən çox yeni məktəb binasının tikilməsi, əsaslı təmiri və müasir avadanlıqlarla, o cümlədən kimya və fizika laboratoriyaları ilə təmin edilməsi, bütün məktəblərdə kompüter siniflərinin yaradılması təhsil tariximizdə ən əlamətdar hadisələrdəndir. Sovet İttifaqının mövcud olduğu 70 il ərzində ümumilkdə bu qədər məktəb tikilməmişdir. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində 2004-cü ildə təsis edilmiş Heydər Əliyev Fondunun müstəsna xidmətləri xüsusilə qeyd edilməlidir. "Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində xüsusi qayğıya ehtiyacı olan, kimsəsiz, valideyn himayəsindən məhrum, müəyyən mənada cəmiyyətin diqqətindən kənarda qalan uşaqların təhsil aldığı 32 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilərək yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar inşa edilmiş və kommunal şərait yaxşılaşdırılmışdır. "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı 412 məktəb binası inşa olunmuş və yenidən qurulmuşdur. Məktəblərin hər birində müasir laboratoriya, kitabxana, ən son avadanlıqla təchiz edilmiş kompüter otaqları, emalatxana, idman zalları, yeməkxana, geniş meydançalar və ayrıca istilik sistemi vardır. Bu işlər hazırda da davam etdirilməkdədir. "Təhsilə dəstək” layihəsi çərçivəsində 20-dən çox uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilmiş, əyani vəsait kimi müxtəlif fənlər üzrə 140 adda plakat hazırlamış, 1 milyon 400 min nüsxədə çap edilərək ümumtəhsil məktəblərinə paylanmışdır. Ü mumtəhsil məktəblərinin infrastrukturunun təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin, yəni bütün şagirdlərin 75 faizinin təlim şəraiti yaxşılaşdırılmışdır.
Müstəqillik illərində aparılan genişmiqyaslı işlər, təhsil infrastrukturunun yeniləşdirilməsi sahəsində əhəmiyyətli nailiyyətlərin əldə edilməsi və müasir tələblərə uyğun şəraitin yaradılması məzmun islahatları üçün də əlverişli zəmin yaratdı. Dünya Bankının maliyyə dəstəyi ilə Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində ümumi təhsilin məzmunu yeniləşdirilmiş, yeni təhsil proqramları tətbiq edilmiş, ümumi təhsilin müasir modeli qurulmuşdur. 2008-2009-cu tədris ilindən ümumtəhsil məktəblərinin I siniflərində tədrisə şəxsiyyətyönümlü, nəticəyönümlü yeni fənn kurikulumları ilə başlanılmış, hazırda bu proses I-IX sinifləri əhatə edib. Yeni kurikulumların tətbiqi ilə əlaqədar 100 mindən çox müəllim xüsusi proqram əsasında öyrədici təlim kurslarından keçirilmişdir. Yeni məzmun yeni nəsil dərsliklərin hazırlanmasını zəruri etmişdi. Müstəqillik illərində milli-mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun məzmunda ümumilikdə 75 milyon nüsxədən çox dərslik çap edilib. Ümumi təhsil sistemində tətbiq edilən bütün dərsliklər (400 adda) milli-mənəvi dəyərlər baxımından məzmunca yeniləşdirilmişdir. Təhsil tariximizdə ilk dəfə olaraq yeni kurikulumlar tətbiq edilən I-IX siniflər üçün yeni nəsil dərslik komplektləri (şagird üçün dərslik, müəllim üçün vəsait) hazırlanmışdır. 2016-2017-ci tədris ili üzrə ümumtəhsil məktəbləri üçün rekord sayda - 261 adda 6 623 135 nüsxə dərslik və metodik vəsaitlər hazırlanmış və çap edilərək şagirdlərə verilmişdir. Son 3 ildə dərslik siyasəti sahəsində yeni yanaşmaların tətbiqinə başlanmışdır. Yeni hazırlanan dərsliklər rəy bildirilməsi üçün elektron portalda yerləşdirilmişdir. Ümumilikdə cari ildə 143 adda dərslik və metodik vəsait, videodərslər, digər elektron resurslar portala yerləşdirilmişdir. D ünya təcrübəsinə uyğun olaraq ölkədə məktəbdaxili, milli və beynəlxalq qiymətləndirməni əhatə edən yeni qiymətləndirmə sistemi tətbiq edilmişdir. Ümumtəhsil məktəblərinin IX və XI siniflərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi təmin edilmişdir. Müstəqil ölkəmizin təhsil tarixində ilk dəfə olaraq təhsil aldığı müddətdə xüsusi nailiyyətlər qazanan tam orta təhsil üzrə məzunlara qızıl və gümüş medalların verilməsinə başlanmışdır. Son 3 ildə həyata keçirilən tədbirlər və islahatlar nəticəsində ümumi təhsilin keyfiyyət göstəricilərində ardıcıl olaraq müsbət dinamika təmin olunur. Belə ki, 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50 faizdən 2016-cı ildə 67 faizədək artıb. Bu artım ölkə üzrə əksər rayonlarda, xüsusən əvvəlki dövrdə davamlı olaraq aşağı nəticələr göstərən bölgələrdə də qeydə alınıb. Bu irəliləyişlər özünü qəbul imtahanlarında da büruzə vermişdir. Belə ki, 200-dən çox bal toplayan abituriyentlərin mütləq sayı 34 min 475 nəfər təşkil edib ki, bu da ötənilki göstəricidən təxminən 4 faiz, 2014-cü ildəki göstəricidən isə 9 faiz artıqdır. Son 3 ildə 500-dən çox bal toplayanların sayı 19 faiz, 600-dən çox bal toplayanların sayı isə 32 faiz artıb. 2016-cı ildə mülki ali təhsil müəssisələrinə bütün ixtisas qrupları üzrə rekord sayda - 35304 nəfər tələbə qəbul edilib. Bu göstərici ötən illə müqayisədə 2235 nəfər və ya 6,7 faiz çoxdur. Qəbul olanların sayının yüksəlməsi məktəb təhsilinin keyfiyyətinin və vətəndaşlarımızın şüurunda təhsilin bir dəyər kimi əhəmiyyətinin artdığını təsdiqləyir. Son illərdə istedadlı şagirdlərin aşkar olunması və onların potensialının inkişafı sahəsində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Cari ildə 27500 şagird respublika fənn olimpiadalarına qatılmışdır ki, bu da bilik yarışlarına marağın əhəmiyyətli dərəcədə artmasının göstəricisidir. 8 fənn üzrə keçirilən olimpiadada 1-ci, 2-ci və 3-cü yerləri tutmuş 262 şagirdə qızıl, gümüş və bürünc medallar təqdim edilmişdir. Qaliblər arasından ölkəmizi beynəlxalq olimpiadalarda təmsil edəcək komandalar formalaşdırılmış, yüksək ixtisaslı yerli və xarici mütəxəssislər tərəfindən onlar üçün təlimlər təşkil olunmuşdur. Bu işlərin daha sistemli təşkili məqsədilə olimpiada hazırlıq mərkəzləri yaradılmışdır.
Görülmüş işlər nəticəsində məktəblilərimiz cari ildə dünya fənn olimpiadalarında 6 gümüş, 15 bürünc medal qazanmışlar. Ümumilikdə müstəqillik illərində dünya və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəbliləri 100-dən çox medal qazanmışlar. Əhalisinin sayının az olmasına baxmayaraq, medalların sayına görə Azərbaycan dünya ölkələri arasında ilk onluqda yerini qoruyub saxlamışdır. 2005-2007 və 2008-2013-cü illəri əhatə edən iki Dövlət Proqramının həyata keçirilməsi nəticəsində təhsilin informasiyalaşdırılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Ölkənin ümumtəhsil məktəbləri İKT ilə təmin edilmiş, hər 18 şagirdə bir kompüter nisbəti təmin olunmuşdur. Halbuki 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşürdü. İnzibati və pedaqoji heyət əhatə olunmaqla 124 min nəfər (bütün müəllimlərin 82 faizi) müvafiq treninqlərdən keçərək İKT bacarıqlarına yiyələnmişdir. Təhsil tariximizdə ilk dəfə olaraq fənlər üzrə elektron tədris resursları hazırlanaraq məktəblərə verilmiş, 50-dək təhsil müəssisəsində "elektron məktəb” layihəsi həyata keçirilməyə başlanmışdır. 2351 məktəb genişzolaqlı sürətli internetlə təmin olunmuş, internetə qoşulmuş məktəblərin nisbəti 2004-cü ildəki 1,5 faizdən 2016-cı ildə 52 faizə yüksəlmişdir. Yaradılmış DATA mərkəz, elektron tədris resursları bazası, vahid təhsil portalı səmərəli idarəetməni təmin edir. 2008-ci ildən başlayaraq ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu sahəsində beynəlxalq təcrübəyə uyğun yeni mexanizmlərin tətbiqinə başlanılmış, 2011-ci ildə ölkə səviyyəsini əhatə etmişdir. Son 3 ildə ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə qaydalar obyektivlik və şəffaflıq baxımından daha da təkmilləşdirilmişdir. Cari ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün rekord sayda - 32 min nəfər elektron ərizə ilə müraciət etmişdir. Həmin göstərici 2013-cü ildə müəllim olmaq istəyənlərin sayından 2 dəfə çoxdur. Müəllim peşəsinin ictimai statusunun artırılması istiqamətində aparılan siyasət daha bilikli və hazırlıqlı insanların bu peşəni seçməsinə stimul yaradır. Müsabiqənin nəticələrinə görə, 2413 nəfər müəllim işə qəbul edilmişdir. Müstəqillik illərində kənd məktəblərinin pedaqoji kadr təminatı ilə bağlı Nazirlər Kabinetinin "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarı qəbul olunmuş, 15 avqust 2014-cü il tarixli 279 nömrəli qərarı ilə həmin qərarda dəyişikliklər edilmişdir. Qərarlara əsasən dövlət sifarişi ilə ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən yaşı 35-dək olan gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 (altmış) manat məbləğində kompensasiya verilir. Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə 3 il müddətində aylıq əməkhaqqına ayda 100 (bir yüz) manat məbləğində əlavə ödənilir. Qərarda nəzərdə tutulmuş əhəmiyyətli yeniliklərdən biri də ondan ibarət oldu ki, 3 illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətinə kompensasiya və əməkhaqqına əlavə ödənilir. Bütün bu tədbirlər son 3 ildə kənd məktəblərinin kadr təminatının 40 faiz yaxşılaşdırılmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda ən azı 5 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxslərə güzəştli ipoteka kreditinin verilməsi təsbit edilmişdir. Müəllimlik peşəsinin ictimai nüfuzunun yüksəldilməsi, yüksək bilikli və hazırlıqlı insanların bu peşəni seçməsinə stimulun yaradılması istiqamətində bir sıra əhəmiyyətli işlər görülmüşdür.
Mürəkkəb iqtisadi şəraitin hökm sürdüyü bir dövrdə "Müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” ölkə Prezidentinin Sərəncamına əsasən 2015-2016-cı illərdə 60 minədək müəllimin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılmış, ölkə üzrə ümumtəhsil məktəbləri müəllimlərinin 40 faizinin əməkhaqqında əhəmiyyətli artım təmin olunmuşdur. Hazırda diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin orta aylıq əmək haqqı 440 manat təşkil edir. Bu proses mərhələlərlə növbəti illərdə də davam edəcək, 2017-ci ildə daha 26 rayonu əhatə edəcək və beləliklə, əməkhaqqı artırılan müəllimlərin sayı 100 min nəfərə çatdırılacaq. A zərbaycanda təhsilə, təhsil işçilərinə diqqət və qayğının parlaq təzahürüdür ki, müstəqillik illərində təhsilin inkişafındakı xidmətlərinə görə 1600-dən çox təhsil işçisi yüksək dövlət təltiflərinə layiq görülmüşdür. Müstəqillik illərində Azərbaycan müəllimlərinin sayca XI, XII, XIII və XIV qurultayları keçirilmiş, təhsilin inkişafı ilə əlaqədar mühüm qərarlar qəbul edilmişdir. Ölkədə və dünyada dinamik inkişaf tendensiyaları, o cümlədən təhsil sahəsində əsaslı dəyişikliklərin olması, Azərbaycanın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyması, mütərəqqi beynəlxalq təcrübənin öyrənilib tətbiqi istiqamətində mühüm addımların atılması təhsil haqqında yeni qanunun qəbul edilməsi zərurətini yaratdı. Bütün bu proseslərin məntiqi nəticəsi kimi, 2009-cu ildə "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanunun icrası istiqamətində Təhsil Nazirliyi tərəfindən 60-dək normativ-hüquqi sənəd hazırlanmış və Hökumət tərəfindən təsdiq edilmişdir. Beləliklə, təhsil sisteminin normativ hüquqi bazası yeniləşdirilmişdir və bu istiqamətdə işlər davam etdirilir. 1997-cı ildən başlayaraq ilk peşə-ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, təhsilin məzmununun təkmilləşdirilməsi, təlim metodları və texnologiyalarının yeniləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra lahiyələr və tədbirlər həyata keçirilmişdi. 2007-ci ildə ilk peşə-ixtisas təhsilinin inkişaf perspektivlərini özündə əks etdirən və 2007-2012-ci illəri əhatə edən "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmişdir. Proqramda təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, kurikulumların yeniləşdirilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təkmilləşdirilməsi və digər məsələlər nəzərdə tutulmuşdur. Proqram çərçivəsində 11 texniki peşə təhsili müəssisəsi əsaslı təmir edildi, 2 yeni peşə-tədris mərkəzi yaradılmışdır. İqtisadiyyatın şaxələndirilməsi şəraitində peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, işəgötürənlərin tələblərinə cavab verən peşəkarların hazırlanması məqsədilə ölkə Prezidentinin 2016-cı il 20 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmışdır. Agentlik qarşısında peşə təhsilinin infrastrukturunun və maddi-texniki bazasının müasirləşdirilməsi, təhsilin məzmununun yenilənməsi və nüfuzunun artırılması kimi mühüm vəzifələr qoyulmuşdur. Təhsil Nazirliyinin təkliflərinə əsasən Nazirlər Kabineti tərəfindən "Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması haqqında” qərar imzalanmış, 32 ilk peşə-ixtisas təhsili müəssisəsi rasionallaşdırılaraq 13 peşə-təhsil mərkəzi yaradılmışdır. 2000-ci ildən başlayaraq orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılmasına başlanmış, 2003-cü ildən təhsilin məzmununun təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Son illərdə orta ixtisas təhsili sistemində islahatlar davam etdirilmiş, kadr hazırlığının və tədris poqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə orta ixtisas təhsili müəssisələrinə kollec statusu verilmiş, kadr hazırlığının strukturu yeniləşdirilmiş, yeni ixtisas təsnifatı təsdiq edilmişdir. Strategiyaya uyğun olaraq kadr hazırlığının, təhsili idarəetmə sisteminin və təhsil infrastrukturunun qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması istiqamətində bir sıra orta ixtisas təhsili müəssisələri universitetlərin nəzdinə verilmiş, həmin kollec və ali təhsil müəssisələrinin ixtisasları unifikasiya olunmuş, bir sıra kolleclərin yarandığı dövrdə kənd təsərrüfatı ixtisasları üzrə kadr hazırlığı üçün profilləşməsi nəzərə alınaraq, kənd təsərrüfatı üzrə müxtəlif səviyyəli mütəxəssislərə ehtiyacı və bu sahənin ölkə üçün prioritet olduğu nəzərə alınaraq, həmin kolleclərdə yenidən bu sahə üzrə mütəxəssis hazırlığının aparılması nəzərdə tutulmuş, kolleclərdə müəllim hazırlığı, demək olar ki, dayandırılmışdır. Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması tədbirləri davam etdirilmiş, Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli 30 nömrəli qərarına əsasən 14 kollec birləşdirilərək 7 kollec, o cümlədən 3 regional kollec yaradılmışdır. 3 kollec profillərinə uyğun ali təhsil müəssisələrinin nəzdinə verilmişdir. Müstəqillik illərində ali təhsilin inkişafı sahəsində əhəmiyyətli addımlar atılmışdır. 2005-ci ildə Azərbaycan Bolonya prosesinə qoşulmuş, Avropa təhsil məkanına inteqrasiya istiqamətində tədbirlər həyata keçirilmişdir. Ali təhsil müəssisələrinin infrastrukturunun inkişafı sahəsində əhəmiyyətli işlər görülmüş, bütün universitetlərin maddi-texniki bazası əsaslı şəkildə yeniləşdirilmişdir. "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın icrası istiqamətində ölkə Prezidenti tərəfindən 10 fevral 2010-cu il tarixli "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, 2010-2011-ci tədris ilindən başlayaraq ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqinə başlanmışdır. Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli qərarı ilə "Ali təhsilin bakalavr səviyyəsi ixtisaslarının (proqramlarının) siyahısı” təsdiq edilmişdir. Yeni ixtisas siyahısı mütəxəssis hazırlığının səviyyəsinə ümumi tələblər qoymaqla, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsinə, məsuliyyətin, eləcə də kadr hazırlığının səmərəliliyinin artırılmasına, tədris-metodiki təminatın yaxşılaşdırılmasına, təhsilin keyfiyyət səviyyəsini ölkədə qəbul olunan təhsil standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılması şərtilə, respublikanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasına və ölkəmizdə verilmiş təhsil sənədlərinin beynəlxalq təhsil məkanında tanınmasına şərait yaratmışdır. Eyni zamanda, YUNESKO-nun və digər beynəlxalq qurumların qəbul etdiyi müvafiq sənədlər nəzərə alınaraq, "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı” və "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı” Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmişdir. Təsdiq edilmiş ixtisas təsnifatlarına uyğun olaraq ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə yeni standartlar və təhsil proqramları hazırlanaraq tətbiq edilmişdir. Son illərdə ölkəmizdə "ADA” Universiteti, Ali Neft Məktəbi kimi yeni ali təhsil müəssisələri yaradılmış, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları açılmış, ali təhsil müəssisələrinin şəbəkəsi genişləndirilməklə əhalinin ali təhsil alma imkanları artırılmışdır. Regionların sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq yeni istehsalat və xidmət sahələrinin ixtisaslı kadrlara ehtiyacını təmin etmək məqsədilə Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən Mingəçevir Dövlət Universiteti yaradılmışdır. Müəllim hazırlığı sistemində yeni yanaşmaların tətbiqi, bu sahədə pərakəndəliyin aradan qaldırılması və səmərəli idarəetmənin təmin edilməsi istiqamətində institusional dəyişikliklər davam etdirilmiş, beynəlxalq tələblərə uyğun məzmunca yeni təhsil proqramlarının hazırlanması işinə başlanılmışdır. Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulmuş, Müəllimlər İnstitutunun Sumqayıt, Salyan, Mingəçevir filialları ləğv edilmişdir. Regionların sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq, yeni istehsalat və xidmət sahələrinin ixtisaslı kadrlara ehtiyacını təmin etmək məqsədilə Qazaxda Bakı Dövlət Universitetinin, Zaqatalada isə Azərbaycan Dövlət İqtisad Universitetinin filialları təsis olunmuşdur. Cari tədris ilində Azərbaycan-Fransız Universiteti (UFAZ) ilk tələbələrini qəbul etmişdir. Təhsil Nazirliyi ilə "Thomson Reuters” şirkəti arasında imzalanmış əməkdaşlıq Sazişinə əsasən ölkəmizin 40 ali təhsil müəssisəsi dünyada məşhur elmi istinad indeksi olan "Thomson Reuters Web of Science” platformasına, eləcə də şirkətin əsas məhsulu olan "Thomson Reuters İnCites” məlumat bazasına və yeni çap olunan jurnallara çıxış əldə etmişdir. Dünyanın ən tanınmış elmi-analitik informasiya təminatçısı olan "Thomson Reuters” şirkəti ilə əməkdaşlıq Azərbaycanda elmi fəaliyyətin inkişafına, onun keyfiyyətinin yüksəlməsinə və ölkəmizin elmi nüfuzunun dünyada gücləndirilməsinə zəmin yaradacaqdır. Son illər ölkəmizdə xarici dildə tədris aparan ali təhsil müəssisələrinin və burada təhsil alan gənclərimizin sayı artmışdır. Eyni zamanda, Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr üçün əlverişli şərait yaradılmışdır. Xarici dildə təhsil məzunlara əmək bazarında əlavə şanslar yaratmaqla yanaşı, ölkəmizin beynəlxalq miqyaslı təhsil mərkəzinə çevrilməsi imkanlarını artırmağa xidmət edir. Müstəqillik illərində ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş istedadlı gənclərin ən aparıcı ali məktəblərə təhsil almağa göndərilməsi ənənələri davam etdirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq edildi. Dövlət Proqramının əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Ölkəmizdə insan kapitalının inkişafına yönəlmiş həmin Proqram çərçivəsində həyata keçirilən tədbirlər müstəqillik dövrünün ən əhəmiyyətli nailiyyətlərindəndir. Xüsusi vurğulanmalıdır ki, dövlət hesabına gənclərin ən nüfuzlu universitetlərinə göndərilməsi təcrübəsinə çox nadir ölkələrdə rast gəlinir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı” üzrə ümumilikdə 3558 nəfər Azərbaycan vətəndaşı dünyanın 32 ölkəsinin 379 aparıcı təhsil müəssisəsində təhsil almaq hüququ qazanmışdır. Gənclərimizin təhsil aldığı ölkələr arasında Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Niderlandiya universitetləri üstünlük təşkil etmişdir. Ölkəmiz üçün prioritet təşkil edən tibb, iqtisadiyyat, informasiya texnologiyaları, mühəndislik ixtisasları üzrə daha çox tələbə Proqram çərçivəsində xaricdə təhsil almaq imkanı əldə etmişdir. Yüzlərlə gənc Harvard, Kembric, Paris-Sorbonna, Kiyoto, Toronto, Heydelberq və digər nüfuzlu universitetlərdə ölkəmiz üçün əhəmiyyət daşıyan sahələrdə təhsil almaqdadırlar. Bu günədək Proqram çərçivəsində təhsil almış 1400-ə yaxın tələbə məzun olmuşdur. Hazırda məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir. Dövlət Proqramı təqaüdçüləri arasında akademik nailiyyətlərinə görə müxtəlif mükafatlara layiq görülən (2016-cı il Prezident mükafatçısı, ölkənin ən gənc alimi), dünyanın aparıcı təşkilat və şirkətlərində (BMT, "Microsoft”, "Google”, "Bloomberg”, "Samsung”, "LG”, "Royal Dutch Shell”, "BP”, "Gexcon” və s.) işləməyə dəvət edilən, ölkəmizdə yüksək vəzifələrdə çalışan (nazir müavini, Milli Məclisin deputatı və s.), Azərbaycanda keçirilən beynəlxalq səviyyəli idman tədbirlərində ("Bakı-2015” I Avropa Oyunları, Avropa Qran Prisi 2016-cı il Formula 1 yarışları) aktiv fəaliyyət göstərən, xarici və yerli ali təhsil müəssisələrində tədqiqat işləri ilə məşğul olan məzunlarımız vardır. Müstəqilliyin ilk illərində dünyanın bəzi ölkələri ilə təhsil sahəsində yaradılmış əməkdaşlıq sonrakı dövrdə xeyli genişlənmişdir, hazırda 30-dan çox dövlətlə təhsil əlaqələri yaradılmışdır. Bu əlaqələr digər ölkələrlə təcrübə mübadiləsinə və ümumilikdə ölkədə təhsilin inkişafına, dünya təcrübəsində istifadə olunan yeni texnologiyaların, təlim strategiyalarının, innovasiyaların tətbiqinə şərait yaradır, beynəlxalq proqram və layihələrin Azərbaycanda reallaşdırılmasına, eləcə də təhsil sektoruna investisiya cəlbinə imkan verir. Ölkəmizdə təhsilin inkişafı sahəsində dünyanın 40-dan artıq beynəlxalq təşkilatı ilə 100-dən çox birgə layihə və proqram həyata keçirilmiş və ya keçirilməkdədir. Təhsilin keyfiyyətinə nəzarət sahəsində yeni mexanizmlərin tətbiqinə başlanmış, təhsil müəssisələrinin akkreditasiyası və lisenziyalaşdırılması təcrübəsi tətbiq edilmişdir. Ölkəmizdə informasiya cəmiyyətinin qurulmasının və biliklərə əsaslanan iqtisadiyyata keçidin yeni təhsil modelinə tələbatını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli 13 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilmişdir. Strategiya beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur: Birinci strateji istiqamət səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəlmişdir və təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə kurikulumların inkişafı kimi vacib hədəfi əhatə edir. İkinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir. Üçüncü strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması kimi hədəfləri əhatə edir. Dördüncü strateji istiqamət müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin qurulması, kampusların yaradılması kimi tədbirləri ehtiva edir. Beşinci strateji istiqamət Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasıdır. Bu istiqamət, o cümlədən müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsini, təhsil müəssisələrinin adambaşına maliyyələşdirilməsinə keçidi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsini, Təhsilin İnkişafı Fondunun yaradılmasını nəzərdə tutur. Hazırda Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrası istiqamətində işlər davam etdirilir. Bu gün müstəqil Azərbaycanda təhsil sistemində irimiqyaslı islahatlar prosesi artıq dönməz xarakter almış, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsilə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin aydın sabahını təmin edəcək layihələr reallaşdırılmağa başlanılmış, Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər görülməkdədir. Dövlət müstəqilliyinin bərpası ilə Azərbaycan tarixində təhsil sisteminin milli ənənələr və ümumbəşəri dəyərlər əsasında yenidən qurulması üçün tarixi şərait və imkan yaranmışdır. İnanırıq ki, ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq müstəqil ölkəmizdə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan, beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun təhsil sistemi formalaşacaq və ölkənin davamlı inkişafı təmin ediləcəkdir.
 
Mikayıl CABBAROV, Azərbaycan Respublikasının təhsil naziri
OXŞAR XƏBƏRLƏR