Timsah 14 yaşlı məktəblini parçaladı

Timsah 14 yaşlı məktəblini parçaladı
DÜNYA
08:56 31.10.2026
246
Malayziyada timsah 14 yaşlı məktəbliyə hücum edərək onu suyun altına çəkib və parçalayıb.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, hadisə Saravak ştatında baş verib.

Məhəmməd Nordin Məhəmməd Osman adlı yeniyetmə çayda qayıqla palma yağı meyvələrinin daşınmasına kömək edərkən timsahın hücumuna məruz qalıb. Hadisə onun əmisinin gözü qarşısında baş verib. Timsah yeniyetməni suyun altına çəkərək gözdən itib.

Hadisədən sonra 40 nəfərin iştirakı ilə axtarış-xilasetmə əməliyyatına başlanılıb. Çay helikopterlə də yoxlanılsa da, yeniyetməni tapmaq mümkün olmayıb.

Növbəti gün axşam saatlarında Kampunq Tuba kəndinin sakini evə qayıdarkən ağzında yeniyetmənin qalıqları olan timsah görüb. Daha sonra həmin əraziyə qayıdan kişi yeniyetmənin bəzi bədən üzvləri olmayan meyitini aşkar edib. Mərhumun kimliyi babası tərəfindən müəyyənləşdirilib.

Qeyd edək ki, Saravak Borneo adasında yerləşən ştatdır. Bölgədə əvvəllər də timsahların insanlara hücum etməsi halları qeydə alınıb. 2025-ci ildə yerli hakimiyyət orqanları bu cür bir neçə hadisə barədə məlumat yayıb.

Saravakın çaylarında və sahilyanı ərazilərində yaşayan timsahlarla qarşılaşma riski yüksəkdir. Buna səbəb yerli sakinlərin çaylarda işləməsidir. Hakimiyyət orqanları təhlükəli fərdlərin tutulması məqsədilə vaxtaşırı əməliyyatlar keçirir.

Beynəlxalq Təbiəti Mühafizə İttifaqının məlumatına görə, duzlu su timsahlarının uzunluğu 6 metrdən çox ola bilər. Onlar ən aqressiv timsah növlərindən biri hesab olunur. Cənub-Şərqi Asiyada bu sürünənlərin insanlara hücum etməsi halları mütəmadi qeydə alınır.
OXŞAR XƏBƏRLƏR