34 il sonra atasının şəhid olduğu yerdə… - Hacıbəy Heydərli yazır

34 il sonra atasının şəhid olduğu yerdə… - Hacıbəy Heydərli yazır
SOSİAL
04:00 13.09.2026
30

Hacıbəy Heydərli

"Bu gün Aynim atasının şəhid olduğu torpağa - 34 ildən sonra ilk dəfə qədəm qoydu”

Bu sözlər dəyərli sənətkarımız Aybəniz Haşımovaya aiddir. O, yeganə qızı Aynişan Quliyevanın ilk dəfə atasının şəhid olduğu torpaqlara ayaq basması ilə bağlı paylaşımında bu təsirli cümləni yazıb.

Düşünürəm ki, bu sözlər həm də qəhrəman Azərbaycan anasının bədii portretidir. 34 il ərzində yaşadığı ağrıları qürura çevirən, başını dik tutan Azərbaycan anasının. 

Şəhidin həyat yoldaşı kimi məsuliyyətli bir adı daşıyıb, təkbaşına bir qız övladı böyütmək, onu Vətənə, Dövlətə

sevgi ilə böyütmək Azərbaycan qadının nə

qədər məğrur, sədaqətli, qürurlu olmasının bariz sübutudur. 

Və bu gün həmin fədakar ananın böyütdüyü qız 34 ildən sonra atasının canından keçdiyi torpaqlara ayaq basdı. Özü də təsadüfi bir səfər çərçivəsində deyil. Xarici diplomatların işğaldan azad olunmuş ərazilərə səfəri çərçivəsində həmin torpaqlara dəvət olundu.

Aynişanın həmin səfərə dəvəti mənim üçün 1,4 milyon izləyicisi olan "influinser”in dəvətindən daha çox, 34 il sonra atasının şəhid olduğu torpağa qayıdan bir şəhid qızının dəvətidir. Mənim üçün bu dəvət Aybəniz Haşımovanın təkbaşına

böyütdüyü qızının "story”lərini qürurlu izləməsidir. 

Bu dəvət həm də qalib dövlətin öz şəhid övladına sahib çıxmasının, onu xarici diplomatların qarşısında ən yüksək səviyyədə təqdim etməsinin simvoludur. Şəhid qızının diplomatlar olan təyyarədə ən ön sırada əyləşməsi isə mənim üçüj həm də dünyaya ədalət dərsi idi…

Düşünün…

34 il əvvəl bir gənc ata torpağını qorumaq üçün cəbhəyə gedir. Geridə gənc həyat yoldaşını və hələ atasının yoxluğunu belə tam anlamayan balaca bir qızıcığazı qoyur. O qız atasını böyüdükcə şəkillərdən, xatirələrdən, anasının danışdıqlarından tanıyır.

Və illər sonra həmin qız atasının uğrunda can verdiyi torpağa qayıdır, özü də xarici diplomatlarla birgə...

Əminəm ki, bu mənzərənin özü də çox incə və təsirli diplomatik mesajıdır.

Uzun illər haqsızlığa və ədalətsizliyə göz yuman dünya diplomatiyası bu gün Azərbaycan şəhidlərinin, qazilərinin və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsində Azərbaycan torpaqlarında yeni reallığı görür. Onlara səssizlikləri nəticəsində viran qoyulmuş torpaqların necə çiçəkləndiyi göstərilir, ora qayıdan uşaqların gülüşləri, sevincləri nümayiş etdirilir. Azərbaycan xarici diplomatlara Şuşada yaşayan bir uşağın İndoneziya sevgisi qədər saf və sülhdolu bir həyat arzu edir. 

Eyni zamanda xarici diplomatlar sadəcə dağıdılmış şəhərləri, bərpa olunan kəndləri, yeni yolları görmür.

Onlara Azərbaycanın şanlı tarixi, ağrısı, mübarizəsi, 30 il ərzində yaşadıqları,

erməni vandalizmi də göstərilir. Bu illər ərzində nələrə səssiz qaldıqları faktlarla nümayiş etdirilir…

Şəhid qızının orada olması isə bu səfərin ən canlı və ən təsirli simvollarından biridir.

Çünki bəzən bir şəhid övladının atasının can verdiyi torpağa ayaq basması minlərlə diplomatik çıxışdan daha güclü mesaj verir.

Bəzən isə diplomatiyanın ən böyük qələbəsini uzun nitqlər deyil, bir foto, bir baxış, bir cümlə, bir gözyaşı ifadə edir.

Aynişanın atasının şəhid olduğu torpaqda dayanması da məhz belə bir andır.

Bəlkə də bu səfərin ən böyük diplomatik mesajı məhz budur.

34 il öncə Ağdərənin yeddi kəndinin azad olunmasında müstəsna xidmətləri olan, üç döyüş yoldaşını xilas edərkən mühasirədən qayıtdığı yolda Ağdərənin Manikli kəndində minaya düşərək qəhrəmancasına şəhid olan Şəhid Xalid Quliyevin ruhu bu gün şaddır, onun canından keçdiyi torpaqlar artıq azaddır, onun bizə əmanət etdiyi qızının arxasında isə qalib Azərbaycan dövləti var. 

OXŞAR XƏBƏRLƏR