“Temu” ilə bağlı yeni qalmaqal: Azərbaycanda bağlanır?

“Temu” ilə bağlı yeni qalmaqal: Azərbaycanda bağlanır?
SOSİAL
15:07 09.02.2026
1047
Son dövrlər xaricdən sifariş edilən mallara tətbiq olunan məhdudiyyətlər fonunda məşhur "Temu” e-ticarət platformasının Azərbaycandakı fəaliyyətinin dayandırıla biləcəyi ilə bağlı iddialar gündəmə gəlib. Sosial şəbəkə istifadəçiləri son vaxtlar sifarişlərin gecikməsini platformanın mümkün ləğvi ilə əlaqələndirirlər. Türkiyədə "Temu”nun xaricdən məhsul satışını dayandırmasından sonra oxşar addımın Azərbaycanda da atıla biləcəyi barədə müzakirələr aparılır.

İqtisadçı Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında bildirib ki, "Temu”nun ləğvi real görünmür:

"Bu iddiaların hansı mənbədən qaynaqlandığından asılı olmayaraq, "Temu”nun ləğvi real deyil. Çünki bütün dünyada onlayn ticarət sürətlə genişlənir. Azərbaycanda artıq bir neçə onlayn ticarət platforması fəaliyyət göstərir, digər ölkələrdə isə çoxsaylı qlobal şirkətlər bazarda aktivdir. Azərbaycanda da onlayn ticarətin daha da inkişafına ehtiyac var. Bu, vətəndaşların məmnunluğunu artırır. Belə bir platformanın ləğvi və ya fəaliyyətinə məhdudiyyətlərin qoyulması düzgün olmaz. Əgər hər hansı məhdudiyyət tətbiq edilərsə, bu, əhalinin deyil, daha çox pərakəndə satışla məşğul olan iş adamlarının maraqlarına xidmət edər”.

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis-iqtisadçı Asif İbrahimov da AZXEBER.COM-a açıqlamasında "Temu”nun Azərbaycanda ləğv ediləcəyini real hesab etmədiyini bildirib:

"Azərbaycan innovasiyalara açıq ölkədir və elektron ticarətdən kənarda qalmaq strateji baxımdan ölkəyə zərər verə bilər. "Temu” sadəcə platformalardan biridir. Əgər "Temu”ya qarşı ciddi mübarizə aparılmalı olsaydı, ölkədə fəaliyyət göstərən bütün elektron ticarət portallarının domenləri bloklanardı ki, bu da düzgün yanaşma olmazdı”.

İqtisadçının sözlərinə görə, alıcının daha ucuz və keyfiyyətli məhsul almaq hüququ var:

"Satıcıların hüquqları olduğu kimi, alıcıların – yəni istehlakçıların da hüquqları mövcuddur. İstehlakçı ucuz və keyfiyyətli məhsul əldə etmək istəyir və bu hüquqların məhdudlaşdırılması doğru deyil. Bu yanaşma həm Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə, həm də iqtisadiyyatın inkişafına və gələcəkdə elektron ticarət platformalarının genişlənməsinə uyğun olmalıdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR