Ötən gecə Ermənistan silahlı qüvvələri Tərtər rayonu ərazisini yenidən intensiv atəş altında saxlayıb.
El TV-yə (Region TV) istinadən xəbər verir ki, yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində xeyli sayda tikili dağılıb. Baş verən hadisələri lentə alan Region TV-nin əməkdaşları da təhlükə ilə üzləşiblər.
Ermənistan silahlı qüvvələri gecə saatlarında Tərtər rayon mərkəzini və bir sıra yaşayış məntəqələrini yenidən atəşə tutdular. Ərazidə baş verənləri lentə alan Region televiziyasının əməkdaşları Daşqın Abdullayev və Ramin Ələsgərov da təhlükə ilə üzləşdilər. Atılan mərmilərdən üçü onların yaxınlığında partladı. Bu zaman təhlükədən yayınmaq istəyən əməkdaşımız Daşqın Abdullayev yıxılıb və yüngül xəsarət alıb.
Tərtər rayonunun atəş altında saxlandığı müddətdə yerli sakinlər də böyükdən-kiçiyə kimi hamı oyaq oldu. Onlar evlərini tərk etməyəcəklərini, lazım gələrsə, ordumuza dəstək ola biləcəklərini dedilər. "Ordumuza güvənərək biz burada durmuşuq. Biz haraya getməliyik ki?" - deyə Tərtər sakini Rafael Bayramov bildirib.
Tərtər Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, gecə saatlarında Ermənistan hərbi birləşmələri tərəfindən açılan atəş nəticəsində rayon mərkəzi də daxil olmaqla Şıxarx, Qarağacı, Yuxarı Qaradağlı, Qapanlı, Yuxarı Qapanlı, Hacıqərvənd kəndlərində ümumilikdə 58 fərdi yaşayış evi, iki mağaza, Hacıqərvənd kənd və şəhər 6 saylı tam orta məktəbləri dağıdılıb.