"Özəl telekanallarda vəziyyət daha mürəkkəbdir”
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli deyib.

Onun sözlərinə görə, tamaşaçı kanallardan operativ, dəqiq və mötəbər informasiya gözləyir:
"Televiziya media sistemində elə bir mövqedə dayanır ki, tamaşaçı bu kanallardan operativ, dəqiq və mötəbər informasiya gözləyir. Ölkədə, dünyada və həyatın müxtəlif sahələrində baş verən proseslərlə bağlı doğru-dürüst məlumatlar, xəbərlər, şərhlər və ictimai müzakirələr təqdim olunmalıdır. Təbii ki, tamaşaçı eyni zamanda keyfiyyətli bədii və əyləncə məzmunu, maraqlı proqramlar da gözləyir. Bu tələblər ödənildikdə televiziya tamaşaçı auditoriyası üçün dəyərli olur. Əks halda isə televiziyanın hansı məqsədə xidmət etdiyini müəyyənləşdirmək çətinləşir”.
O bildirib ki, tamaşaçının qazancı daha yaxşı layihələrin yaranması ola bilər:
"Hazırda bəzi verilişlərin bağlanması əslində müsbət hal kimi qiymətləndirilə bilər. Lakin bu, televiziya və auditoriya üçün hələ ciddi qazanc demək deyil. Tamaşaçının əsas marağı yeni layihələrə, yeni verilişlərə yönəlib. Onun üçün vacib olan məhz maraqlı və faydalı proqramlardır. Bu baxımdan, televiziya əməkdaşları çalışmalıdırlar ki, fəaliyyətlərini məhz bu prinsiplər üzərində qursunlar”.
Q. Məhərrəmli qeyd edib ki, hazırda bir sıra problemlər mövcuddur:
"Hazırda bir sıra problemlər mövcuddur: maliyyə çətinlikləri, kadr çatışmazlığı və peşəkarlığın yetərli olmaması. Bu amillər bir araya gəldikdə televiziya sahəsində ciddi çətinliklər yaranır. Bu problemlərin həllinə gəldikdə isə, dövlət büdcəsindən maliyyələşən televiziyalar müəyyən qədər bu çətinlikləri aradan qaldıra bilirlər. Lakin özəl telekanallarda vəziyyət daha mürəkkəbdir. Maddi təminatın arxasınca getmək, reklam və sponsor axtarışı bəzən keyfiyyətsiz verilişlərin yaranmasına səbəb olur. Açıq və azad reklam bazarı şəraitində özəl kanallar maliyyə problemlərini müəyyən qədər həll edə bilirlər. Bununla belə, reklam asılılığı televiziya məzmununun keyfiyyətinə mənfi təsir göstərə bilər”.
Şahanə Ziyad




































