Toy və yas mərasimlərimiz insanları müflis edir

MARAQLI
10:15 23.07.2011
2039

Bu kimin adətidir?

Bu israfçılıq yas mərasimlərində daha yüksək səviyyədədir. Evində yas düşən birinin ilk ağlına gələn qonaqları necə qarşılayıb yola salmaq olur. Ölü qalır bir tərəfdə bütün qohum əqrəbə bir yerə toplanır ki, “sabah təqribən nə qədər qonaq gələ bilər, bunun üçün nə qədər ət, düyü, soğan, yağ, meyvə, konfet, su və bu kimi ərzaqları almaq lazımdır” onu düşünürlər. Üstəlik bizim saydıqlarımız ən sadələri idi. Hələ mən müxtəlif növ yerli və xarici meyvələrdən, ləbləbi, çeşid-çeşid sulardan danışmıram. Belə ki, insanlar sanki rəqabət aparırlar ki, kimin verdiyi ehsanda süfrə daha zəngin görünəcək. Axı bunun kimə nə xeyri var ki? Əslində verilən ehsanın mahiyyəti ac insanların həmin təamlardan dadıb ölənin ruhuna dua oxuması üçündür. Amma gəlin görək həmin məclislərdə heç bu yada düşürmü? Ölü sahibi məclisi sadəcə dost-tanışlarına göstərmək üçün təşkil edir. O düşünür ki, mən nəyisə başqalarından az versəm insanlar deyər “imkanı çatmadı” ona görə də, gərək heç kimdən geri qalmayım. Hətta bir çoxları maddi imkanı zəngin süfrə açmağa imkan verməsə belə yaxın qohumlarından, tanışlarından borc alır ki, təki süfrədə hər şey olsun, hamı desin “əhsən filankəsə, gör necə ehsan verdi”. Sonra da düzülən naz-nemətin heç yarısı da yeyilmir və zibil qabına gedir. Üç, yeddi, cümə günləri və nəhayət qırxına qədər bir neçə dəfə eyni hal təkrarlanır. Həmin ailə bir il özünə gələ bilmir, qazancının hamısını borca verir. Hələ borc qurtarmamış bir də baxır ki, il gəlib çatıb, yenə də düşür tanışların qapısına borc toplamağa. Eyni üsulla ili də yola salır. Beləliklə, bir neçə il ölü sahibi borc qaytarmaqla məşğul olur. Axı belə adət kimə lazımdır. Bu adət hansı xalqda var ki, biz onlardan götürmüşük?

Toylarımız yaslardan heç fərqlənmir

Toy artıq ailələrin böyük sevinclə yox, böyük narahatlıqla keçirdikləri gün olur. Çünki bir çox insanın toydan sonra illərlə borc qaytaması hətta buna görə həbsə düşməsi halları hamıya məlumdur. Ona görə ki, bizim insanımız düşünür ki, bu mənim oğlumun, qızımın ən xoş günüdür, ömürdə bir dəfə yaşanan bir haldır və hər şeyin ən yaxşısı olmalıdır. Bu yaxşı düşüncədir, amma ataların da yaxşı bir sözü var ki, “ayağını yorğanına görə uzat”. Amma biz nə düşünürük? “Filan restoran ucuzdur, orada olmaz axı, camaat nə deyər” heç o mənim adıma da yaraşmaz. Bu fikir sahibləri M.F.Axundovun “Hacı Qara” əsərindəki Heydər bəy surətinə bənzəyirlər. O da, “mənim bir adım, sanım var” deyib, ona uyğun da toy etmək üçün hətta quldurluq belə edir. Əslində göründüyü kimi əsrlər belə keçsə təəssüf ki, xalqımızda düşüncə hələ də dəyişməyib. İndi də quldurluq etmirlər (bəlkə də, edirlər sadəcə belə halla hələ ki rastlaşmamışam deyə yaza bilmərəm), yüz adama ağız açıb borc alırlar ki, təki heç kimdən geri qalmayım.

Süfrədə min cür nemət olur, amma hamı toydan ac gəlir. Yəqin bu hal sizin də başınıza gəlib. 20-25 cür yeməklər, salatlar, təamlar olsa da, insanlar bəzən keyfiyyətinə inanmadıqlarına, görünüşü heç də xoş fikir yaratmadığına görə nəsə yeməkdən çəkinirlər, nəticədə, 100-200 manat saldıqları toydan ac gəlirlər. Bu zaman belə bir sual yaranır: Axı bu ziyafət qonaqlar üçün nəzərdə tutulubsa, onlar da heç nə yeməyirlərsə, bu təmtəraqlı toy kim üçündür?

Bütün bu anormallıqların əvəzində

...həm yaslara, həm də toylara sərf olunan pulla hansısa bir uşaq evinin bir aylıq qida ehtiyacını təmin etmək və ya onlar üçün bir kitabxana təşkil etmək, qohum tanışlardansa, küçədə yaşayan uşaqları yedirtmək daha yaxşı olardı. Bundan başqa necə ki, əvvəllər toyları da, yasları da həyətlərində təşkil edərdilər. Belə toylarda da həm israfçılığın qarşısı alınar, həm də insanlar razı gedərdilər. Təəssüf ki, bu gün nə paytaxtda, nə də bölgələrdə kimsə həyətində toy etməyi özünə yaraşdırmır. Düzdür bu gün hamının da həyət evi yoxdur ki, orada toy etsin, ona görə də hamıdan bunu tələb etmək yersiz olardı. Amma çarələr tükənməz deyil. Yəni siz yenə də toyu restoranda edin, amma formanı dəyişin, qonaqlar istədikləri qidanı seçib onu sifariş etsinlər. Bu zaman nə israfçılıq olar, nə iflas.

İsrafçılığın qarşısının alınması ilə bağlı bir çox ziyalılar müxtəlif təkliflər veriblər. Amma hansısa qanun bu problemi həll edə bilməz. Bunun üçün insanlar arasında maarifləndirmə işləri aparılmalıdır ki, onlar da problemin əhəmiyyətini dərk etsinlər. Mütəmadi olaraq KİV-lər, xüsusən də televiziyalar bu məsələyə toxunmalıdırlar, din xadimləri yas mərasimlərinin, mədəniyyət xadimləri, folklorşünaslar da toyların təşkili ilə bağlı çıxışlar etməlidirlər ki, insanlar bu işin mahiyyətini anlasınlar. Cəmiyyətimiz artıq camaat üçün yox, özləri üçün yaşamağı öyrənməlidir.

“Olaylar”

OXŞAR XƏBƏRLƏR