İbrahim MƏMMƏDOV (əməkdar jurnalist)
"The Independent"in sahibi, "Associated Newspapers"in biznes tərəfdaşı, keçmiş KQB zabiti Aleksandr Lebedev M.Qorbaçovun yaxın dostu və "Qazprom"la "Aeroflot"un iri səhmdarıdır
Artıq bir müddətdir ki, bir neçə xarici qəzet Azərbaycan hakimiyyəti, konkret olaraq Prezident İlham Əliyev və ailəsi haqda ardıcıl qaralama xətti tutub. Bu sahədə Britaniyanın "The Independent", "Daily Mail", "Mail on Sunday" qəzetləri xüsusi olaraq diqqəti cəlb edir və eyni "arqumentlər"lə dalbadal məqalələrin dərci heç kimdə bütün bunların sifariş olmasına şübhə yeri qoymur. Əgər eyni fikirlər və "arqumentlər"lə bir il davamlı olaraq yazılar yazılırsa, bunda məqsədin oxucuları məlumatlandırmaq deyil, təzyiq göstərmək olduğu açıq-aşkardır.
Doğrudanmı, bu yazılar Azərbaycanda demokratiya və şəffaflığın keşiyində durmaq arzusundan və ya Azərbaycan xalqının xoşbəxt gələcəyindən doğan narahatlığın nəticəsidir? Təbii ki, yox! Başqa tərəfdən, çeynənmiş "arqumentlər"lə bu qədər dalbadal yazı dərc etmək "The Independent" və "Daily Mail" qəzetlərinə hansı reytinq gətirə bilər? Təbii ki, oxucu hər dəfə yeni arqument, yeni fikir ala bildikdə qəzetə müraciət edə bilər. Bu sadə məntiqdir. Bəs iflas həddində olduğundan 2010-cu ildə satılmış "The Independent" qəzeti nə üçün britaniyalılara daha çox maraq kəsb edən mövzuda (iqtisadi böhran və s.) deyil, onlara uzaq olan və eyni zamanda təkrar "arqument və fikirlər"ə əsaslanan yazılar dərc etməyə üstünlük verir? Həm də axı iqtisadi böhran dövrünü yaşayan İngiltərənin şirkətləri Azərbaycanla sıx biznes əlaqələrinə malikdirlər və Britaniya qəzetinin indiki vəziyyətdə Azərbaycana pozitiv münasibəti daha çox məntiqli görünərdi.
Belə olan halda avtomatik və məntiqi olaraq nə barədə yazıldığı arxa plana keçir və kimin yazdığı daha maraqlı suala çevrilir. Bəs Azərbaycan Prezidentini və ailə üzvlərini təsdiq edilməmiş "arqumentlərlə" "ittiham" etməkdə xüsusi canfəşanlıq edən "The Independent" kimin maraqlarına xidmət edir?
"Bu kimə sərfəlidir?"
Kiçik araşdırma maraqlı bir faktı ortaya qoydu. "The Independent" 2010-cu ildə KQB-nin keçmiş zabiti, hazırda Londonda yaşayan Aleksandr Lebedevə satılıb. O həm də Azərbaycanın düşməni olmasını heç vaxt gizlətməmiş Mixail Qorbaçovun yaxın adamıdır. Lebedev Qorbaçovla birlikdə Moskvada nəşr olunan "Novaya qazeta"nın sahibidir. Yəni birgə biznesləri var. Ancaq Qorbaçov-Lebedev birliyi təkcə "Novaya qazeta"da həmmülkiyyətçiliklə bitmir. Aleksandr Lebedevin oğlu Yevgeni Lebedev Raisa Qorbaçova fondunda da sədrlik edir. Bu isə artıq əlaqələrin ciddi siyasi və şəxsi bağlarla ilgiləndiyini deməyə əsas verir.
Ancaq Aleksandr Lebedevin Rusiyadakı biznes və siyasi əlaqələri heç də Qorbaçov səviyyəsində məhdudlaşmır. O, Rusiya Dövlət Dumasının üzvüdür. Onun şirkəti olan NRB hətta "Qazprom" kimi nəhəngin və belə bir neçə Rusiya şirkətinin aksiyalarının əhəmiyyətli hissəsinin sahibidir. Təkcə "Qazprom"da əhəmiyyətli payının olması faktının özü Lebedevin Rusiyanın siyasi və biznes elitası ilə əlaqələrinin çox sıx olduğunu deməyə kifayət edərdi. Ancaq daha bir ciddi faktı əlavə etməmək yanlışlıq olardı. Lebedevin NRB-si Rusiyanın nəhəngi olan "Aeroflot"da həcminə görə dövlətdən sonra ikinci böyük aksiyalar paketinə malikdir. Bir qədər konkretləşdirək: "Aeroflot"un səhmlərinin 20 faizi Aleksandr Lebedevin sahibi olduğu şirkətə məxsusdur.
Onun Berezovskiyə münasibəti də diqqəti cəlb edir. Məsələn, o "The Times"a verdiyi müsahibədə deyib ki, keçmiş SSRİ-dən milyardlar oğurlamış fırıldaqçıların Londonda məskunlaşmasının qarşısının alınmasını istəyir: "Onlar bura gəlib deyirlər ki, guya öz ölkələrində müxalif baxışlarına görə təqib olunurlar".
Görünür, elə bu və başqa məqsədlərlə A.Lebedev "The Independent" qəzetini alır və qəzet vasitəsilə daşıyıcısı olduğu siyasi ideyaları Böyük Britaniya cəmiyyətinə sırıyır. Odur ki, "The Independent" qəzetində Azərbaycanın qaralanması heç də bəzi Azərbaycan mətbuatında iddia edildiyi kimi "Qərbin Azərbaycana münasibəti", "demokratik dünyanın baxışları", "Avropa ilə Azərbaycanın arasındakı ziddiyyətlərin təzahürü" və s. deyil. Bütün bunların hansı məqsədlərə xidmət edə biləcəyi haqda son dövrün hadisələri kontekstində xüsusi araşdırmalar aparmağa ehtiyac yoxdur.
Biz buna bir qədər sonra yenə qayıdacağıq. Hələliksə, Aleksandr Lebedevin Azərbaycan Prezidentini qaralamaqda xüsusi canfəşanlıq göstərən daha bir nəşrlə - "Deyli Meyill"ə də əlaqələrinə dair məlumatlara nəzər salaq. Məsələ ondadır ki, o, əvvəlcə "The Times" qəzetini almaq niyyətinə düşür. Ancaq "The Times" qəzetini almaqla Avropada mənsub olduğu qrupun siyasi təsirini artırmağa çalışan keçmiş KQB zabiti və indiki Duma üzvü Lebedev buna nail ola bilmir. Odur ki, "Deyli Meyil" & "General Trust" (DMGT) media holdinqi ilə BBC-nin məlumatına görə "gizli və dramatik" danışıqlardan sonra Lebedev çətin maliyyə vəziyyətində olan media holdinqin "Evening Standart" adlı qəzetinin səhmlərinin 75 faizini simvolik qiymətə - 1 funt sterlinqə alır və əvəzində holdinqə böyük sərmayələr yatıracağına söz verir. Qəzetin yerdə qalan 25 faiz səhmləri isə "Daily Mail" və "Mail on Sunday" və b. nəşrlərin də daxil olduğu Associated Newspapers nəşriyyat qrupuna məxsusdur. Və göründüyü kimi, rusiyalı milyarder Azərbaycan haqqında neqativ yazılarda xüsusi canfəşanlıq göstərən "Daily Mail" və "Mail on Sunday" nəşrlərinin daxil olduğu qrupla da birgə biznes əlaqələrinə malikdir və həm də nəşrlər qrupu Lebedevlə əlaqələrinə maliyyə böhranı dövründə özünün xilası kimi baxır. Məsələn, DMGT-nin direktorlar şurasının sədri lord Rottermir Lebedevlə birgə biznes barədə deyir: "Mən hesab edirəm ki, Aleksandr Lebedev mənim qəzet nəşri işinə sadiqliyimi bölüşür və "Evening Standart"a sərmayə yatırmaqda davam edəcək".
Əvvəl "The Times"ı almaq istəyinin baş tutmamasından sonra Associated Newspapers qrupuna daxil olan "Evening Standart"ı alması onu göstərir ki, Lebedev nəyin bahasına olursa-olsun, məhz KİV sahəsində mövqe qazanmağa çalışır. Bu isə qazanmaq kimi biznes məqsədlərindən deyil, siyasi məqsədlərdən xəbər verir. Onun bir deyil, iki qəzet alması da bu fikri bir daha təsdiqləyir. Ən azı ona görə ki, bu gün onun aldığı qəzetlər gəlir gətirmir.
Bəs Aleksandr Lebedevin, özü də rusiyalı milyarder, Rusiya Dövlət Dumasının üzvü, yalnız enerji deyil, həm də siyasi nəhənglər olan "Qazprom"un və "Aeroflot"un səhmdarı, Mixail Qorbaçovun yaxını olan keçmiş KQB zabiti Aleksandr Lebedevin sahibi və sıx biznes əlaqəsi olduğu nəşrlərin şəxsən Prezident İlham Əliyevi hədəfə alması təsadüf sayıla bilərmi? Yaxud bu Azərbaycanda insan haqlarının vəziyyətindən narahatlıq ifadəsi ola bilərmi? (Yuxarıda qeyd etdik ki, o, müxaliflərin Londonda sığınacaq almasının əleyhinədir - İ.M.) Bəlkə onu dostu Mixail Qorbaçovla birlikdə Azərbaycan xalqının xoşbəxt gələcəyi narahat edir? Təbii ki, yox! Biz bu bataqlıqda bir dəfə olmuşuq.
İlk ağıla gələn versiya isə Rusiyadakı bəzi dairələrin Azərbaycan Prezidentinə təzyiq göstərməsi versiyasıdır. Bu təzyiqin Rusiya qəzetlərində deyil, məhz Britaniya qəzeti vasitəsilə həyata keçirilməsinin isə uzağa gedən məqsədləri var. Əvvəla, Britaniya qəzetlərinin təsir imkanları daha böyükdür. Başqa tərəfdən, bununla sözügedən dairələr Avropa ictimaiyyətini də öz təzyiqinin rıçaqlarından birinə çevirməyə cəhd edirlər. Ona görə ki, Avropa Azərbaycanın strateji inteqrasiya siyasətinin istiqamətidir. Buradan ikinci versiya doğur. Deməli, məqsəd Avropada Azərbaycan Prezidentinə münasibətdə mənfi rəy formalaşdırıb Azərbaycanın Avropaya yolunu bağlamaqdır. Buna nail olunarsa, Azərbaycanın balanslaşdırılmış xarici siyasət yürütməsi üçün məkan xeyli daralmış olacaq. Avropaya yolu bağlandığı təqdirdə isə Azərbaycanın Şimaldan təzyiqlər qarşısında müqaviməti zəifləyə bilər.
Bir məsələni də diqqətdən kənarda qoymaq mümkünsüzdür. Bu elə bu günlərdə Milli Məclisdə TANAP-la bağlı sazişin ratifikasiya edilməsi və Prezident İlham Əliyevin onu təsdiqləməsidir. A.Lebedevin səhmdarı olduğu "Qazprom" isə bu ilin dekabrında "Cənub axını" qaz kəmərinin tikintisinə başlamağı planlaşdırır.
Çox mühüm versiyalardan biri isə Aleksandr Lebedevin Mixail Qorbaçov, sonuncunun isə ermənilərlə sıx əlaqədə olmasıdır. Hətta Azərbaycanın qatı əleyhdarı, Dağlıq Qarabağ separatçılarının dəstəkçisi olmuş, yaşlı nəslin yaxşı tanıdığı Georgi Şaxnazarov həyatının sonunadək Qorbaçov Fondunun direktoru olmuşdu. Aleksandr Lebedev isə Qorbaçov Fondu ilə birlikdə 2006-cı ildə Londonda Raisa Qorbaçova adına Beynəlxalq Fondu təsis edib. Odur ki, Azərbaycan Prezidentinin hədəfə alınmasının arxasında Azərbaycana düşmən olan qüvvələrin durması şübhə doğurmur!
Bu açıq-aydın siyasi və biznes məqsədləri ilə Azərbaycan Prezidentinə təzyiq göstərilməsidir!!! Özü də bu təzyiq Britaniyadan deyil, Rusiyadakı antiazərbaycan dairələrdən yönəldilir. Sadəcə, Londondan bəyan edilir. Dünyanın indiki siyasi vəziyyətində isə coğrafiya əsl məskunlaşma ünvanını ifadə etmir. Başqa sözlə, bu məsələdə nominal ünvanla real ünvan nəinki fərqlidir, hətta bir-birinə tərsmütənasibdir. Ona görə tərsmütənasib ki, Britaniya qəzetinin rusiyalı milyarder və keçmiş KQB zabitinin maraqlarını ifadə edən siyasi yazılar dərc etməsi Britaniyanın da maraqlarına ziddir. Buna Azərbaycan folklorunda "ilanı seyid Əhməd əli ilə tutmaq" da deyirlər.
Elə buna görədir ki, Qərbdə yazılıbsa "demokratiya çağırışıdır!", ingiliscə yazılıbsa "həqiqətdir!" yanaşması yumşaq desək, doğru deyil. Biz kiçik və yeni müstəqil dövlət olduğumuz üçün "ağacın arxasında meşəni görməyi" öyrənməliyik. Bizim zəmanəmizdə və elə bütün dövrlərdə nəyin deyilməsi ilə yanaşı, kimin və nə üçün deməsi, eyni zamanda hansı kontekstdə deməsi də vacibdir.