"The Washington Times”-ın yazarı “Azadlıq Radiosu"nu tənqid etdi

MARAQLI
08:36 30.04.2011
1831
ABŞ-ın maliyyələşdirdiyi, soyuq müharibə illərində dostlarımızın dəstəklənməsi və düşmənlərimizin mövqelərinin sarsıdılması üçün azad dünyadan informasiya yaymaqla məşhur olan media-qurumun - “Azadlıq Radiosu/Azad Avropa”nın (RFE/RL) müttəfiqlərimizə qarşı hücuma keçməsində qəribə və hətta narahatlıq doğuran nə isə bir şey var. “Azadlıq Radiosu/Azad Avropa” dəfələrlə bəyan edib ki, Azərbaycanda İranın dəstəklədiyi radikalizmin yayılması riski yoxdur və dövlət məktəblərinə hicabda gəlməyə qadağa qoyulmasına, hakimiyyəti İran mollaları üçün bir növ peyk-dövlət variantının xeyrinə devirmək ideyasını qızışdıran radikal din xadimlərin həbsinə görə, hökuməti insan hüquqlarını pozmaqda təqsirləndirir. Əsasən şiə müsəlman dövləti olan, böyük enerji ehtiyatlarına malik, Qafqazda və Avrasiyada mühüm oyunçu sayılan dünyəvi bir dövlət kimi Azərbaycanın o ölkələrlə dünyəvi alyansları vardır ki, həmin ölkələr terrorçulara hər şeydən çox nifrət edir.  

Xəzər dənizi sahilində yerləşən Azərbaycan Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə və İranla həmsərhəddir. Əslində isə o, həm Rusiya, həm də İranla ümumi sərhədi olan yeganə ölkədir. O, qədim torpaqdır və Birinci Dünya müharibəsinin başa çatması və sovet dövlətinin yaranması arasında bir neçə il müstəqillik dövrü (bu, müsəlman dünyasında ilk parlament demokratiyası idi) istisna edilməklə, SSRİ respublikası olub. Sovet İttifaqı dağıldıqdan sonrakı illərdə qətiyyətli praqmatik və Qərb yönümlü xarici siyasət işləyib hazırlamaqla yanaşı, qonşuluğunda gizlənmiş təhlükələri də unutmayıb: o, 20 ildən artıqdır ki, ərazi ələ keçirmək üçün Azərbaycana təcavüz etmiş Ermənistanla dondurulmuş münaqişəyə cəlb olunub. O, Gürcüstana yaxın qonşusu kimi, həm də özü və Rusiya arasında bir növ bufer kimi baxır. Eyni zamanda, bəziləri ondan İranın müttəfiqi olmasını gözləyirlər, çünki hər ikisi şiə müsəlman ölkəsidir. Azərbaycan dövlət hakimiyyəti ilə dinin ayrı olmasının zəruriliyinə qəti əmin olan dünyəvi bir dövlətdir. Taleyin hökmü ilə Azərbaycanın regional Nemezidası – Ermənistan İranla son dərəcə rahat münasibətlər qurub. O cümlədən hazırda tamamilə açıq-aşkar silah təchizatı məsələsi diqqəti cəlb edir. Bu, nəinki ABŞ-ın ciddi narahatlığına səbəb olub, həm də İraqda amerikalıların öldürülməsinə gətirib çıxarıb. Azərbaycanın neft və qazla zəngin bir dövlət olmasını qeyd etmək də yerinə düşər. O, özünün boru kəmərləri ilə Türkiyə, İsrail və Avropanın enerjiyə ehtiyaclarını təmin etmək üçün mühüm mənbədir və bundan sonra da olacaqdır.

Bu regionda nə vaxtsa terrorizmə ehtiyatla yanaşan bir ölkə olubsa, o da Azərbaycandır. Bu ölkə mədəniyyət baxımından İrana çox yaxındır, eyni zamanda, temperamentə, tələblərə və təməlçi dini baxışlara sadiqliyə görə ondan çox uzaqdır. “Azadlıq Radiosu/Azad Avropa” islam fundamentalizmini yayan məscidləri bağladığına, dövlət məktəblərində hicabı qadağan etdiyinə, radikal əhval-ruhiyyəli din xadimlərinin həbs edilməsinə görə, qızğın surətdə və amansızcasına Azərbaycana hücum edir. Ola bilsin, onu da qeyd etmək lazımdır ki, məktəblərə hicabda gəlməyin qadağan edilməsi dini mülahizələrə deyil, daha çox sosial-iqtisadi xarakterli səbəblərə söykənirdi. Ola bilsin, o, müsəlman əhalisinin payı böyük olan bəzi Avropa ölkələri ilə müqayisədə bir qədər uzağa gedib. Lakin Azərbaycanda terrorizmin inkişafını bələkdəcə boğmağa qadir “başqa” əhali əksəriyyəti yoxdur. Digər tərəfdən, onun radikal çevriliş təhlükəsini, xüsusən, qadınlar üçün olan təhlükəni tam dərk edən əhalisi var. Artıq Pakistan və Əfqanıstanda müşahidə etdiyimiz kimi, müəyyən möhkəm mövqeyə nail olmuş, hansısa əməliyyat meydanına malik ölkə üçün cavab zərbəsi endirmək daha çətindir.

Azərbaycanda dini özünüeyniləşdirmənin artması, ola bilsin, onilliklər boyu hakim mövqedə olmuş sovet ideologiyasından sonra yenidən öz köklərinin axtarışında olan postsovet cəmiyyətində təbii prosesdir. Dünyəvi cəmiyyətdə hansısa baş örtüklərinin və başqa dini rəmzlərin münasibliyi ilə bağlı canlı müzakirələr olmalıdır. Lakin Pakistandan, ərəb ölkələrindən və hətta Türkiyədən fərqli olaraq, bu müzakirələrin radikallaşmasına xarici qüvvələr, məhz İran kömək edir. Azərbaycanda radikal qüvvələrin cihada çağırması və müxtəlif etirazlar, o cümlədən hicab məsələsi ilə bağlı məktəblərə fiziki hücumlar, bütün bunlar İranın ixracıdır. Onların ayatollaları iğtişaşları qızışdırmaq və Azərbaycanın hakimiyyət orqanlarını “islamafobiya”da təqsirləndirmək üçün Azərbaycandakı translyasiyalarından istifadə edirlər. Burada məsələ Azərbaycanın kifayət qədər yaxşı tanıdığı din azadlığında deyil, Azərbaycan cəmiyyətinə öz inkişafı ilə bağlı məsələlərlə İranın radikal və hətta zorakılıqla müdaxiləsinə yol verilmədən məşğul olmaq imkanının verilib-verilməyəcəyindədir. İranın məqsədi Azərbaycanda sosial məsələlərə dair diskussiyanı “Dövlət dünyəvi, yoxsa dini olmalıdır” sualının müzakirəsinə yönəltməkdir. Burada Amerikanın maraqları tamamilə aydındır, onun hansı tərəfi seçəcəyinin tamamilə aydın olduğu kimi.
Azərbaycan qonşularına münasibətində, biz ümumən onun mövcudluğunu bildiyimizdən xeyli əvvəl həssas idi. O, İrana qarşı müntəzəm surətdə güc mövqeyindən çıxış edə bilməz. Çünki İran böyük ölkədir və həm də həddən ziyadə irrasionaldır. Özü də demək olmaz ki, ətrafındakıların zərərinə əzələ nümayiş etdirməyə hazır deyil. Terrorçu ideologiyanın gələcəkdə yayılması imkanlarını saxlamaqla regionda gərginliyin artırılması Azərbaycanın, nə də bizim maraqlarımıza xidmət edəcək. Qeyd etmək lazımdır ki, Azərbaycan İrana faktiki olaraq deyib ki, istər baş geyimləri, istərsə də bir çox digər məsələlərlə əlaqədar öz işləri ilə məşğul olsun.

ABŞ-ın xarici siyasəti yeganə fövqəldövlət rolunu yerinə yetirmək işinə gəldikdə, mütləq çəkic və zindan arasında qalır. Biz insan azadlıq və hüquqlarını səmimi müdafiə edirik. Lakin hər hansı bir ölkənin insana dəstək məqsədilə onun hüquq və azadlıqlarının müdafiə edilməsinə təhlükəsiz və əmin-amanlıq şəraitində nail olacağını güman etmək qeyri-real olardı. Bazarı terrorizm təhlükəsi altında qoyan hər şeyin bizim bütün bəşəriyyət üçün azadlıq siyasətimizə qarşı olmasını bəyan etmək, eyni zamanda, sadəlövhlük və qəbuledilməzdir. Doğrudanmı biz həqiqətən daha bir ölkəyə dəyərlərimizə və məqsədlərimizə uyğun surətdə çiçəklənməyə necə nail olmasını göstərməliyik. Demokratiya seçkilərdən savayı, daha çox şey tələb edir, o, xalqın dəyərlərini və tarixini əks etdirən mədəniyyət üzərində qurulmalıdır.

Əlbəttə, biz məsuliyyət daşıyırıq və vətəndaş azadlıqları uğrunda çalışmalıyıq. Əgər bunu etməsəydik, terrorizm və ekstremizmə məğlub ola bilərdik. Azərbaycanı tənqid etmək üçün səbəblər var. Lakin belə tənqidin təsirli olması üçün onları sadəcə “Azərbaycan hücumları” deyimindən daha yüksək ifadə kimi qəbul etmək lazımdır. Ekstremizmin gücləndirilməsi nə Amerikanın, nə də Azərbaycanın xeyrinədir. Azərbaycanın hər hansı nöqsanları olmasına baxmayaraq, tərəqqinin qarantı olan qərbyönümlü, dəqiq dünyəvi və praqmatik hökumət, fikrimizcə, İranla bağlı olan və yaxud zəifliyinə görə, digər dövlətlərin tam təsiri altına düşməsi ehtimal olunan alternativdən daha yaxşıdır.

OXŞAR XƏBƏRLƏR