Azərbaycan təəssüflər olsun ki, humanitar fəlakətlə üzləşib.
AZXEBER.COMxəbər verir ki, bunu ölkə Prezidentiİlham ƏliyevIII Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı dilə gətirib.
Onun sözlərinə görə, uzun illərdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əzəli torpaqları - Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 bölgə erməni işğalçı qüvvələrinin işğalı altındadır.
“Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə salınıb.
Torpaqlarımızın 20 faizi işğal altındadır və işğal edilmiş ərazilərdə bizim bütün mədəni sərvətimiz, tarixi-dini abidələrimiz dağıdılıb”- deyən ölkə Prezidenti bildirib ki, iki dəfə beynəlxalq təşkilatlar-xüsusilə, ATƏT işğal edilmiş bölgələrə faktaraşdırıcı missiyalar göndərib və onların məruzələrində açıq-aydın göstərilib ki, hər şey dağıdılıb.
İ.Əliyevin qeyd etdiyinə görə, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz real mövqeyini sənədlərdə əks etdiriblər.
“BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılmasını tələb edir. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlar oxşar qərar və qətnamələr qəbul ediblər.
Ancaq əfsuslar olsun ki, bu qərarlar, qətnamələr icra edilmir və burada biz beynəlxalq təşkilatların səmərəliliyindən söhbət açmalıyıq. Çünki onların qəbul etdiyi qərarlar kağızda qalır, icra olunmur. Bu, əlbəttə, dözülməz bir faktdır.
Bəzi hallarda beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr saatlar içərisində icra edilir, bizə gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır”.
İ.Əliyev eyni zamanda vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar aparılır və Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa edilməli, bir milyondan artıq qaçqın-köçkün öz doğma torpaqlarına qayıtmalıdır.
“Bu, onların fundamental hüquqlarıdır. Bu münaqişə eyni zamanda, insan haqlarının kobudcasına pozulması deməkdir. 1 milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağına qayıda bilmir.
Bu, böyük humanitar fəlakət əlbəttə ki, ölkəmizin ümumi inkişafına çox böyük zərbə vurub.
Bugünkü Azərbaycanın inkişafı daha da çox diqqət cəlb edir, çünki bu inkişafı işğal edilmiş vəziyyətdə əldə edə bilmişik” - deyə, ölkə Prezidenti çıxışında sözlərinə əlavə edib.