Leyla Namazova
Mürgü vuran xatirələr oyandı...
Mürgü vuran xatirələr oyandı...
Yeni il ab-havasını ilk dəfə dünən şəhərə çıxarkən hiss etdim. Fəvvarələr Meydanının yaxınlığında Yeni ilə aid əşyalar satan mağazaya baş çəkəndə diqətimi ən çox cəlb edən oyuncaq it oldu.
"İt”in maketi çox əsrarəngiz idi və o "it”ə baxdıqca, mən öz itimi xatırladım. Həmin oyuncağı uşaq olanda anam mənə almışdı. Sanki bu oyuncaq mənim o oyuncağımın sürəti idi. Çox təsirləndim. Uzun müddət oyuncağa baxa-baxa qaldım. Uşaqlıq illərim gözlərimin qabağında canlandı. Bir anlığa o uzaq, qayğısız illərə ekskursiya etdim. Mən həmin oyuncağı çoxdan qohumlarımın birinə pay vermişəm. Nəsə, içimdə qəribə duyğular başladı. Öz-özümə fikirləşdim ki, bu oyuncağı alım.
Doğma "it”imə yenidən qovuşum...
Satıcı arif adam idi. Ürəyimdən keçənləri üzümdən oxuyurdu. Odur ki, başladı malını tərifləməyə. Hətta məni inandırmaq istədi ki, bu oyuncaq 2018-ci ildə mənə bol-bol uğur gətirəcək...
Ürəyimdən keçənləri olduğu kimi ona söylədim: "Qardaş, bu oyuncağı alacam. Amma dil tökdüyün, təriflədiyin üçün yox. Bəlkə də bu oyuncaq heç bir tərifə layiq deyil, tez qırılandı, keyfiyyətsizdi, amma öz xatirələrimi geri qaytarmaq üçün, onlara qovuşmaq üçün bu oyuncağı alacam. Xatirələr pulla ölçülmür”.
Satıcının pulunu verib, oyuncağı götürdüm. "İt”i əlimdə elə ehtiyatla saxlamışdım ki... Düşüb qırılmağından qorxurdum. Axı bu adi oyuncaq deyil, uzaq keçmişə aid şirin bir xatirədir, qayğısız uşaqlıq illərimin nişanəsidir. Uşaqlar kimi sevinirdim...
Həmin "it”i evə gətirdim. Və uşaqlığımı yenidən həyatıma qonaq etdim...
İndi o masanın üstündə mışıl-mışıl "yatır”. Mən isə hər dəfə ona baxanda qayğısız uşaqlıq illərimə qayıdıram...
Radioda isə Akif İslamzadə həzin-həzin oxuyur: "Ötən günlərimi qaytaraydılar...”