Toya və yasa görə məzuniyyət necə hesablanır? - Həmin günlərdə maaş verilmir

Toya və yasa görə məzuniyyət necə hesablanır? - Həmin günlərdə maaş verilmir
SOSİAL
23:47 16.05.2026
748
İş münasibətlərində işçinin ailə həyatı və sosial səbəblərlə işdən müvəqqəti ayrılması tez-tez gündəmə gələn məsələlərdəndir. Xüsusilə toy və yas mərasimləri ilə bağlı verilən məzuniyyətlərin hansı qaydada tənzimləndiyi və bu günlərin ödənişli olub-olmaması işçiləri maraqlandırır. Bəs bu hallarda məzuniyyət necə rəsmiləşdirilir və əməkhaqqına təsir edirmi?

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı Hüquqşünas Fərhad Mehdiyev Demokrat.az-a bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 130-cu maddəsinin "i” bəndinə əsasən, işçilərə ailə, məişət və digər sosial məsələlərin həlli məqsədilə 7 təqvim gününədək ödənişsiz məzuniyyət verilə bilər:

"Bu məzuniyyət işçinin şəxsi və ailə vəziyyəti ilə bağlı yaranan halların həlli üçün nəzərdə tutulur. Buraya ailə üzvünün xəstələnməsi, yas mərasimi, köçmə, sənədləşmə və digər sosial xarakterli məsələlər aid edilə bilər.

Məzuniyyət müddətində işçiyə əməkhaqqı ödənilmir. Lakin həmin müddətdə işçinin iş yeri və əmək münasibətləri qorunub saxlanılır. Bu hüquq işçinin yazılı müraciəti əsasında həyata keçirilir. İşçi işəgötürənə ərizə təqdim etməlidir. İşəgötürən isə müraciəti dəyərləndirərək qərar verir.

Qanunda maksimum müddət 7 təqvim günü olaraq müəyyən edilib. Təqvim günlərinə istirahət və qeyri-iş günləri də daxildir. Bu norma əmək münasibətlərində sosial təminat xarakteri daşıyır. Məqsəd işçinin şəxsi problemlərini hüquqi çərçivədə həll etməsinə şərait yaratmaqdır.

İşəgötürən bu məsələyə obyektiv və qanunvericiliyin tələblərinə uyğun yanaşmalıdır. Bu maddə işçinin sosial hüquqlarının qorunmasına xidmət edən vacib hüquqi mexanizmlərdən biri hesab olunur",- deyə o bildirib.

Yəni, işçilər ailə və məişət qayğıları, köçmə, sənədləşmə və ya yas mərasimi kimi sosial məsələlərin həlli üçün il ərzində 7 təqvim gününədək ödənişsiz məzuniyyət götürə bilərlər. Hüquqşünasın izahına görə, bu hüquqdan istifadə etmək üçün işçi mütləq yazılı ərizə ilə müraciət etməli, işəgötürən isə bu müraciəti qanunvericilik çərçivəsində dəyərləndirməlidir. Həmin müddət ərzində işçinin əməkhaqqı kəsilsə də, iş yeri və vəzifəsi qorunub saxlanılır, beləliklə vətəndaş şəxsi problemlərini işini itirmə riski olmadan hüquqi qaydada həll edə bilir.
OXŞAR XƏBƏRLƏR