Qış fasiləsinə turnir cədvəlinin ikinci pilləsində yollanan "Qəbələ” heyətinə yeni oyunçu cəlb edib.
AZXEBER.COM-un məlumatına görə, "qırmızı-qaralar” Təmkin Xəlilzadə ilə anlaşıblar.
"Zirə”nin sol cinah müdafiəçisi ilə artıq rəsmi müqavilə imzalanıb. Bu barədə saytımıza klubun meneceri Səbuhi Səfiyarlı açıqlama verib. Klub rəsmisi bildirib ki, onunla 2.5 illik anlaşma əldə olunub. O, həmçinin əyalət klubunun sağ cinah müdafiəçisi Tellur Rəhimovun da bu transferin tərkib hissəsi kimi əks marşrut üzrə hərəkət etdiyini deyib.
Qeyd edək ki, indiyədək "Qarabağ”, AZAL və "Zirə”nin heyətində çıxış etmiş sol cinah müdafiəçisi 4 qol vurub və iki dəfə də qol ötürməsi edib.
O, Azərbaycan milli komandasının San-Marino və Almaniyaya qarşı keçirdiyi oyunlarda forma geyinib. Almaniya ilə oyunda vurulan yeganə qolun ötürməsi onun aktivinə yazılıb.