Xərçənglə mübarizə aparan əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) səhhəti pisləşib.
Aktrisa Teleqraf.com-a açıqlamasında yataqda olduğunu deyib: "Səhhətim yenidən ağırlaşdı və bir neçə gün xəstəxanada yatdım. Ağ ciyərimə və ayağıma su yığılmışdı. Həkimlərin səyi ilə su çəkildi. 10 gündür ki, evdəyəm. Evdə sistem qoşulur, gəzə bilmirəm, yataqdayam. İynənin üçüncü dozası vurulmadı, toparlanmaq üçün bir az vaxt lazımdır".
Maddi köməyə ehtiyacı olan əməkdar artist iş adamlarından dəstək istəyib: "TikTok"dan 16 min manat pul yığmışdım. 10 min manat isə "Rufo Gəncinski” ləqəbli "qanuni oğru” Ülfət Tağıyev göndərdi. Amma iynə, sistemlər həddindən artıq pul tələb edir. Bildiyiniz kimi səsimə görə də işləmirəm. Maddi köməyə çox böyük ehtiyacım var. Allah rizası üçün imkanlı şəxslərdən yardım istəyirəm.
Xəstəxanaya pul lazım deyil, Milli Onkologiya Mərkəzi müalicəmi təmənnasız edir, amma evdə aldığım iynə-dərman üçün köməyə ehtiyacım var".