Tək yaşamaq dəbdir, yoxsa psixoloji ehtiyac? – Mütəxəssislər açıqladı

Tək yaşamaq dəbdir, yoxsa psixoloji ehtiyac? – Mütəxəssislər açıqladı
SOSİAL
17:01 14.07.2026
412
İnsan sosial varlıq hesab olunsa da, son illər tək yaşamağa üstünlük verənlərin sayı artır. Bəzi insanlar ailə üzvləri və ya dostları ilə eyni evi paylaşmaq əvəzinə tək yaşamağa üstünlük verir. Bu seçim bir qisim insan üçün müstəqil həyat tərzi kimi qiymətləndirilsə də, digərləri bunu normal qarşılamır.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan psixoloq Aynur İsgəndərova bildirib ki, insanların tək yaşamağa üstünlük verməsi müxtəlif psixoloji amillərlə izah oluna bilər:

"İlk növbədə, şəxsiyyət xüsusiyyətləri mühüm rol oynayır. Məsələn, introvert xüsusiyyətləri daha qabarıq olan insanlar enerjilərini tək qaldıqda bərpa edir, şəxsi məkana və sakitliyə daha çox ehtiyac duyurlar. Digər tərəfdən, şəxsi sərhədlərə olan ehtiyac da bu seçimə təsir edir. Bəzi insanlar gündəlik qərarlarını sərbəst verməyi, həyat tərzlərini başqalarının gözləntilərinə uyğunlaşdırmamağı üstün tuturlar. Keçmiş həyat təcrübələri də mühüm amildir. Ailədaxili münaqişələr, emosional zorakılıq, nəzarətçi valideyn münasibətləri və ya münasibətlərdə yaşanmış mənfi təcrübələr bəzi insanlarda təhlükəsizlik hissinin yalnız tək olduqları zaman mümkün olduğu düşüncəsini formalaşdıra bilər”.


Psixoloq qeyd edir ki, tək yaşamaqla tənhalıq eyni anlayış deyil:

"İnsan tək yaşaya, lakin sağlam sosial münasibətlərə, yaxın dostlara və güclü sosial dəstəyə sahib ola bilər. Əksinə, ailəsi ilə yaşayan bir insan belə özünü emosional baxımdan tənha hiss edə bilər. Psixologiyada əsas göstərici insanın kiminlə yaşaması deyil, onun sosial və emosional ehtiyaclarının nə dərəcədə qarşılanmasıdır. Əgər tək yaşamaq insanın həyat keyfiyyətini artırır, psixoloji rifahını qoruyur və onun sosial funksionallığına mane olmursa, bu, tamamilə normal və sağlam həyat seçimidir. Lakin bu seçim insanın travmatik təcrübələrindən, dərin etibarsızlıq hissindən, depressiyadan və ya sosial narahatlıqdan qaynaqlanırsa, həmin səbəblərin psixoloji baxımdan qiymətləndirilməsi və zərurət olduqda mütəxəssis dəstəyi alınması faydalı ola bilər”.

Mövzu ilə bağlı sosioloq Mail Yaqub isə hesab edir ki, tək yaşamaq istəyi daha çox insanın xarakteri və yaşadığı həyat təcrübələri ilə bağlıdır:

"Yəni insanlar xarakter etibarilə inzivaya çəkilmək istəyirlər. Bu, onların xarakterindən asılıdır. Təkliyə çəkilməyə üstünlük verirlər, ünsiyyətə meyilli olmurlar. Təbii ki, bu tip insanların sayı cəmiyyətdə azdır. Çünki insan ünsiyyət varlığıdır. İnsanın əsl varlığı, kimliyi və sağlam şəxsiyyəti məhz insanlarla ünsiyyətdə formalaşır. Uzun müddət tək qalan insan depressiyaya düşə bilər. Amma bəzi insanlar, təəssüf ki, xaraktercə belədirlər və ya həyatlarında travma yaşayıblar, ünsiyyətdən zərər görüblər və buna görə də tək yaşamağa üstünlük verirlər. Təbii ki, tək yaşamaq müəyyən hallarda müvəqqəti xarakter daşıya bilər. Bir ay, iki ay... Siz baxın, İsveç kimi inkişaf etmiş ölkədə əhalinin 35 faizi tək yaşayır. Bu da faciədir. Bu onu göstərir ki, həmin ölkədə depressiyanın səviyyəsi yüksəkdir, insanlar arasında depressiv halların sayı çoxdur, antidepressantlardan geniş istifadə olunur. Bu, məqbul hal deyil. İnsanlara tövsiyə olunmalıdır ki, təklikdən uzaq dursunlar”.


Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR