Bu il tədris ili 15 sentyabrda yox, 2 həftə gec – 29 sentyabrda start götürdü. Tələbələrin bir çoxu rayonlardan Bakıya üz tutdu. Onların bəzilərinin Bakıda evləri olmadığı üçün kirayə mənzil və yataqxana axtarışına başladılar. Mənzil və yataqxana qiymətləri isə tələbələri ən çox narahat edən məsələlərdəndir.
Görəsən, tələbələrin təhsil haqları azaldıla bilərmi təqaüdlərdə artım gözlənilirmi?
Təhsil eksperti Elşən Qafarov AZXEBER.COM-a açıqlamasında bildirib ki, qanunvericilik ali və orta ixtisas təhsili müəssisələrinin kampuslarının yaradılmasına təşviq edir:
"Dövlət ali məktəblərə aşağı faizlə kreditlər ayırır və kampusların yaradılması ilə bağlı bir çox universitetlərdə işlər görülür, amma yenə də bu problem ciddi olaraq qalır. Xüsusən də Bakı şəhəri üzrə və Sumqayıt şəhəri üzrə olan tələbələr daha çox kirayə evlərdə və ya yaxın qohumlarının evlərində qalır. Bu gün tələbəyə verdiyimiz təqaüd heç onun aylıq nəqliyyat xərcini ödəmir".
Ekspert tələbələrin təqaüdləri və təhsil haqları barəsində də danışıb:
"Tələbələr çox aşağı məbləğdə təqaüd alır. 2-ci tərəfdən isə ödənişli təhsil alanlar ümumiyyətlə təqaüd almırlar. Bu da çox problemli məsələdir. Nəzərə alsaq ki, Azərbaycan Respublikasının Təhsil qanununun 14-cü maddəsində göstərilir ki, dövlət təhsil müəssisələri mənfəət güdmürlər. Bu isə o deməkdir ki, burada ödənişli təhsil miqdarı ödənişsiz təhsil miqdarından çox ola bilməz. Real mənzərəyə baxanda görürük ki, hazırda Azərbaycanda hər 100 tələbədən 70-i ödənişli təhsil alır. Düzdür, pandemiya dövründə cənab prezidentin sosial cəhətdən həssas olan ailələrdən olan tələbələrlə bağlı təqribən 16 min tələbəni ödənişdən azad etməsi və yaxud dövlət hesabına onların ödənişlərinin verilməsi hər 100 nəfərdən 45-ə şamil edilmişdi. Ümumiyyətlə, dövlət təhsil müəssisələrində ödənişli təhsillə bağlı müəyyən bir məbləğ qoyulmalıdır ki, ödənişli təhsil alanlar yerdə qalan təhsil alanların 10%-ni, ən maksimal 20%-ini keçməməlidir”.
Ekspert təhsil haqqlarının çox baha olduğunu da deyib:
"Azərbaycanda təhsil haqları çox bahadır. Bu gün respublikada minimum istehlak səbətini götürsək, görərik ki, bu 18 yaşından yuxarı olan insanlar üçün 190-200 manat civarındadı. Düşünürəm ki, tələbələrə verilən təqaüd minimum istehlak səbəti norması qədər ödənilməlidi. Bu o deməkdir ki, tələbə əgər ailədən kənardan dəstək almırsa və istehlak səbətinin ¼-i qədər təqaüd alırsa, deməli, tələbə ayın 1 həftəsini bu təqaüdü xərcləyir, yerdə qalan 3 həftə ac qalır. Bu da anormal bir haldır.
Həmçinin ekspert universitetlərin yataqxanaları haqqında və onların tələbələrə xidməti barəsində də fikrini söyləyib.
"Müəyyən təhsil ocaqlarımız var ki, hətta mən fəxrlər deyə bilərəm onların çox gözəl və komfortlu kampusları var. Məsələn, Dövlət Aqrar Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti və s. var. Düzdür, təbii ki, tələbə bu universitetlərin kampuslarına illik ödəniş edir və bu ödəniş kirayə ilə baxanda çox münasib qiymətədir. Məsələn, tələbə aylıq kirayə mənzilə 600 manat ödəyirsə, bu kampuslarda qalan tələbə isə aylıq 60 manat ödəyir.
Elşən Qafarov yataqxanalarda qazi və şəhid övladlarının ödənişdən azad edilməsi haqqında da danışıb:
"O ki, qaldı qazi və şəhid övladlarının ödənişlərdən azad olması mövzusuna. Əslində bu xərcləri hökumət öz üzərinə götürməlidir və ya bu barədə qərar qəbul edilməlidir. Bildiyiniz kimi, universitetlər illik təhsil haqqı ödənişlərindən xeyli miqdarda pul qazanırlar. Ali təhsil müəssisələrində təhsil haqları dəhşət bahadır. Statistikaya görə, təhsil haqqları minimal 900-1800 AZN-dən başlayır. Bugünkü vəziyyətdə bu hər bir ailə üçün çox baha bir məbləğdir.
Mikayıl Mirzəzadə