Tətildən sonra işə qayıdış niyə çətin olur? – Səbəbləri və həll yolları

Tətildən sonra işə qayıdış niyə çətin olur? – Səbəbləri və həll yolları
MARAQLI
13:13 01.04.2026
257
Tətildən sonra iş rejiminə qayıdış bir çox insan üçün gözlənildiyindən daha çətin keçir. İstirahət günlərindən sonra motivasiya azalması, diqqət dağınıqlığı və yorğunluq hissi geniş yayılmış hallardandır. Bu vəziyyət "post-tətil sindromu” kimi tanınır.

AZXEBER.COM-a açıqlamasında psixoloq Nabat Mirzəyeva bildirib ki, uzun müddət istirahət rejimində olan beyin və bədənin yenidən iş yükünə uyğunlaşması zaman tələb edir:

"Tətildən sonra iş rejiminə qayıtmaq bir çox insan üçün müəyyən çətinliklər yaradır. İnsanlar tətildən qayıtdıqdan sonra motivasiya azlığı, diqqət dağınıqlığı, yorğunluq və həvəssizlik hiss edə bilərlər. Yenidən işə başlamaq düşüncəsi bəzən ağırlıq kimi qəbul olunur və işə qarşı maraq azalır. Bunun əsas səbəbi uzun müddət istirahət rejimində olan beyin və bədənin yenidən məsuliyyət və iş yükünə uyğunlaşmasının zaman tələb etməsidir”.

O bildirib ki, işə adaptasiya prosesini mərhələli həyata keçirmək lazımdır:

"Adaptasiya prosesini tələsmədən, mərhələli və balanslı şəkildə aparmaq vacibdir. İşə başladığımız ilk günlərdə özümüzü ağır iş qrafiki ilə yükləmək və ya tempimizi birdən-birə artırmaq düzgün deyil. Əksinə, prosesi daha sadə və planlaşdırma tələb edən işlərlə başlamaq, daha sonra isə tədricən iş tempini artırmaq tövsiyə olunur. Bu yanaşma həm zehni yüklənmənin qarşısını alır, həm də motivasiyanın qorunmasına kömək edir”.

Psixoloq qeyd edib ki, iş mühitində sosial ünsiyyəti aktiv saxlamaq adaptasiya prosesini asanlaşdırır:

"Gündəlik iş rejimləri də yenidən qurulmalıdır. Xüsusilə yuxu saatlarını tədricən normallaşdırmaq, səhər rejimini bərpa etmək və gün ərzində qısa fasilələr vermək bədənin və beynin iş ritminə uyğunlaşmasını asanlaşdırır. Fasilələr zamanı özümüzə qısa istirahət imkanı yaratmaq, iş tempindən bir qədər uzaqlaşmaq vacibdir. Uzunmüddətli istirahətdən sonra rutin həyata qayıdış zamanı motivasiya azalması və yorğunluq hissi tamamilə normaldır. Belə hallarda özümüzü motivasiya edəcək üsullara yönəlmək faydalıdır. Məsələn, kiçik hədəflər müəyyən etmək, gələcək planlarımızı xatırlamaq və iş mühitində sosial ünsiyyəti aktiv saxlamaq adaptasiya prosesini asanlaşdırır. İnsan özünə "Mənim hədəflərim və arzularım var, bu iş isə onlara çatmaq yolunda bir addımdır” kimi motivasiyaedici fikirlər aşılaya bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR