Tofiq Bəhrəmov adına Respublika stadionu niyə bərbad gündədir? - Kimdir cavabdeh? - FOTOLAR

ÖZƏL
17:29 20.08.2021
1288
Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün yarasız vəziyyətdə olması ilə bağlı son  xeyli müzakirələr aparılır. 

Son olaraq UEFA Konfrans Liqasında baş tutan "Qarabağ” - "Aberdin” oyunu öncəsi stadionun bərbad vəziyyətdə olmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayımlanıb. 

Məlumata görə, oyun zamanı yararsız ot örtüyü səbəbindən futbolçular da çətinliklə üzləşiblər. Matçdan sonra da stadionun hazırki vəziyyəti xeyli narazılıqla qarşılanıb. 

Bəs bu qədər vəsaitin xərcləndiyi, diqqətin göstərildiyi stadion niyə futbolçuların qarşısına üzü ağ çıxa bilmir?

Apardığımız kiçik araşdırmadan sonra aydın olur ki, Tofiq Bəhrəmov adına Respublika Stadionu "Qarabağ” FK tərəfindən icarəyə götürülüb və stadionun bütün baxım xərcləri klub tərəfindən həyata keçirilir. 

AZXEBER.COM məsələ ilə bağlı "Qarabağ”ın mətbuatı katibi Gündüz Abbaszadə ilə əlaqə saxlayıb.

Gündüz Abbaszadə stationun ot örtüyünün pis vəziyyətdə olmasını təsdiqləyib:

"Biz bundan xəbərdarıq, həqiqətən də stadionun ot örtüyünün vəziyyəti yaxşı deyil. Bilirsiniz ki, statidonda əvvəlki illərdə də bu problem yaşanıb. Hətta bundan da pis vəziyyətdə olduğu vaxtlar da olub. Xatırlayıram, 2014-cü ildə "Neftçi” – "Partizan” oyununda stadion bundan da pis vəziyyətdə idi. Məsələ burasındadır ki, eyni mütəxəssislər "Azərsun Arena"ya da baxıblar. Mən azarkeşləri, oxucuları çağırıram ki, heç olmasa 5 dəqiqə vaxtlarını ayırıb  televiziyadan olsa da belə, "Qarabağ”ın oradakı oyununa baxsınlar və oradakı ot örtüyünü də görsünlər. Necə olur ki, mütəxəssislər və ya azarkeşlər hər ikisini görmürlər? Görünən odur ki, bu, təkcə mütəxəssislərin gördüyü işlə bağlı deyil. Meydançanın yerləşmə yeri buna təsir edir. İllərdir ki, Tofiq Bəhramov adına stadionunda eyni problem yaşanır. Burada həm də stadionun yüklənməsi də nəzər alınmalıdır. Artıq bir neçə oyundur ki, ard-arda orada keçirilir, eləcə də rəqib komandanın məşqləri və s. bu yüklənməyə təsir edir”. 

Gündüz Abbaszadə onu da qeyd edib ki, növbəti oyunlaradək stadionun vəziyyətdi yaxşılaşdırılacaq:

"Bununla bağlı işlər görülür. "Qarabağ”ın növbəti oyunu qrupda olacağı təqdirdə artıq Milli komandanın oyunları ilə bağlı böyük fasilə olacaq. Yəni kifayət qədər vaxtımız olacaq ki, ot örtüyü ideal vəziyyətə gətirilsin. Mən söz verə bilərəm ki, artıq növbəti oyunlara ot örtüyü ideal olmasa da ideala yaxın vəziyyətdə olacaq”.

Biz də ümid edirik ki, əfsanəvi hakim Tofiq Bəhramovun adını daşıyan bu stadion yaxın vaxtlarda qonaqların qarşısına çıxacaq vəziyyətə gətiriləcək.

Qeyd edək ki, 16 avqust 2012-ci ildə Tofiq Bəhramov adına Respublika Stadionu əsaslı təmir və yenidənqurmadan sonra açılmışdı. Stadionun ərazisi əsaslı təmir və yenidənqurma işləri Koreya Respublikasının bir şirkəti tərəfindən həyata keçirilmişdi. Stadionun ot örtüyünün yenidən qurulması Niderlanddan gətirilmiş xüsusi toxum vasitəsilə həyata keçirilib.
 
Aydın Nuri
 

 


 

 

 

 


OXŞAR XƏBƏRLƏR